Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 04:01

'İran xarici və daxili siyasətində ciddi korrektələr etməliydi'


Zərdüşt Əlizadə

Azərbaycanın cənubdakı qonşusu İranda baş verənlər Bakıda da geniş müzakirə edilməkdədir. AzadlıqRadiosu iki baxışı təqdim edir.

«Hər bir xarici kursun öz qiyməti var, əndazəni aşmaq olmaz»

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna deyir ki, Bakıdan bu hadisəyə bir neçə baxış var, məsələn, İslam rejimini sevməyənlər baş verənlərə sevinirsə, hakimiyyət əksinə, qorxur, İranda başlanan etiraz dalğasının azərbaycanlılar üçün örnək olacağından narahatdır. Axı, «onlar da ədalətsizliyə, qiymət artımına, rüşvətxorluğa, satqın məhkəmələrə, uğursuz daxili, xarici siyasətə, saxta seçkilərə etiraz edə bilərlər».

İranda baş verənlərin mahiyyətinə gəlincə, Z.Əlizadənin qənaətincə, narazılıqlar, etirazlar üçün obyektiv səbəblər var.

«Hakimiyyət müştəbeh olub, xalqla hesablaşmayıb, kobud səhvlərə yol verib, ona görə də xalq küçələrə çıxıb», – politoloq izah edir.

Əlizadəyə görə, hökumət islahatlara getməsə, özü uduzacaq:

«Xalqın tələblərini nəzərə almadıqları üçün xalq küçəyə çıxır, şirin canından keçir, 20 nəfər ölüb, yüzlərlə yaralananlar var. Bu, hökumətin islahatlara getməsi üçün ciddi siqnaldır. Hərçənd, Ruhani özü də eyni fikri deyib ki, etirazlar hökumətə siqnaldır».

İranda etirazlarda ölənlərin sayı 10-a çatdı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Hərçənd, o bu tələblərin bəzisini, ölkənin xarici siyasəti ilə bağlı səslənən tələbləri «səfeh» adlandırır:

«Məsələn, tələb edirlər ki, İran bölgədəki siyasətini dəyişsin. Yəni Suriya, İraq, Yəmən ilə əməkdaşlıq etməsin, bunun da tərcüməsi budur: «ABŞ, İsrail imperializminin ağalığına mane olmayın, müsəlman olmayın, ədalətsizliyə, zülmə göz yumun». Və ya belə də tərcümə etmək olar, «millət necə tarac olur olsun, nə işim var, düşmənlərə möhtac olur olsun, nə işim var», yəni «mənim qarnımı doydurun, xarici dövlətin işinə qarışmayın»».

Z.Əlizadənin qənaətincə, «hər bir xarici kursun öz qiyməti var və əndazəni aşmaq olmaz», amma... «O biri yandan İran da qınına çəkilib otura bilməz, 80 milyonluq böyük dövlətdir. O, qınına çəkilsə belə, rahat buraxmayacaqlar, İranın məhvində, parçalanmasında maraqlı xarici qüvvələr var».

Politoloq İranda başlanan etirazlarda xarici qüvvələrin rolunu inkar etmir və baş verənlərə görə həmin qüvvələri deyil, məhz ölkənin dövlət qurumlarını günahlandırır.

Sədrəddin Soltan
Sədrəddin Soltan

«O pullar sosial müdafiəyə yönəldilməliydi»

«Orta Doğu» Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan belə deyir. O yada salır ki, 2015-ci ilin yayında Tehrana qarşı bəzi iqtisadi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra İran bəzi dövlətlərlə ticarət əlaqələri yaratdı, nəticədə dövlət xəzinəsinə pul gəlməyə başladı.

S.Soltan bu pulun Suriya, İraq, Yəməndəki hərbi əməliyyatlara xərcləndiyini qeyd edir. Onun sözlərinə görə, hərbi əməliyyatlara xərclənən pul dövlətin, millətin sosial müdafiəsinə, maaşların, müavinətlərin artırılmasına, ödənilməsinə yönəldilməliydi.

– Etirazlar Məşhəddən başladı, ilk tələblər də maaşların ödənilməməsi ilə bağlıydı. Amma şüarlar rejimə, rejimin başında duran ayətulla Seyidəli Xamneiyə qarşı deyil. Halbuki ərəb baharı başlananda İranda keçirilən aksiyalarda deyilirdi ki, «Tunisin Əlisi getdi, sən də get, Seyidəli». Amma son hadisələrdən, xüsusən də İraqda və Suriyada İŞİD-dən təmizlənmə ilə bağlı bəyanatlar səsləndikdən sonra İran özünün xarici və daxili siyasətinə ciddi korrektələr etməliydi. Bu korrektələr edilmədi. Başqa sözlə, İran Yaxın və Orta Şərqdə Qərblə ortaqlıqlara getməliydi. Məsələn, Suriyada Bəşər Əsəd hakimiyyətinin getməsi və yenisinin qurulması, Yəmənlə, İraqla, Səudiyyə Ərəbistanı ilə bağlı anlaşmalara getməliydi. Ancaq bunlar baş vermədi. Əksinə, İran bölgədə daha təcavüzkar siyasət yürütməyə başladı. Məsələn, Qüdslə bağlı. Avropa Birliyi, hətta Vatikan Şərqi Qüdsü Fələstinin paytaxtı elan etdiyi haqda danışanda, İran yenə də reaksioner mövqe seçdi, bütünlükdə Qüdsü Fələstin paytaxtı elan etdi, İsrailə qarşı çıxışları ilə fərqləndi. Ona görə də etirazlarda şüarlardan biri xarici siyasət kursunda korrektələr edilməsi ilə bağlıdır.

İranda etirazlarda azı 2 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

- Sizcə, bu etirazların arxasında ancaq xarici qüvvələr dayanır? Daxili amillərin təsiri yoxdur?

- Ehtimal edirəm ki, hakimiyyətçi qüvvələr də bunda maraqlıdır, bundan yararlanırlar. Məsələn, Hatəmi etirazçıları müdafiə mövqeyində dayanıb. Çünki Xamneinin, yəni mühafizəkar xəttin arxasında əlisilahlı qüvvə, təhlükəsizlik qüvvələri, İnqilab Keşikçiləri Qvardiyası, ordu, məscidlər, təbliğatçılar, təxminən 20 milyonluq qüvvə dayanır. İslahatçı xəttin arxasında ancaq və ancaq özünü demokratik sayan, sosial bazası zəif qüvvə durur. Odur ki, etiraz aksiyaları hökumətə qarşı olsa belə, o, özünü tolerant, dözümlü aparır və bəyan edir ki, «etirazlar olmalıdır, ancaq zorakılığa yol verilməməlidir». Zorakılığı tətbiq edən mühafizəkar qüvvələrdir, iki nəfəri öldürdülər və artıq qan töküldü. Qan niyə töküldü? Xalq sosial vəziyyətinin yaxşılaşdırılmasını, xarici siyasət kursunda düşmənliklərin aradan qalxmasını tələb edirdi.

- Hakimiyyət islahatlara gedə bilərmi?

- Yaxın dövrdə hökumətdə dəyişikliklər baş verə bilər. Bugünlərdə İranda elan etdilər ki, guya hicab qaydalarını bir az yumşaldırlar. Amma bu, bir oyundur. Sadəcə, mühafizəkar xətt, bütünlükdə rejim bu addımla cəmiyyətin bir kəsiminin dəstəyini, etimadını qazanmaq istəyirdi. Bu da alınmadı. Çünki ölkədə ciddi sosial problemlər var, buna görə də inqilaba bərabər islahat getməlidir, xarici siyasət kursu dəyişməlidir. Bunlar alınmasa, İranı ciddi qarşıdurmalar gözləyir. İran bölgədə ən fəal ölkədir. Bu ölkənin alt qatında nələr baş verdiyini əvvəldən söyləmək çətindir. Məsələn, son hadisələr qəflətən baş verdi. Bundan öncə Tehran Suriyada, İraqda İŞİD-in məhvində iştirak edən ali qüvvələrdən biri sayırdı. Belə fəal hakimiyyət elementar sosial problemlərə görə etirazlarla üzləşdi. Bu tələb Tehranı çaş-baş saldı, İraqla Suriyada əldə etdiyi qələbənin kefini yaşaya bilmədi. Ehtimal etmək olar ki, perspektivdə etiraz aksiyaları davam edəcək. Bu da hakimiyyəti islahatlara məcbur edəcək.

- Artıq ABŞ-ın, İsrailin dövlət başçıları, Almaniya xarici işlər naziri səviyyəsində İranda olanlara etirazlar, insan ölümləri ilə bağlı narahatlıqlar dilə gətirilib. Sizcə, bu məsələnin həllində xarici müdaxilə mümkündürmü?

– İranda bir halda müdaxilədən danışmaq olar. İnqilab Keşikçiləri Qvardiyası ABŞ, Avropa Birliyi tərəfindən terrorçu kimi tanınarsa, İrana müdaxilə ehtimalı var. Əks halda, müdaxilə üçün əsas yoxdur. Sadəcə, proseslər davam edərsə, Tehrana güclü təzyiqlər olacaq, sanksiyalar tətbiq ediləcək, iranlıların çox olduğu ölkələrdə etiraz aksiyaları keçiriləcək. Bu da İranı tutduğu mövqedən çəkinməyə vadar edə bilər. Azad toplaşmaq, söz azadlığı təmin edilə bilər, sosial şəbəkələrdə, geyimdə bir qədər sərbəstlik verilə bilər. Çünki İrandakı islahatçı xətt zəifdir, xarici dəstəyə ehtiyacı var. Bu dəstəyi AB, ABŞ verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG