Kiyev Milli Polis İdarəsi bildirir ki, vəkil Iryna Nozdrovska çoxsaylı bıçaq zərbələrindən həlak olub. Bəyanat yanvarın 3-də yayılıb. Bundan iki gün öncə vəkili meyiti Kiyevin Vışqorod rayonunda çayda aşkarlanmışdı.
“Onun bədənində, boynunda və çənəsində bıçaq yaraları olub… Bu, zorakı bir qətldir”, – polisin mətbuat xidmətindən Nikolai Zhukovich deyib.
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin yanvarın 2-də vəkilin öldürülməsini “dövlətə meydan oxumaq” adlandırıb.
Hazırda bu ölüm işi üzrə istintaq aparılır.
38 yaşlı Nozdrovska dekabrın 29-da itkin düşüb. Bundan öncə o, bacısının ölümünə bais olmaqda təqsirləndirilən şəxsin azadlığa buraxılmaması işində yardım göstərib.
Bu iş Ukraynada səs-küy yaratmışdı, ölkənin məhkəmə sisteminin hakimiyyətdəkilərlə əlaqələri olan şəxslərin ədalətli mühakimə etmək bacarığının sınağı sayılırdı.