Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:45

İranda hökumətyönlü nümayişlərə baxmayaraq antihökumət etirazları davam edir


Zəncan şəhərində antihökumət nümayişi
Zəncan şəhərində antihökumət nümayişi

İran boyunca bir çox şəhərlərdə hökumətə dəstək nümayişləri keçirilib.

İranın dövlət televiziyası paytaxt Tehranda və ikinci böyük şəhər Məşhəddə ali rəhbər Ali Khamenei-ni dəstəkləyən plakatları gəzdirən izdihamlı nümayişləri göstərib.

Hökumətə dəstək yürüşləri hər il keçirilir və əslində 2009-cu ildə ölkəni silkələmiş antihökumət etirazlarının bitməsinin ildönümünə həsr olunur. Dövlət televiziyası dekabrın 30-da hökumətə dəstək nümayişlərinin İranın 1200 şəhərində keçirildiyini xəbər verib.

Lakin budəfəki ildönüm İranın bir çox şəhərlərində, o cümlədən Tehran və Məşhəddə antihökumət etirazları ilə eyni vaxta təsadüf edib.

Rəsmi dövlət televiziyası bu etirazlardan videoları görüntüləməsə də, onlar sosial mediada geniş dövriyyə edilir.

İranın müxtəlif şəhərlərindəki aksiyaçılar bahalığa etirazla yanaşı, siyasi şüarlar da səsləndirirlər.

Sosial media postlarından məlum olur ki, hökumətə etiraz aksiyaları dekabrın 30-da da davam edib və üçüncü gününə qədəm qoyub.

Belə nümayişlərin Tehran, Şəhre Kord və Kirmanşah kimi şəhərlərdə keçirildiyi deyilir.

Yarımrəsmi Fars agentliyinin verdiyi xəbərə görə Tehran Universitetinin qarşısında 70-dək tələbə polisə daş atırdı.

İnternetdə yayılmış videolarda Tehran Universitetinin həndəvərlərində toqquşmaların baş verdiyi görünür.

AzadlıqRadiosunun Radio Fərda redaksiyasına göndərilmiş videoda etirazçılar qışqırırlar: “Seyid Əli, (Khamenei) sənə ar olsun. Əl çək bu ölkənin yaxasından”.

Daxili işlər naziri Abdolreza Rahmani-Fazli internetdə etirazları təbliğ edənlərə xəbərdarlıq verib.

O Gənc Jurnalistlər Klubunun saytına deyib: "Biz adamlardan qanunsuz toplantılarda iştirak etməmələrini xahiş edirik. Əgər onlar toplanış keçirmək istəyirlərsə, icazə üçün müraciət etməlidirlər. Sonra bu müraciətlərə baxılar”.

Dekabrın 28-də Məşhədin küçələrinə yüzlərlə insan çıxaraq bahalığa və hökumətə qarşı şüarlar səsləndirmişdilər.

Buna da bax: Dekabrın 28-də Məşhəd şəhərində iqtisadi çətinliklərə etiraz aksiyası keçirilib.

Dekabrın 29-da polis Kirmanşah şəhərində antihökumət nümayişini dağıdıb. Bunun ardınca etirazlar Tehrana və başqa şəhərlərə yayılıb.

Bu etirazların ardınca onlarla adam həbs olunub.

Trump: “Dünya baxır”

Birləşmiş Ştatlar etirazların dağıdılmasını pisləyib, prezident Trump-sa Tvitterdə yazıb ki, “dünya bu hadisələrə baxır”:

"İranda rejimin korrupsiyasından və ölkənin sərvətinin xaricdəki terrorun maliyyələşdirilməsinə israf edilməsindən boğaza yığılan adamların dinc etirazları barədə çox sayda xəbərlər gəlir…”

İran Trump-ın bəyanatlarını pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi dekabrın 30-da dövlət televiziyasına deyib ki, “İran xalqı cənab Trump-ın fürsətçi qeydlərinə inanmır”.

Dövlət katibi Rex Tillerson "İran daxilindəki elementlərə" dəstəyə çağırıb
Dövlət katibi Rex Tillerson "İran daxilindəki elementlərə" dəstəyə çağırıb

Dekabrın 29-da ABŞ Dövlət departamentinin sözçüsü deyib ki, dövlət katibi Rex Tillerson “İran daxilində hökumətin dinc dəyişikliyinə səbəb olacaq elementlərin dəstəklənməsinə” çağırıb.

Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib: "Biz bütün ölkələri İran xalqını açıq şəkildə dəstəkləməyə çağırırıq və onların təməl haqlarının və korrupsiyaya son qoyulması tələblərinin təmin edilməsini tələb edirik”.

Maraqlıdır ki, etirazçılara İranın ruhani rəhbərliyindən də müəyyən dəstək bildirilir.

Məşhəd şəhərində cümə namazlarına başçılıq edən orta ranqlı ruhani xadım Ahmad Alam al-Hoda deyib ki, “adamların və etiraz edənlərin yüksək qiymətlərdən hiddəti ədalətlidir”.

Lakin al-Hoda bunu da əlavə edib ki, belə etirazlar xaricdə İrana düşmən medialara “qida verir”.

Məşhəd İnqliab Məhkəməsinin sədri Hossein Haydari isə deyib: “Biz etirazı adamların haqqı sayırıq, lakin bəzi adamlar bu emosiyalardan sui-istifadə etmək istəsələr və bu dalğanı qaldırsalar, biz onların qarşısına çıxmaqda ləngiməyəcəyik”.

Başqa ruhanilər də etirazları “antiislami” adlandırıblar və deyiblər ki, onların arxasında İsrail və ABŞ dayanır.

İran şahının oğlu vəliəhd Reza Pahlavi etirazçılara dəstək bildirib
İran şahının oğlu vəliəhd Reza Pahlavi etirazçılara dəstək bildirib

Bu arada vaxtilə devrilmiş şahın mühacirətdə yaşayan vəliəhd oğlu Reza Pahlavi deyib ki, “bu üsyan İranda teokratiyanın devrilməsinin xalq tələbi olduğunu göstərir”.

Bundan əvvəl yarımrəsmi Fars və Mehr agentlikləri xəbər verirdilər ki, Kirmanşahda keçirilən aksiyada 300-dək etirazçı “Siyasi məhbuslara azadlıq” və “Azadlıq ya ölüm” şüarlarını səsləndirirdilər.

AzadlıqRadiosunun xəbərində deyilirdi ki, sosial mediada yayılmış videoda Kirmanşahın mərkəzindəki Azadi meydanında etirazçıların “Diktatora ölüm” və “Millət yoxsulluqda vurnuxur, rəhbər özünü Allah sayır” kimi şüarlar səsləndirdiyi eşidilir.

AzadlıqRadiosu yazırdı ki, şüarların məzmunundan, onların, adlarını çəkmədən həm ali rəhbər ayətüllah Ali Khamenei, həm də prezident Hassan Rohani-ni hədəflədiyi başa düşülür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG