Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:24

Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası planını kreditorların qəbul etdiyi bildirilir. Qərarı kreditorların bu gün, iyulun 18-də elan etdiyi deyilir.

“Turan” Agentliyinin xəbərinə görə, bu haqda bankın mətbuat xidməti məlumat yayıb.

Məlumatda restrukturizasiya ( kreditin və ya onun qaytarılma şərtinin dəyişdirilməsi) olunan öhdəliklərin 94,1 faizinə malik kreditorların səsvermə prosesində iştirak etdiyi, onların 93,9 faizinin planı dəstəklədikləri bildirilir.

Milli qanunvericilik planın qəbulundan ötrü öhdəliklərin 2/3 hissəsinə sahib olan kreditorların razılığını tələb edirdi.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.

2 MİLYARD 340 MİLYON

“Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. dollar məbləğində xarici öhdəliyi ləğv ediləcək. Əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara bu il mayın 10-dan sentyabrın 1-nə kimi hesablanıb, lakin ödənilməmiş faizlər ödəniləcək ”, məlumatda deyilir.

Bu məsələn, imaliyyə naziri Samir Şərifov, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov da şərh ediblər.

" Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyinin dəstəklədiyi bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır", nazir deyib.

Buna da bax: Bank sektorunu milyardlar xilas edəcəkmi?

R.Aslanlı isə bildirib ki, bu qərar Azərbaycanın bank-maliyyə sektorunun inkişafı baxımından çox mühüm addımdır. Palata sədri Beynəlxalq Bankın ölkənin maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib.

ABB-nin sədri Xalid Əhədov isə könüllü restrukturizasiya qərarının bankın sağlamlaşdırılması prosesində qanunauyğun addım olduğunu ifadə edib.

“Biz bununla bankın maliyyə sağlamlaşdırmasının önəmli bir hissəsini başa çatdırdıq. Səsvermənin nəticələri göstərir ki, kreditorlarımız da bu addımı dəstəklədilər. Restrukturizasiya prosesinin başa çatdırılması bankın kapital mövqeyini gücləndirəcək və onun yeni inkişaf hədəflərinə fokuslanmasına imkan verəcək”, o, əlavə edib.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bir müddət öncə 3,3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürülür.

ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsait xərclədiyi bildirilir.

Mayın 23-də xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə ilkgörüşü keçirilmişdi. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunmuşdu. Planda üç həll variantı təklif edilirdi.

Birinci varianta əsasən, əsas 2,38 milyard dollarlıq borc 20 faiz güzəştlə 12 illik dövlət istiqrazları ilə əvəzlənməlidir. İstiqrazların gəlirliliyi illik 5,125 faiz təşkil etməlidir.

İkinci varianta görə, borc illik gəlirliliyi 3,5 faiz olan 15 illik istiqrazlarla əvəzlənir.

Üçüncü variant isə borcun gəlirliliyi 3,5 faiz olan 7 illik istiqrazlar ilə əvəzlənməsini nəzərdə tutur.

ABB-nin kreditorları təklif edilən plandan narazı qalmışdılar. Daha sonra plana əsas məsələlər saxlanmaqla bəzi dəyişikliklər edilmişdi. Variantlardan konkret hansının qəbul edildiyi açıqlanmır.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG