Yanvarın 29-da Rusiya prezidenti Vladimir Putin Moskvada İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşməlidir. Tərəflərin Suriya münaqişəsini, İranın bu ölkədəki iştirakını müzakirə edəcəyi gözlənir.
Kremlin məlumatına görə, Putin-lə Netanyahu ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsini, israillilər və fələstinlilər arasında sülh prosesi də daxil olmaqla “beynəlxalq və regional məsələləri”, Suriyadakı durumu götür-qoy edəcəklər.
İSRAİL DAHA ÇOX İRANDAN NARAHATDIR
İsrailin baş naziri yanvarın 28-də bildirib ki, “müxtəlif regional prosesləri, Suriyada İsrail və Rusiya hərbi qüvvələri arasında təhlükəsizlik koordinasiyasının möhkəmləndirilməsini, İsrailin təhlükəsizliyindən ötrü vacib, çox vacib bir sıra məsələləri” müzakirə etməyi planlaşdırır.
*** Buna da bax: Trump fələstinliləri yenə də yardımı dayandırmaqla hədələyib
Putin-lə Netanyahu Moskvadakı Yəhudi Muzeyi və Dözümlülük Mərkəzində 1943-cü ildə Sobibor nasist ölüm düşərgəsində qiyama həsr olunmuş sərginin açılışına qatılacaq.
Moskva həm İsrail, həm də onun regiondakı rəqibləri olan Suriya və İranla yaxşı münasibətlər saxlayır.
Rusiya İranla birlikdə Suriyadakı münaqişədə prezident Bashar al-Assad hökumətini dəstəkləyir.
İsrail münaqişədə tərəflərdən heç birini dəstəkləmədiyini desə də, İsrail təyyarələri vaxtaşırı Suriya ərazisinə zərbələr endirir.
İsrail liderləri İrana Suriya ərazisində baza qurmasına, yaxud Livanın Hizballah qruplaşmasına yüksək keyfiyyətli silahlar göndərməsinə imkan verməyəcəklərini deyiblər.
“Haaretz” qəzetinin yazdığına görə, Netanyahu və Putin İsrailin İran qüvvələrinin müharibədən sonra Suriya ərazisində qalmasına icazə verəcək hər hansı razılaşmaya müxalif mövqeyini, eləcə də 2015-ci ildə İranla dünya güclərinin bağladığı nüvə sazişini də müzakirə edəcəklər.
*** Buna da bax: Mike Pence İran nüvə sazişini “fəlakət” adlandırıb
İSRAİL NƏYƏ QARŞIDIR
Avqustda Rusiya Soçi kurort şəhərində görüşdə Netanyahu Putin-ə demişdi ki, İsrail İranın Suriyada hərbi iştirakının əngəllənməsinə qarşı birtərəfli addımlara hazırdır.
İsrail İrana sanksiyaların yumşaldılması əvəzində İranın nüvə proqramının məhdudlaşdırılmasına qarşı çıxır.
ABŞ prezidenti Donald Trump bu ayın əvvəlində deyib ki, nüvə sazişində “fəlakətli qüsurlar”ın düzəldilməsindən ötrü Avropa müttəfiqləri və Konqreslə işləmək istəyir. O xəbərdarlıq edib ki, sazişin şərtləri dörd ayın içində möhkəmləndirilməsə, Vaşinqton sənəddən çıxacaq.
Tehran nüvə sazişinə hər hansı dəyişiklikləri rədd edir, sənədi imzalamış Britaniya, Fransa, Almaniya, Çin və Rusiya da onu dəstəkləyir.
Bu arada fələstinlilər ABŞ administrasiyadan gələcək hər hansı sülh planını rədd edəcəklərini deyiblər. Dekabrın əvvəlində Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.
*** Buna da bax: Pence: “ABŞ-ın Qüdsdə səfirliyi 2019-cu ilin sonunadək açılacaq”
Putin gələn ay Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas-ı da qəbul edəcək.
Netanyahu-nun səfəriylə eyni vaxtda Soçidə Suriya danışıqları başlamalıdır. Rusiyanın bu təşəbbüsünü Türkiyəylə İran dəstəkləyib, əksər Qərb ölkələri və BMT isə şübhəylə yanaşıb.