Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 15:31

London məhkəməsi Beynəlxalq Bankı dəstəkləmədi


Azərbaycan Beynəlxalq Bankı

Londonda məhkəmə Azərbaycan Beynəlxalq Bankının borcunun restrukturizasiyası məsələsində banka qarşı qərar çıxarıb. “Reuters” agentliyi yazır ki, məhkəmənin Franklin Templeton Investment Management və Rusiya Sberbank-ının xeyrinə çıxardığı qərar restrukturizasiya prosesini yubada bilər.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq borcunun restrukturizasiyası planını təqdim edib və iyulda bildirib ki, sözügedən öhdəliklərin 93.9 faizinin kreditorları planı dəstəkləyiblər.

*** Buna da bax: Kreditorlar razılaşdı

MORATORİUMUN VAXTI UZADILMAYIB

ABB ötən ilin mayında London məhkəməsindən restrukturizasiya prosesiylə bağlı moratorium da əldə etmişdi. Azərbaycan qanunvericiliyinə uyğun olaraq tətbiq olunan prosedur yanvarın 30-da bitməliydi.

London Ali Ədalət Məhkəməsinin qərarıyla, moratorium kreditorların məhkəmənin icazəsi olmadan ABB-yə, yaxud onun mülkiyyətinə qarşı hər hansı hərəkət başlatmasını əngəlləyir.

ABB moratoriumun vaxtının yanvarın 30-dan sonraya uzadılması üçün müraciət etmişdi. Sberbank və Franklin Templeton Investment Management Limited (FTIML) isə moratoriumun uzadılmasına qarşı çıxırdı. “Reuters” məhkəmənin yanvarın 18-də çıxardığı qərarı gördüyünü yazır.

ABB-nin 2016-ci ildən Sberbank-a 20 milyon, Franklin Templeton-a 500 milyon borcu var, onu da gələn il ödəməlidir.

Onların heç biri borcun restrukturizasiyasına razılaşmayıb.

Hər iki şirkət bildirir ki, ABB ilə sazişləri İngiltərə qanunvericiliyi ilə tənzimlənir. Onlar 1890-cı ilə aid “Gibbs işi”ni misal çəkirlər, yəni başqa bir yurisdiksiyanın “yerli qanunu” İngiltərə qanunvericiliyinə uyğun imzalanmış sazişə tətbiq edilmir.

*** Buna da bax: Beynəlxalq Bank kiçilsə də...

ABB DEYİR, ONDAN PUL TƏLƏB EDƏ BİLMƏZLƏR

Məhkəmə hər iki şirkətin ABB prosesində Gibbs işini nəzərə almaqla bağlı mövqeyini dəstəkləyib.

Bu qərar İngiltərə Hüququ çərçivəsində iddiaların sabitliyinin təkmilləşdirilməsinə kömək edəcək və bazar oyunçularını öhdəliklərini vicdanla yerinə yetirməyə həvəsləndirəcək”, – Sberbank-dan “Reuters”ə bildiriblər. FTIML şərh verməyib.

ABB-dən isə “Reuters”ə yazılı açıqlamada bildiriblər ki, bu qərar Sberbank və FTIML-ə bankdan ödəniş tələb etmək hüququ vermir.

Məsələ Apellyasiya Məhkəməsinə, gərəkərsə, İngiltərə Ali Məhkəməsinə çıxarılacaq”, – ABB-dən bildiriblər.

*** Buna da bax: Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix açıqlandı

“Böyük Britaniyadakı hüquqi prosedur Azərbaycanda restrukturizasiya prosesinin uğurla tamamlanmasına əngəl törətməyəcək”, – ABB-dən bildirilib.

Ancaq agentlik Britaniyada bir vəkilə istinadla yazır ki, apellyasiya məhkəməsi qərar verməyincə restrukturizasiya tamamlana bilməz. Bu qərarın çıxarılması isə bir neçə ay çəkə bilər.

XATIRLATMA

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG