Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Mike Pence İran nüvə sazişini “fəlakət” adlandırıb


Vise-prezident Mike Pence yanvarın 22-də İsrail parlamentində çıxış edib
Vise-prezident Mike Pence yanvarın 22-də İsrail parlamentində çıxış edib

ABŞ vise-prezidenti Mike Pence İranla nüvə razılaşmasını “fəlakət” adlandırıb və deyib ki, Trump administrasiyası bu sazişin müddətini bundan sonra uzatmayacaq.

Əksinə, Pence-in dediyinə görə, administrasiya “İranın nüvə və ballistik raket proqramları üzərinə davamlı və səmərəli məhdudiyyətlər qoymaq əzmindədir”.

Bu ayın əvvəllərində prezident Trump keçmiş prezident Barack Obama tərəfindən imzalanmış tarixi sazişin “fəlakətli qüsurlarının” aradan qaldırılması üçün Avropa müttəfiqlərinə və ABŞ Konqresinə müraciət etmişdi.

Trump xəbərdarlıq etmişdi ki, onun dediyi “qüsurlar” nəzərə alınaraq sazişin şərtləri dörd ayın içində sərtləşdirilməzsə, ABŞ bu sazişdən çıxacaq.

Tehran nüvə sazişinə hər hansı düzəliş və əlavələrin edilməsi fikrini rədd edir, Britaniya, Almaniya, Çin və Rusiya isə bu sənədi olduğu kimi dəstəklədiklərini bildirirlər.

İsrail parlamentində çıxış edən Pence deyib ki, “İran sazişi fəlakətdir və Amerika bu qüsurlu razılaşmanı təsdiq etməyəcək”.

Pence çıxışında deyib: “Prezident Trump-ın dediyi kimi, bu sonuncu dəfədir. Prezident Trump deyib ki, İran nüvə sazişi sərtləşdirilməsə, Birləşmiş Ştatlar bu razılaşmadan dərhal çıxacaq”.

Tillersonun Avropa səfəri

Yanvarın 22-də Londonda Britaniyanın baş naziri Theresa May, milli təhlükəsizlik müşaviri Mark Sedwill və xarici işlər naziri Boris Johnson-la görüşündən sonra ABŞ dövlət katibi Tillerson deyib ki, tərəflər nüvə sazişindəki qüsurların aradan qaldırılması üçün işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Tillerson, belə görünür ki, İran sazişinin tərəfi olan 3 Avropa ölkəsini nəzərdə tutaraq deyib: “Zənnimcə E3 arasında belə bir ümumi baxış var ki, sazişdə və İranın davranışında baxılması zəruri olan sahələr var”.

Tillerson Tehranın, nüvə sazişinə daxil edilməyən ballistik raket proqramı ilə bağlı narahatlığını ifadə edib.

Dövlət katibi habelə deyib ki, ABŞ həm də nüvə sazişində İrana tədricən atom üzərində iş üçün icazə verən müddəadan narahatdır.

O deyib ki, sözü gedən işçi qrup artıq gələn həftədən sazişdəki qüsurların müzakirəsinə başlayacaq.

ABŞ dövlət katibi Rex Tillerson (sağda) və Britaniya xarici işlər naziri Boris Johnson
ABŞ dövlət katibi Rex Tillerson (sağda) və Britaniya xarici işlər naziri Boris Johnson

Boris Johnson bildirib ki, Britaniya “partnyorlarla kollektiv şəkildə narahatlıq doğuran fəaliyyəti məhdudlaşdırmaq məqsədilə imkanında nə varsa edəcək”.

Lakin Britaniya xarici işlər naziri xatırladıb ki, “görülən bütün işlər nüvə sazişi ilə parallel aparılmalıdır və bu iş sazişin təməl müddəalarını təhrif etməməlidir”.

Tillersonun xanım May-lə görüşündən əvvəl baş nazirin sözçüsü bildirmişdi ki, London dövlət katibinə Britaniyanın İranla nüvə sazişinə tamamilə sadiq qaldığını, eyni zamanda İranın regiondakı sabitsizləşdirici hərəkətlərinin qarşısının alınması üçün müttəfiqlərlə birgə işləməyə hazır olduğunu bildirəcək.

Tillerson yanvarın 23-də Parisə səfəri zamanı da ABŞ-ın eyni mesajını çatdıracağını bəyan edib.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian
Fransanın xarici işlər naziri Jean-Yves Le Drian

Avropa İttifaqı xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçirilən görüşündən əvvəl Fransa xarici işlər naziri Jean-Yves Le Drian deyib ki, “Trump-ın tələbləri bəzən ultimatuma bənzəyir”.

Le Drian bir daha vurğulayıb ki, Aİ nazirləri İran sazişinin saxlanması məsələsində “möhkəm dayanacaqlar”. Nazir bu sazişi nüvə silahının yayılmaması sahəsində qlobal cəhdlərin “zəruri elementi” adlandırıb.

Nazir bunu da bildirib ki, martın 5-də Tehrana səfər edəcək və orada Tehranın ballistik raket proqramı və nüvə razılaşması ilə bağlı müzakirələr aparacaq.

Le Drian “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, o, Tehran səfəri zamanı İranın Yaxın Şərqdə sabitsizləşdirici təsiri, habelə onun Livandakı Hizbullah təşkilatına və Yəmən hutilərinə yardımı məsələsini qaldıracaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG