Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:48

ABŞ İrana qarşı yeni sanksiyalara baxıldığını deyir


İranda hökumətyönlü nümayiş, 3 yanvar, 2018-ci il
İranda hökumətyönlü nümayiş, 3 yanvar, 2018-ci il

ABŞ administrasiyasının vəzifəli rəsmisi deyib ki, Birləşmiş Ştatlar İranda antihökumət etirazları üzərinə hücumlarla bağlı Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirir. Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda indiyədək azı 22 nəfər həlak olub.

AFP agentliyi yanvarın 3-də adı çəkilməyən vəzifəli ABŞ administrasiyası rəsmisinə istinadən bildirir ki, hazırda mümkün sanskiyaların variantları müzakirə olunur.

AFP-nin məlumatına görə həmin rəsmi deyib: “Bu məsələ informasiya tələb edir. Əslində bu barədə informasiya çoxdur. Biz bu informasiyanı toplayırıq və nə edə biləcəyimizə baxacağıq”.

Rəsmi bildirib ki, Birləşmiş Ştatlar “nümayişlərə hücumların kim tərəfindən edildiyinə, insan haqlarını kimin pozduğuna və etirazçılara qarşı zorakılıqları kimin törətdiyinə dair ixtiyarında olan bütün vasitələrlə lazımi informasiyaları toplayacaq və bunlardan sanksiyaların formalaşdırılmasında istifadə ediləcək”.

***

Trump İran etirazçılarına dəstək vəd edir

ABŞ prezidenti Donald Trump yanvarın 3-də yazdığı tvitdə bildirir ki, o, “öz korrupsiyalı hökumətinə” qarşı mübarizə aparan İran xalqına hörmət bəsləyir.

Trump yazıb: “Siz lazımi vaxtında Birləşmiş Ştatlardan böyük dəstək görəcəksiniz!”

Bu arada Ağ Ev BMT Təhlükəsizlik Şurasının İran etirazçılarına dəstək verəcək iclasının çağırılması üçün təzyiqlər göstərir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley yanvarın 2-də deyib ki, “biz İran xalqının səsini gücləndirmək istəyirik”.

Yanvarın 3-də İranın ali rəhbəri ayətüllah Ali Khamenei deyib ki, “İranın düşmənləri” üsyan qızışdırmaq istəyirlər.

İranın dövlət televiziyası ölkənin müxtəlif şəhərlərində hökumətə dəstək verən nümayişlərin videolarını yayıb.

Lakin media yeni antihökumət aksiyaları barədə məlumat vermir.

Bir xəvbərdə deyilir ki, Borucerd şəhərində keçirilən antihökumət aksiyasında bir “Avropa vətəndaşı” həbs ediilib.

Bu şəxsin Avropanın kəşfiyyat agentliklərindən birində təlim keçdiyi bildirilib.

***

Yanvarın 3-də on minlərlə iranlı hökumətə dəstək yürüşünə çıxıb. Bir nüçə gündür davam edən antihökumət aksiyalarında isə azı 22 nəfər həlak olub.

İranın ingilisdilli Press TV dövlət televiziyası yanvarın 3-də keçirilmiş, hökuməti dəstəkləyən yürüşlərdən görüntülər yayıb. Nümayişçilər İranın bayraqlarını, ruhani hökumətini dəstəkləyən şüarlar qaldırıblar.

Dövlət televiziyası Əhvaz, Kermanşah və Gürgan şəhərlərində hökumətə dəstək aksiyalarının keçirildiyini bildirib. Nümayişçilər hökumətə qarşı yürüşlərdə baş vermiş zorakılığı pisləyiblər.

Etirazçılar ali dini liderə də dəstək bildiriblər. “Damarlarımızdakı qanımız liderimizə hədiyyədir. Liderimizi tək qoymarıq”, – deyə qışqırıblar.

Almaniya hökuməti yanvarın 3-də bildrib ki, etirazçılar siyasi və iqtisadi qayğıları cəsarətlə dilə gətirdiyinə görə “onlara sayqıyla yanaşırıq”.

Alman hökumətinin sözçüsü Ulrike Demmer reportyorlara deyib ki, İran hakimiyyəti dinc nümayişçilərə uyğun şəkildə cavab verməli, onlarla dialoqa getməlidir.

***

Avropa liderləri Birləşmiş Ştatlara qoşularaq İrandakı etiraz aksiyalarında “insanların həyatını itirməsini qəbuledilməz” adlandırıb. Onlar Tehranı dinc etirazçılara problemlərini azad şəkildə ifadə etməsinə icazə verməyə çağırıb.

Qeyd edək ki, İranda ötən həftədən gedən etirazlarda azı 22 nəfər öldürülüb, 450-dən çox saxlanan var.

Fransa prezidenti Emmanuel Macron və AB-nin xarici siyasət rəhbəri Federica Mogherini yanvarın 2-də Tehrana müraciət ediblər.

*** Buna da bax: 'İran xarici və daxili siyasətində ciddi korrektələr etməliydi'

MACRON-DAN MUJAHEDİN-E-KHALQ TƏLƏBİ

Macron-un idarəsi bildirib ki, İran prezidenti Hassan Rohani ilə telefon söhbətində ölü sayından narahatlığını bildirib, etirazçılara qarşı “təmkinli və sakit davranmağa” çağırıb.

“İfadə, nümayiş etmək azadlığı daxil olmaqla, fundamental hüquqlara sayqı göstərilməlidir”, – Macron deyib.

Rohani-nin idarəsinin bildirdiyinə görə, o, Macron-un Parisdəki Mujahedin-e-Khalq İran müxalifət qrupuna qarşı tədbir görməsini istəyib, Rouhani həmin qrupun etirazları qızışdırdığını bildirir.

Macron-un idarəsi isə bu qrupun adını çəkməyib. Mujahedin-e-Khalq bəyanatında İran ruhanilərini kütləvi etirazlarla bağlı panikaya düşməkdə ittiham etmişdi.

*** Buna da bax: İran etirazçıları kimlərdir?

Mogherini yanvarın 2-də yaydığı bəyanatda etirazlarda “insanların həyatını itirməsini qəbuledilməz” adlandırıb, Tehranı “zorakılıqdan çəkinməyə” çağırıb.

Dinc nümayiş və ifadə azadlığı hər bir ölkəyə aid fundamental hüquqlardır və İran istisna deyil”, – o, İran hakimiyyətinə belə dediyini söyləyib..

Avropa liderlərindən öncə İran və ABŞ rəsmiləri bir-birinə qarşı kəskin bəyanatlar səsləndiriblər. ABŞ prezidenti Donald Trump administrasiyası deyib ki, İranın etirazçılarlanecə davranmasını BMT qarşısında qaldıracaq.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley-nin bəyanatlarına isə İranın xarici işlər naziri Javad Zarif-dən reaksiya gəlib. O, Twitter-də yazıb ki, iranlıların dinc etiraz hüququ var, ancaq ABŞ-ın Yaxın Şərqdəki bəzi müttəfiqlərinin vətəndaşları bu hüquqdan məhrumdur.

***

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley İran nümayişçilərinin cəsurluğunu təqdir edib.

Səfir eyni zamanda İran rəhbərliyinin, etirazların “İranın düşmənləri” tərəfindən təşkil edildiyinə və xarici qüvvələr tərəfindən idarə olunmasına dair bəyanatlarını rədd edib.

Yanvarın 2-də BMT-nin Nyu Yorkdakı baş qərargahında jurnalistlərin suallarına cavab verən Haley deyib ki, ABŞ İran polisi və hökumət qüvvələrinin törətdiyi qətllərlə bağlı BMT Təhlükəsizlik Şurasının və Cenevrədəki BMT İnsan Haqları Şurasının təcili iclasının keçirilməsinə çağıracaq.

Nikki Haley deyib: “Biz sakit dayanmamalıyıq. İran xalqı azadlıq üçün haray çəkir. İran hökumətinin həqiqəti deməyə mərdlik tapan öz insanlarını qətlə yetirməsinin uzun tarixçəsi nəzərə alınarsa, İran xalqının öz hökumətinə qarşı səsisini ucaltması böyük cəsarət tələb edir”.

Haley deyib ki, İran diktatorluğu həmişə olduğu kimi bu etirazların xaricdən qızışdırılmasına dair bəyanatlarını təkrar edir:

“Biz bilirik ki, bu bir cəfəngiyyatdır. Nümayişlər tamamilə nizamsızdır. Etirazlar İranın hər bir şəhərində baş verir. Uzun müddət zülm çəkmiş xalqın öz diktatorlarına qarşı qalxması məhz belə olur”.

***

Bundan əvvəl İranın ali rəhbəri ayətüllah Ali Khamenei ölkədə zorakı antihökumət nümayişlərinin qızışdırılmasında İranın “düşmənlərini” ittiham etmişdi.

Ayətüllah Ali Khamenei
Ayətüllah Ali Khamenei

Son məlumatlara görə bu nümayişlər zamanı indiyədək bir polis zabiti də daxil 22 nəfər həlak olub.

Khamenei bu bəyanatını ölkə üzərinə ABŞ prezidenti Donald Trump-ın başçılıq etdiyi beynəlxalq təzyiqlərin artdığı bir vaxtda verib.

Dekabrın 28-də ilk etirazlar başlanandan bəri ilk dəfə çıxış edən ali rəhbər, “öz pulları, silahları, siyasət və kəşfiyyat xidmətləri ilə İranın işlərinə qarışan düşmənləri” ittiham edib.

Khamenei özünün internet saytında yazıb: "Düşmən həmişə fürsət, bir çat axtarır ki, oradan içəri soxulub İran millətinə zərbə vursun”.

***

Ötən gecə İrandakı antihökumət etirazlarında doqquz nəfərin öldürüldüyü xəbər verilir. Onların içində bir polis də var. Sosial mediada yayılan videoda nümayişçilərin polis məntəqəsinə hücum etdiyi görünür.

Dövlət televiziyası yanvarın 2-də xəbər verib ki, öldürülənlərin altısı İsfahan vilayətində polis məntəqəsinə hücum zamanı silah oğurlamağa cəhd göstəriblər. Hadisə Tehrandan 350 kilometr cənubda baş verib.

Tasnim yarırəsmi xəbər agentliyi Nəcəfabad şəhərində bir təhlükəsizlik əməkdaşının silahlı nümayişçi tərəfindən qətlə yetirildiyini bildirir. Təsdiqlənərsə, bu, siyasi iğtişaşlar zamanı təhlükəsizlik əməkdaşları arasında ilk ölüm hadisəsidir.

Ötən gecəki ölüm halları aksiyalarda indiyədək ölənlərin sayının azı 22-yə çatması deməkdir.

Məlumatlara görə, nümayişlər İranın paytaxtı Tehran da daxil olmaqla, bir sıra şəhərlərdə keçirilib. İğtişaşlar ilkin olaraq əsas ərzaq məhsullarının qiymətinin yüksəlməsi və digər iqtisadi problemlərə qarşı baş qaldırıb.

***

İrandan alınan ən son xəbərlərdən ölənlərin sayının artığı və azı 12-yə çatdığı məlum olur.

Bu arada Fars agentliyi Rohaniyə istinadən yazır ki, etirazlar “təhlükə kimi görünə bilər, lakin problemin nə olduğu bilinsə, bu etirazlar xeyir də verə bilər”.

Yanvarın 1-də İran boyunca etirazlar beşinci gün aramsız olaraq davam edib. Tehrandakı etirazlar zamanı avtomobillərin yandırıldığı da xəbər verilir.

Hakimiyyət əsasən yüzlərlə yeniyetmə gənclərdən, cavanlardan və qadınlardan ibarət ayağaqalxmaları sosial media platformalarını bağlamaqla və interneti məhdudlaşdırmaqla yatırmağa cəhdlər göstərir. Onlar antihökumət şüarları qışqırır və ayətüllah Khamenei-nin portretlərini cırmaqla etiraz bildirilər.

ABŞ prezidenti Donald Trump yazdığı tvitdə bildirib ki, İran “bütün səviyyələrdə iflasa uğrayıb” və indi “DƏYİŞİKLİK VAXTIDIR!”

Prezident yazır: “Böyük İran xalqına çox illər ərzində zülm edilib. Onlar ərzaq və azadlıq üçün acıblar. İnsan haqları ilə yanaşı İranın sərvəti də qarət olunub”.

Rusiya Xarici İşlər Nazirliyinin yanvarın 1-də verilmiş bəyanatında deyilir ki, həyəcanlar “İranın daxili işidir” və “vəziyyəti sabitsizləşdirən xarici müdaxilə qəbulolunmazdır”. Bəyanatda bundan artıq təfərrüat verilməyib.

Almaniya xarici işlər naziri Sigmar Gabriel yanvarın 1-də İran etirazlarında insanların həlak olması ilə bağlı narahatlıq ifadə edib və İran hökumətini insan haqlarına hörmət göstərməyə çağırıb.

İsrailin baş naziri Benjamin Netanyahu “on milyardlarla dolları nifrətin yayılmasına israf edən rejimə etiraz edən cəsur iranlıları” alqışlayıb.

Yanvarın 1-də Facebook-da yaydığı videomüraciətdə Netanyahu deyib: "Mən İran xalqına onun azadlıq uğrunda nəcib mübarizəsində uğur arzulayıram”.

İranın dövlət televiziyası yanvarın 1-də yaydığı məlumatda bir gün əvvəl gecə azı 10 nəfərin həlak olduğunu bildirib.

Telekanallar etirazlar və yeni itkilər barədə bir şey deməyiblər, lakin xəbər verilir ki, bəzi silahlı etirazçılar polis məntəqələrini və hərbi bazaları ələ keçirməyə çalışsalar da, “təhlükəsizlik qüvvələrindən çox ciddi müqavimət” görüblər.

Dövlət televiziyası bildirib ki, dekabrın 30-da Dorud şəhərində 2 etirazçının öldüyü təsdiq olunduqdan sonra ölənlərin ümumi sayı azı 12-yə çatıb.

Tehranın, habelə Sənəndəj, Məşhəd, İlam, Xorrəmdare və Kirmanşahın və başqa İran şəhərlərinin küçələrində baş verən etirazlar ərzaq qiymətlərinin bahalığı ilə bağlı olsa da, etirazçılar siyasi şüarlar səsləndirir, bəziləri Khamanei-nin istefasına, hətta İslam üsul-idarəsinin ləğvinə çağırırlar.

***

İran dövlət televiziyası antihökumət etirazlarında öldürülənlərin sayının 10-a çatdığını bildirir. Ancaq televiziya yanvarın 1-də yaydığı bu məlumatla bağlı ayrıntıları açıqlamayıb.

***

İranda antihökumət etirazlarında daha iki nəfər öldürülüb. Yarırəsmi ILNA xəbər agentliyi yanvarın 1-də parlament üzvü Hedayat Allah Khademi-yə istinadla yazıb ki, dekabrın 31-də gecə etirazlarda iki nəfər güllələnərək öldürülüb.

İzeh şəhərində də, digər şəhərlərdə olduğu kimi, iqtisadi problemlərə etiraz keçirilib. Təəssüf ki, iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb”, – Khademi agentliyə deyib.

Ötən gecə etirazçıların, yaxud polisin atəş açdığını bilməm”, – o, sözlərinə əlavə edib.

Dekabrın 30-da isə Dorudda iki etirazçı öldürülmüşdü.

Yanvarın 1-də İran etirazlarının beşinci günü başlanıb. Ölkəboyu yüzlərlə etirazçı saxlanıb.

***

İran prezidenti Hassan Rohani deyir ki, vətəndaşları hakimiyyəti tənqid etməkdə və etirazlara çıxmaqda “tamamilə azaddırlar”. Ancaq prezident nümayişlərdə zorakılıq, itaətsizliklə bağlı xəbərdarlıq edib.

İranda etirazlar dördüncü gündür davam edir.

Rohani dekabrın 31-də danışıb. Bu arada güc strukturları etirazçılara xəbərdarlıq etməklə, populyar sosial media şəbəkələrini bloklamaqla, İnternet xidmətlərini sıradan çıxarmaqla iğtişaşları yatırtmağa çalışır.

ABŞ prezidenti Donald Trump isə etirazçıları dəstəkləyib, hakimiyyəti “interneti bağladığına” görə sərt tənqid edib, onları küçələrə çıxanların hüquqlarını pozmaqda suçlayıb. Bu barədə Trump dekabrın 31-də Twitter-də yazıb.

“TƏNQİD ZORAKILIQ DEYİL”

Tehranda və digər şəhərlərdə etirazlar 2009-cu ildən bəri ən böyük nümayişlər sayılır. O zaman Mahmud Ahmadinejad ikinci dəfə prezident seçiləndə buna etiraz edənlər küçələrə axışmışdı.

Ötən həftə küçə toqquşmalarında azı iki nəfərin öldürüldüyü, yüzlərlə adamın həbs olunduğu xəbər verilir.

*** Buna da bax: İranda hökumətyönlü nümayişlərə baxmayaraq antihökumət etirazları davam edir

Etirazların başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edən Rohani deyib ki, iranlıların etiraz hüququ var, amma bu nümayişlər ictimaiyyətin “öz həyatları və təhlükəsizliyi sarıdan narahatlığının artmasıyla” sonuclanmamalıdır.

Press TV dövlət televiziyasının məlumatına görə, Rohani hökumətin iclasında deyib ki, “adamlar tənqidlərini ifadə etməkdə, eləcə də etirazlarda tam azaddırlar”.

“Ancaq tənqid zorakılıqdan və ictimai əmlakı dağıtmaqdan fərqlidir”, – prezident söyləyib.

Prezident onu da etiraf edib ki, əhalinin narahatlığı iqtisadiyyatdan kənara çıxaraq korrupsiya iddialarını və hökumətin şəffaflıq məsələlərini əhatələyir.

İlkin etirazlar əsas ərzaq məhsullarının, yumurta və toyuq ətinin bahalanmasına qarşı idi. Sonradan sürətlə bir çox şəhərlərə yayıldı, yüzlərlə etirazçılar İslam isteblişmenti, ali dini lider ayətulla Ali Khamenei-yə qarşı şüarlar səsləndirməyə başladılar.

TRUMP-IN DƏSTƏK TVİTLƏRİ

Sosial mediada yayılan video və digər informasiyalarda etirazların dekabrın 31-də paytaxt Tehranda da keçirildiyi görünür, ancaq nümayişlərə nə qədər adamın qatıldığı aydın deyil.

Tehranın mərkəzi Ferdowsi Meydanına toplaşan nümayişçiləri polisini su şırnağıyla dağıtdığı görünür.

Rəsmilər dekabrın 31-də bildiriblər ki, bir gün öncə 200 etirazçı saxlanıb.

*** Buna da bax: İran hökuməti etirazları cilovlamaq üçün sosial mediaya məhdudiyyətlər qoyur

Bu arada hakimiyyət populyar sosial media saytlarını bloklayıb. Dekabrın 31-də Instagram və Telegram sosial şəbəkələrə girmək mümkün olmayıb.

Biz Sedaie Mardom və digər dinc etirazçı kanalları bağlamaqdan imtina edəndən sonra hakimiyyət Telegram-ı bir çox iranlılar üçün qapadıb”, – Telegram rəhbəri Pavel Durov Dubaydan tvit atıb.

Birləşmiş Ştatlar etirazçıların saxlanmasını pisləyib, Trump Twitter-də nümayişçiləri dəstəkləyib. Rohani isə Trump-ı bu tvitlərə görə tənqid edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG