Keçid linkləri

2026, 15 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Dünya xəbərləri

İlham Əliyev: 'Bu gün Rusiya sabitləşdirici amildir'

İlham Əliyev Moskvada. 26dek2017
İlham Əliyev Moskvada. 26dek2017

“Bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir”.

AzərTAC-ın xəbərinə görə, bunu dekabrın 26-da prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə deyib.

O, vurğulayıb ki, biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir:

Buna da bax: İlham Əliyev Moskvadadır

“MDB məkanında müşahidə etdiyimiz müsbət meyllər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan verib. Rusiya MDB-də birləşdirici rol oynayır. Sizin ( Rusiya prezidenti V. Putinə xitabən-AR) rəhbərliyiniz altında Rusiya böyük sosial-iqtisadi uğurlar qazanıb. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında sabitlik təmin edilib. Bu sabitlik ictimai razılığa əsaslanır”.

İlham Əliyev gələn il Rusiyada keçiriləcək prezident seçkilərinə də toxunub:

Buna da bax:​ Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir

“Rusiya xalqının qarşıdakı prezident seçkilərində düzgün seçim edəcəyi, fikrimcə, Azərbaycanda heç kəsdə şübhə doğurmur. Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı sizin adınızla bağlıdır. Bu gün bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu münasibətləri hər iki tərəf belə səciyyələndirir və çox müsbət artım dinamikasına malikdir”.

Azərbaycan prezidenti deyib ki, ictimai-siyasi sabitlik olmadan uğura nail olmaq mümkün deyil:

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında

“Biz son illərdə kifayət qədər qanlı hadisələrin, toqquşmaların, ədavətin, dinlərarası qarşıdurmaların, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olmuşuq. Buna görə də mövcud beynəlxalq mənzərə bir daha sizin həyata keçirdiyiniz kursun doğruluğunu göstərir. Bu gün Rusiya sabitləşdirici amildir. Əlbəttə, bir daha demək istəyirəm, yaxın qonşu, dost və tərəfdaş kimi biz, təbii ki, Rusiyada baş verən prosesləri çox maraqla izləyirik. Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir”.

Xatırlatma

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.

Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvilik bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvilik məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.

Bütün xəbərləri izləyin

Rusiya və Ukraynadan qarşılıqlı zərbələr, NATO qırıcısı Litvada dron vurub

Sızran Neft Emalı Zavodunda yanğın
Sızran Neft Emalı Zavodunda yanğın

Rusiya və Ukrayna sentyabrın 15-nə keçən gecə qarşılıqlı zərbələr endirib, yanacaqdoldurma məntəqəsi və neft emalı zavodu hədəfə alınıb. Məlumatı yerli hakimiyyət orqanları və Telegram-dakı monitorinq kanalları yayıb.

Bu zərbələr ABŞ prezidenti Donald Trampın Moskva ilə Kiyevin bir-birinin enerji obyektlərini hədəfə almamaq barədə razılığa gəldiyini deməsindən bir neçə saat sonra baş verib.

Litva rəsmiləri isə bu gün – sentyabrın 15-də səhər saatlarında NATO qırıcısının ölkənin hava məkanına girən dronu vurduğunu bildiriblər.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, bu gün səhər Ukrayna paytaxtında yanacaqdoldurma məntəqəsi və anbarlar vurulub. Bir kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ukrayna rəsmilərinə görə, Rusiya son aylar əsasən ölkənin cəbhəyanı bölgələrində və onların yaxınlığında 300-ə yaxın yanacaqdoldurma məntəqəsini vurub.

Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Taqanroq şəhərinə raket hücumu nəticəsində "Ozon" onlayn pərakəndə satış şirkətinə, kənd təsərrüfatı şirkətlərinə məxsus anbarlara ziyan dəyib. Bu barədə sentyabrın 15-də Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

Samara vilayətinə hücumda 40 dronun məhv edildiyi açıqlanıb. Bu vilayətdə bir neçə neft emalı zavodu yerləşir. Telegram kanalları dron hücumundan sonra Samara vilayətindəki Sızran neft emalı zavodunun sənaye ərazisində yanğın göründüyünü bildirib.

NATO qırıcısı Litva üzərində dron vurub

Sentyabrın 15-də səhər saatlarında NATO qırıcısı Litva üzərində dronu vurub. Açıqlamanı Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzi (NKVC) yayıb. Bundan əvvəl paytaxt Vilnüsdə və ətraf bölgələrdə dron təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

"Litva NATO-dakı müttəfiqləri ilə birlikdə öz hava məkanını müdafiə edəcək", – Litva prezidenti Gitanas Nauseda hadisədən sonra "X" platformasında yazıb.

Litvanın LRT ictimai yayımçısı NKVC-nin ilkin məlumatlarına istinadla bildirib ki, dron qonşu Belarusdan gəlib və qərb istiqamətində hərəkət edib.

Avropa İttifaqı və NATO üzvü Litvadakı insidentdən əvvəl Rusiya Polşa sərhədi yaxınlığında dron hücumları həyata keçirmişdi.

Türkiyədə polis LGBT fəallarını kütləvi saxlayıb

LGBT hüquqları fəalları qürur yürüşü üçün toplaşmağa çalışarkən çevik polis alayı insanları dağıdır. 2017
LGBT hüquqları fəalları qürur yürüşü üçün toplaşmağa çalışarkən çevik polis alayı insanları dağıdır. 2017

Sentyabrın 12-13-də Türkiyə polisi onlarla LGBT fəallını saxlayıb. Reydlər İstanbul, Ankara, İzmir və Antalyada keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları fəalların mənzillərində, LGBT təşkilatlarının ofislərində və gecə klublarında axtarış aparıblar.

Polisin məlumatına görə, İstanbulda 26, Ankarada 20 nəfər saxlanılıb. Ümumilikdə reydlər 12 vilayətdə keçirilib. LGBT hüquqlarını müdafiə edən "Kaos GL" assosiasiyası 50 nəfərin saxlandığını, onların içində öz əməkdaşlarının da olduğunu bildirir.

"Kaos GL"in iddiasına görə, axtarışlara assosiasiyanın saytında və sosial şəbəkələrdə yayımlanan, prokurorluğun ədəbsiz saydığı paylaşımlar səbəb olub. LGBT təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayt və sosial şəbəkə səhifəsi şənbə günü – sentyabrın 12-də bloklanıb. Yalnız fəalların səhifələrinə deyil, Boğaziçi Universitetinin LGBT Araşdırmaları Klubu, Cinsi Təhsil, Araşdırma və Tibb Assosiasiyası (CETAD) kimi elmi təşkilatların saytlarına da giriş məhdudlaşdırılıb.

Polis əməliyyatı hökumətin "Ailəm təhlükəsizdir" təşəbbüsü çərçivəsində keçirilir. Məqsədin doğum səviyyəsinin azalması ilə mübarizə aparmaq, uşaqları mənfi təsirlərdən qorumaq olduğu bildirilir. Türkiyənin ədliyyə naziri Ərkin Gülək bildirib ki, prokurorluq ölkənin 15 vilayətində araşdırma aparır.

Türkiyə İnsan Hüquqları Assosiasiyası hakimiyyətin addımlarını pisləyib. "Bu əməliyyatın əsl adı "Ailəm təhlükəsizdir" deyil; bu, dövlətin yönəltdiyi ayrıseçkilik, qorxutma siyasəti və vətəndaş cəmiyyətinin məhv edilməsidir", – assosiasiyanın nümayəndələri X sosial şəbəkəsində yazıblar.

Yeni Dehlidə BRICS sammiti keçirilir. Pezeşkian da gedib

İran prezidenti Məsud Pezeşkian Hindistanda
İran prezidenti Məsud Pezeşkian Hindistanda

İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də BRICS ölkələri sammitində iştirak üçün Hindistanın paytaxtı Yeni Dehliyə gedib. Yaxın Şərqdə şiddətlənən münaqişənin sammitin əsas mövzularından biri olacağı gözlənilir.

BRICS inkişaf edən böyük iqtisadiyyatları və inkişaf etməkdə olan ölkələri birləşdirir, adını Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin baş hərflərindən götürüb. 2024-cü və 2025-ci illərdə Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qoşulması ilə üzvlərinin sayı 5-dən 11-ə çatıb.

İRNA dövlət xəbər agentliyinin məlumatına görə, Pezeşkian 2024-cü ildə bu vəzifəyə başlayandan Hindistana ilk səfərini edir. Onun ölkənin baş naziri Narendra Modi ilə danışıqlar aparması planlaşdırılır.

BRICS liderlərinin ikigünlük sammiti sentyabrın 12-də başlayacaq. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.

2024-cü ildə BRICS-ə qoşulan İran münaqişədə tərəfdir. BƏƏ isə İranın raket hücumlarına məruz qalıb və Tehrana qarşı tədbirlər görüb.

BƏƏ hücumlardan sonra avqustda İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb. Sammitdə bu ölkəni Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanın təmsil edəcəyi gözlənilir.

Dronlar Mahaçqalaya hücum edib. Soçidə 28 nəfər xəsarət alıb

Soçidə dəniz dronlarının hücumu zamanı partlayış
Soçidə dəniz dronlarının hücumu zamanı partlayış

Sentyabrın 10-na keçən gecə Ukrayna dronları Rusiyanın bir neçə bölgəsinə, o cümlədən Dağıstana, Voronej vilayətinə və Krasnodar diyarına hücum edib.

Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukin deyib ki, hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib, "bütün hava hədəfləri məhv edilib". Şukin dron qalıqlarının Mahaçqala limanında, Avar Musiqili Dram Teatrında yanğınlara səbəb olduğunu da bildirib. Xəsarət alan olmayıb.

"ASTRA" yazır ki, hücumun hədəfi Xəzər dənizində Rusiyanın ilboyu yeganə donmayan dərin su limanı – Mahaçqala Dəniz Ticarət Limanı ola bilərdi. Liman həm maye, həm də quru yüklərə xidmət göstərir.

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 10-da səhər saatlarında Mahaçqaladakı dəniz limanına zərbə endirildiyini təsdiqləyib.

Voronej vilayətində dronun fərdi yaşayış evinin üzərinə düşməsi nəticəsində yanğın baş verib. Bir qadın həlak olub, daha iki nəfər xəsarət alıb. Açıqlamanı vilayət qubernatoru Aleksandr Qusev verib.

"Exilenova+" NASA FIRMS sistemindən Azov dənizində, Kerç yaxınlığında yanğını göstərən peyk görüntüsü yayıb. Rusiyanın "kölgə donanması"na daxil olan gəmilərdən birinin yandığı ehtimal edilir.

Ukrayna və Rusiya Telegram kanalları gecə saatlarında Soçidə partlayışların baş verdiyini bildiriblər. Sentyabrın 10-da səhər saatlarında 28 nəfərin xəsarət aldığı, onlardan dördünün xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Ukrayna hərbçiləri bu hücumu hələlik şərh etməyiblər.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar 90-a yaxın dronun məhv edildiyini bildirib.

Kalmıkiya, Kuban, Həştərxan və Volqoqrad vilayətlərinin rəsmiləri gecə hücumunu şərh etməyiblər.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus 448 dronu ələ keçirərək məhv etdiyini bildirib.

Bu rəqəmi müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Zelenskinin təyyarəsi Moldovadan Osloya uçarkən 'az qala dronla toqquşub'

Prezident Volodimir Zelenski və xanımı Olena Zelenska Oslo yaxınlığındakı Qardermuen hava limanında təyyarədən düşürlər
Prezident Volodimir Zelenski və xanımı Olena Zelenska Oslo yaxınlığındakı Qardermuen hava limanında təyyarədən düşürlər

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Kişinyovdan Osloya uçarkən "az qala dronla toqquşub". Bu barədə Norveçin baş naziri Yonas Störe jurnalistlərə danışıb. Məlumatı Norveçin NRK telekanalının saytı yayıb.

Zelenski Osloda Norveç kralı V Haraldın dəfninə qatılıb.

Ukrayna prezidenti Norveçə səfəri zamanı Störe və ölkənin maliyyə naziri, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ilə görüşüb. Störe NRK-ya müsahibəsində deyib ki, Zelenski təyyarəsinə yaranmış təhlükə barədə ona danışıb.

Zelenskinin ofisi Norveç telekanalının hadisə ilə bağlı suallarını cavablandırmayıb.

Moldovanın Müdafiə Nazirliyi isə sentyabrın 8-də bildirmişdi ki, Rusiyaya məxsus "Şahed" tipli dron ölkənin hava məkanına daxil olub və Mixaylenı Vek yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.

Ölkənin hava məkanı yerli vaxtla saat 16:20 radələrində pozulub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır

Budapeştdə Rusiya səfirliyi
Budapeştdə Rusiya səfirliyi

Macarıstan hakimiyyəti Rusiyanın Budapeştdəki diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Macarıstanın xarici işlər naziri Anita Orbanın sentyabrın 8-də dediyinə görə, Rusiyanın Budapeştdəki səfirinə bildirilib ki, "Rusiya nümayəndəliyinin 10 əməkdaşı Macarıstanda Vyana Konvensiyasına görə diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub".

Həmin şəxslərin adları və vəzifələri açıqlanmır. Orban vurğulayıb ki, onlara qarşı ölkəni tərk etmə tələbi "Macarıstanın təhlükəsizliyini və suverenliyini təmin etmək məqsədi daşıyır", Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.

Ukraynaya qarşı işğalçı müharibəsi səbəbindən Rusiyanın Avropa İttifaqı ilə münasibətləri pisləşib və blokun bir çox ölkəsi Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb, konsulluqları və Rusiyanın digər qurumlarını bağlayıb. Rusiya da oxşar addımlar atıb.

Viktor Orban hökuməti dövründə Macarıstan bu cür addımlardan çəkinirdi. Budapeştdən sonuncu dəfə 2018-ci ilin yazında rusiyalı diplomat çıxarılmışdı. Diplomatik nümayəndəliyin birdən-birə 10 əməkdaşının ölkədən çıxarılması Macarıstan üçün görünməmiş addımdır. Bu qərarın konkret nə ilə əlaqəli olduğu hələlik açıqlanmayıb.

Mayda Peter Madyarın rəhbərlik etdiyi hökumət hakimiyyətə gələndən Macarıstan Rusiyanı Ukraynaya zərbələrə görə tənqid etməyə və Aİ səviyyəsində sanksiya paketlərini bloklamaqdan imtina etməyə başlayıb. Ancaq Budapeşt hələ də Ukraynaya silah tədarük etmir.

Moskva Macarıstan hakimiyyətinin qərarını hələlik şərh etməyib.

Zelenski sentyabrda Trampla görüşəcəyinə ümid edir

Tramp və Zelenskinin Vatikanda görüşü
Tramp və Zelenskinin Vatikanda görüşü

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə deyib ki, sentyabrın 20-dən sonra ABŞ prezidenti Donald Trampla görüşəcəyinə ümid edir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir.

Zelenskinin sözlərinə görə, görüşdə ABŞ istehsalı hava hücumundan müdafiə raketlərinin Ukraynaya tədarükü məsələsini qaldırmağı planlaşdırır. O qeyd edib ki, Amerika Ukraynaya hansı raketlərin və nə vaxt lazım olduğunu artıq bilir.

Rusiya ilə müharibənin bitməsinin mümkünlüyündən danışan Zelenski tərəflərin üçtərəfli danışıqlar formatına doğru irəlilədiyini bildirib. O, hazırda bütün detalları açıqlaya bilməyəcəyini vurğulayıb. Çünki Ukrayna və ABŞ əvvəlcə təklifləri hazırlamaq, sonra ictimaiyyətə açıqlamaq üzrə razılığa gəliblər.

Zelenski bir gün əvvəl "Axios" nəşrinə ABŞ prezidentinin xüsusi təmsilçilərinin Kiyevə səfərinin yekunları barədə danışıb. O, danışıqların sentyabr və ya oktyabrda bərpa olunacağına ümid etdiyini deyib. Zelenskiyə görə, Rusiyanın qışda döyüşləri davam etdirmək istədiyi, bununla Ukraynanı güzəştlərə sövq etməyə çalışacağına dair məlumatlar da var.

Sentyabrın 20-dən sonra Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası keçiriləcək, tədbirə çox sayda dünya lideri qatılacaq. Zelenski Trampla bu sessiya çərçivəsində, yoxsa başqa formatda görüşməyi planlaşdırdığını hələ açıqlamayıb.

Mayamidə yük təyyarəsi uçuş zolağından çıxıb. Beş nəfər həlak olub

Qəzaya uğrayan yük təyyarəsi
Qəzaya uğrayan yük təyyarəsi

ABŞ-nin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında "Amazon Prime Air" yük təyyarəsi ilə bağlı insidentdə beş nəfər həlak olub, beş nəfər xəsarət alıb. Xəbəri "Reuters" və "The Associated Press" yayıb.

Sentyabrın 6-da, yerli vaxtla təxminən saat 14:00-da Puerto-Rikonun paytaxtı San-Xuandan gələn "Boeing 767" təyyarəsi uçuş-enmə zolağından çıxıb, yerdəki bir neçə avtomobillə toqquşub və yanmağa başlayıb.

Yerli yanğından mühafizə xidmətinin rəhbəri Rey Cadalla deyib ki, təyyarənin hər iki pilotu kabinədə, bəzi insanlar isə avtomobillərində köməksiz qalıblar. Yaralanan beş nəfərdən üçünün vəziyyəti ağırdır.

"Amazon" şirkətinin məlumatına görə, "21 Air" şirkətinin istismar etdiyi təyyarə eniş etməyə çalışırmış.

"Hadisə haqqında daha çox məlumat əldə etmək üçün yerli hakimiyyət orqanları və rəsmilərlə sıx əməkdaşlıq edirik. İstənilən araşdırma ilə tam əməkdaşlıq edəcəyik", – şirkətin təmsilçisi Kelli Nantel bildirib.

Rəsmilər ölənlərin kimliyini açıqlamayıb.

Uitkoff və Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilər

Cared Kuşner və Stiv Uitkoff
Cared Kuşner və Stiv Uitkoff

ABŞ prezidentinin xüsusi elçiləri Stiv UitkoffCared Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilərlər. Bu barədə TASS, "Kyiv Independent" və Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko məlumat yayıb. Səfər tarixləri hələ rəsmən təsdiqlənməyib.

Qonçarenkonun dediyinə görə, ABŞ elçiləri şənbə günü Moskvaya, bazar günü Kiyevə gəlməlidirlər. Deputat iddia edir ki, nümayəndə heyətinin Ukrayna paytaxtına təyyarə ilə gəlməsi nəzərdə tutulub və bu marşrut Rusiya tərəfi ilə razılaşdırılıb.

"Kyiv Independent"in həmsöhbəti planların dəyişə biləcəyini bildirib. Mənbəyə görə, Uitkoff Kiyevə getməkdən çəkinir, Rusiya belə bir səfərin təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qonçarenko bildirib ki, sentyabrın 4-də Rusiya dronu Kiyevin Julyanı aeroportu ərazisində iki köhnə "Yak-40" təyyarəsinə hücum edib. Deputatın fikrincə, zərbə ABŞ təmsilçilərinin mümkün səfərinə hazırlıq fonunda qəsdən endirilib. Kiyev bu məlumatı hələ təsdiqləməyib.

Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl Uitkoff və Kuşnerin yaxın günlərdə səfər edə biləcəklərini demişdi. Onun sözlərinə görə, səfərlərin ilkin tarixləri müəyyənləşdirilib, Vaşinqton həm Moskvada, həm də Kiyevdə görüşlər keçirmək planını təsdiqləyib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Vladivostokdakı forumda çıxışı zamanı bildirib ki, ilk növbədə Rusiya və Ukrayna müharibəni bitirmək barədə razılığa gəlməlidir, ABŞ və digər ölkələr bu prosesə kömək edə bilərlər. Putinin sözlərinə görə, Moskva ABŞ administrasiyası ilə əlaqələrini davam etdirir və Vaşinqtonla tammiqyaslı münasibətlərin bərpa olunacağına ümid edir.

Putin Ukrayna ilə xüsusi xidmətlər vasitəsilə təmasların saxlanıldığını iddia edib. O etiraf edib ki, həmin təmasların sülh razılaşmasına gətirib çıxarıb-çıxarmayacağını hələlik qiymətləndirmək çətindir.

Rusiyanın Ukraynaya zərbələrindən 12 nəfər ölüb

Kiyev vilayətinə hücum
Kiyev vilayətinə hücum

Sentyabrın 1-nə keçən gecə Rusiya qoşunları Kiyev və Odessa vilayətlərinə kütləvi hücum edib. 12 nəfər ölüb, 19 nəfər yaralanıb.

Kiyev şəhərində 8 nəfər ölüb, ikisi uşaq olmaqla beş nəfər yaralanıb.

Kiyev vilayətində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Rəsmilər yaşayış binaları, fərdi evlərin, eləcə də qeyri-yaşayış sahələrinə ziyan dəydiyini açıqlayıblar.

Odessa vilayətində bir nəfər yaralanıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Odessa vilayətində minlərlə ailə işıqsız qalıb.

Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətində hərbi-sənaye və yanacaq-energetika komplekslərinə aid müəssisələrin vurulduğunu bildirib. Nazirliyin iddiasına görə, həmin müəssisələr raket və dron istehsalında, Ukrayna Silahlı Qüvvələrinin yanacaqla təminatında iştirak edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya "İskəndər-M"/"KN-23"/"S-400" ballistik raketləri, "Sirkon" gəmi əleyhinə qanadlı raketlər, "Kalibr" qanadlı raketləri, "Banderol" raket-dronları və 218 dron buraxıb.

Ukrayna qüvvələrinin beş ballistik raketi, beş "Kalibr" raketini, iki "Banderol" raket-dronunu və 187 dronu vurduğu bildirilir.

Paşinyan Bişkekə gedir. Sabah Putinlə görüşü planlaşdırılır

Nikol Paşinyan (öndə solda) və Vladimir Putin
Nikol Paşinyan (öndə solda) və Vladimir Putin

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstana iki günlük işgüzar səfərə gedib. Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. AzadlıqRadiosunun erməni xidməti hökumətə istinadla xəbər verir ki, baş nazir Bişkekdə xarici həmkarları ilə görüşlər keçirəcək.

Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Prezidentin köməkçisi Yuri Uşakov ötən həftə bildirib ki, prezident Putin sentyabrın 1-də Bişkekdə baş nazir Paşinyanla görüşündə Ermənistanın Avropa İttifaqına qoşulmaq istəklərini müzakirə edəcək.

Putinin sözçüsü Dmitri Peskov isə avqustun 30-da jurnalistlərlə söhbətində Moskvanın referendum təklifini bir daha səsləndirib.

“Ermənilərin özlərindən daha çox erməni ola bilmərik. Əlbəttə ki, onların taleyini ermənilər özləri həll edəcəklər. Və biz onlara məhz bunu etməyi – referendum keçirməyi təklif edirik”.

Rusiya son aylar dəfələrlə bildirib ki, eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq mümkün deyil. Moskva Yerevanı iki blok arasında seçim etməyə, referendum keçirməyə çağırır.

Paşinyan ötən həftə parlametdəki çıxışında Yerevanın tezliklə Aİ-yə üzvlük üçün müraciət prosesinə başlayacağını açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılacaq.

Rəhmon oğluna yenə dövlət mükafatı verib

Emoməli Rahmon və oğlu Rüstəm Emoməli
Emoməli Rahmon və oğlu Rüstəm Emoməli

Tacikistan prezidenti Emoməli Rəhmon oğlu Rüstəm Emoməliyə I dərəcəli İsmayıl Somoni adına Dövlət Mükafatını təqdim edib. Rüstəm Emoməli parlamentin yuxarı palatasının sədri və paytaxt Düşənbənin meridir. Ölkənin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş mükafatlandırma mərasimi avqustun 28-də paytaxtdakı Millət Sarayında keçirilib.

Prezidentin mətbuat xidməti bildirir ki, dövlət başçısının oğlu mükafata “yüksək əmək nailiyyətlərinə və Tacikistanın inkişafı və tərəqqisinə verdiyi töhfəyə görə” layiq görülüb. Onunla yanaşı, müxtəlif sahələrdə çalışan şəxslərə də dövlət mükafatları, təltiflər və fəxri adlar verilib.

Rüstəm Emoməli ilk dəfə deyil atasından dövlət mükafatı alır. 2018-ci ildə Emoməli Rəhmon oğlunu II dərəcəli “Zərrintac” (“Qızıl tac”) ordeni ilə təltif edib. Həmin mükafat da Müstəqillik Günü ərəfəsində təqdim olunmuşdu.

R.Emoməli atasının mümkün varisi sayılır. O, həm də Tacikistan Futbol Federasiyasının prezidenti və Orta Asiya Futbol Assosiasiyasının rəhbəridir.

Emoməli Rəhmonun yeddi qızı və iki oğlu var. Onun Rüstəmdən başqa daha dörd övladı mühüm dövlət vəzifələri tutur.

Bir qızı Ozoda Rəhmon 2016-cı ildən Prezident Aparatına rəhbərlik edir, hakimiyyət sistemində əsas fiqurlardan sayılır. Prezidentin digər qızı Ruxşona Emoməli Tacikistanın Böyük Britaniyadakı səfiridir. Kiçik qızı Fərzona Emoməli isə Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisidir.

AzadlıqRadiosunun tacik xidməti prezidentin digər qızlarının əsasən iri biznes və bank sektorunda çalışdığını üzə çıxarıb. Pərvinə Rəhmonova ölkənin əczaçılıq bazarında lider şirkətə nəzarət edir. Zərinə Rəhmon kommersiya bankı “Oriyonbank”ın idarə heyəti sədrinin müavinidir. Təhminə Rəhmonova isə Tacikistanda aviabilet satışı bazarına nəzarət etmiş “Hava Əlaqələri Agentliyi” şirkətinin təsisçisi olub.

Hərbi cinayətlərə görə məhkum edilmiş Ratko Mladiç 84 yaşında ölüb

Ratko Mladiç məhkəməsində, 2017-ci il
Ratko Mladiç məhkəməsində, 2017-ci il

Bosniya serblərinin hərbi komandiri, “Bosniya qəssabı” kimi tanınan Ratko Mladiç 84 yaşında ölüb. O, soyqırımı və insanlığa qarşı cinayətlərə görə Haaqada ömürlük həbs cəzası çəkirdi.

Beynəlxalq məhkəmə Mladiçi 1995-ci ilin yayında BMT-nin mühafizəsi altında olan Srebrenitsada təxminən 8 min bosniyalıya qarşı soyqırımında, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada müharibə vaxtı törədilmiş digər hərbi cinayətlərdə təqsirli bilib.

Mladiç 2011-ci il mayın 26-da Serbiyada həbs edilib. O, təxminən 16 il Haaqa Tribunalının ən çox axtarılan şəxsi olub. Mladiç həbs olunaraq Haaqadakı keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına (ICTY) təhvil verilib.

Haaqa Tribunalı 2021-ci il iyunun 8-də uzun sürən məhkəmə prosesindən sonra Mladiçi ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə Bosniya müharibəsinin ən ağır vəhşiliklərindən bəzilərini detallı sənədləşdirib.

Məhkəmə 2012-ci il mayın 16-da başlayıb, 530 gün çəkib. Prosesdə 592 şahid dindirilib, təxminən 10 min sübut təqdim olunub.

Mladiç son aylar bir neçə dəfə insult keçirib. Ailəsi, Serbiya rəsmiləri onun humanitar əsaslarla azadlığa buraxılması üçün müraciətlər etmişdilər. Haaqa Tribunalı bu müraciətləri rədd edib. Sonuncu müraciət avqustun 18-də təqdim olunmuşdu.

Mənbələr: MKİ rəhbəri Rusiyanı Baltik ölkələrinə hücumdan çəkindirməyə gedib

Con Retkliff
Con Retkliff

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff bu həftə Moskvaya ona görə gedib ki, NATO ölkələrinə, xüsusilə Estoniya, Latviya və Litvaya hücum etməməsi üçün Rusiyaya xəbərdarlıq etsin. Bunu AzadlıqRadiosuna səfərin detallarından xəbərdar mənbələr deyiblər.

Bu səfər Baltik ölkələrində Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlığın artdığı vaxtda gerçəkləşib.

Baltik ölkələrindən birinin diplomatı anonimlik şərti ilə AzadlıqRadiosuna bildirib ki, Retkliffin Moskvaya səfəri barədə rəsmiləri “əvvəlcədən xəbərdar etmişdilər”.

Rusiya səfəri təsdiqləyib. Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MKİ direktoru ilə “işgüzar görüş” keçirdiyini bildirib. O, tərəflərin həssas məsələləri müzakirə etdiklərini deyib, detallı danışmayıb.

Kremlin sözçüsü Dmitri isə avqustun 27-də jurnalistlərə bildirib ki, “hazırda bu cür qorxuducu xəbərlər çox yayılır... Onların reallıqla heç bir əlaqəsi yoxdur”.

“Politico” nəşrinin mənbəsinə görə, Retkliff səfərdən Rusiyaya İranın hərbi və iqtisadi dəstəyini azaltması üçün təzyiq göstərmək üçün də istifadə edib.

ABŞ prezidenti Donald Tramp isə bundan əvvəl mediada Retkliffin Rusiya səfərinin mövzularına dair səsləndirilən bir sıra ehtimalların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, səfər zamanı nə Rusiyanın NATO ölkələrinə mümkün təhdidləri, “İngiltərəyə hücum”, nə də İrana qarşı sanksiyalarla bağlı məsələlər müzakirə olunub. Trampın sözlərindən belə çıxır ki, görüşlərin əsas mövzusu Ukraynadakı müharibə olub.

26.08.2026

Tramp: MKİ direktorunun Rusiyaya səfərinin nəsə nəticəsi ola bilər

ABŞ prezidenti Donald Tramp deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya səfərinin müəyyən nəticələri ola bilər. Prezident avqustun 26-da “Glenn Beck Program” verilişinə müsahibə verib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə “Washington Post” qəzetinə deyib ki, MKİ rəhbəri Moskvaya “xüsusi xidmətlər arasında əlaqə yaratmaq” üçün gedib.

Peskov TASS agentliyinə bildirib ki, MKİ direktorunun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb.

“Washington Post” yazır ki, Peskov bir gün əvvəl Moskvanın Vnukovo hava limanına gələn ABŞ hərbi təyyarələri barədə Kremldə məlumat olmadığını bildirmişdi.

Avqustun 25-də CBS və Axios adı açıqlanmayan mənbələrə istinadla Retkliffin Moskvaya öncədən elan olunmamış səfəri barədə məlumat yayıb. “Axios”un jurnalisti Barak Ravid yazıb ki, Retkliffin səfəri zamanı ABŞ hakimiyyəti Ukraynadan Rusiya ərazisinə zərbələri dayandırmağı xahiş edib.

“The Wall Street Journal” Retkliffin səfərinin bir neçə mümkün səbəbini göstərib. Bunlar Rusiyada ehtimal olunan səfərbərlik, Ukraynanın Rusiyaya hücumlarını intensivləşdirməsi, İranla müharibə və ya Moskvanın NATO ölkələrinə qarşı mümkün təxribatı ola bilər.

Kremlin müxbirləri qrupundan jurnalist Aleksandr Yunaşevin ehtimalına görə, Rusiya prezidentinin iş qrafiki məhz Retkliffin səfərinə görə dəyişdirilib. Onun sözlərinə görə, avqustun 25-nə “çox genişmiqyaslı tədbir” planlaşdırılmışdı, MKİ direktorunun səfərindən bir neçə gün əvvəl həmin tədbir başqa vaxta keçirilib.

MKİ direktoru Moskvaya qəfil səfər edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff avqustun 25-də Moskvaya qəfil səfər edib. Xəbəri ABŞ rəsmiləri AzadlıqRadiosuna təsdiqləyiblər, amma onun kimlərlə görüşdüyünü açıqlamayıblar.

MKİ və Ağ Ev də məsələ ilə açıqlama verməyib.

Bu qəfil səfər ABŞ kəşfiyyat qurumunun rəhbərinin Rusiyaya niyə şəxsən getməsi ilə bağlı suallar doğurub. Bundan əvvəl MKİ rəhbəri Uilyam Börnsün Rusiyaya getdiyi bəllidir. O, 2021-ci ilin noyabrında, Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan üç ay əvvəl Rusiya prezidenti ilə görüşüb.

Hazırda Rusiyanın işğalçı müharibəsini bitirmək üçün Vaşinqtonun səyləri dalana dirənib. Digər yandan Moskvanın Tehranla münasibətləri ilə bağlı gərginlik var.

ABŞ-də yerləşən Saratoqa Fondunun sədri, Rusiya üzrə ekspert Qlen Hovard AzadlıqRadiosuna bildirib ki, səfərin xarakteri məsələnin ciddi olduğunu göstərir.

“MKİ direktorları nəsə istəmək niyyətləri olmayanda Moskvaya getmirlər”, – Hovard deyib. Onun sözlərinə görə, məsələ mühüm olmadıqca onlar “Rusiyaya qədər gedib çıxmırlar”.

“Börns 2021-ci ilin noyabrında, Rusiyanın işğalından əvvəl ora getmişdi ki, onları Ukraynaya hücum etməməyə çağırsın”, – o bildirib.

ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri müharibə dövründə rusiyalı həmkarları ilə əlaqələri davam etdirirlər. Amma bu səviyyədə üzbəüz görüşlər nadir hallarda keçirilir.

Ukrayna və İran

Səfərin mümkün səbəblərindən biri Ukrayna ola bilər. Prezident Donald Trampın 2025-ci ilin avqustunda Alyaskada Putinlə keçirdiyi sammitə baxmayaraq, ABŞ-nin vasitəçiliyi ilə aparılan səylər dalana dirənib.

“Ümid etmək istərdim ki, onun siyahısının başında Vladimir Putin qarşısında Ukraynadakı bu açıq təcavüz müharibəsini dayandırmaqla bağlı barədə tələb dayanır”, – Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bredli Bouman AzadlıqRadiosuna bildirib.

Bouman səfər zamanı Rusiyanın İrana dəstəyinin də müzakirə oluna biləcəyini deyir.

“Ümid edirəm ki, o, Vladimir Putinə İranın peyklər buraxmasına yardım göstərməyi dayandırmağın vacib olduğunu da deyir”, – Bouman bildirib.

Hovardın da fikrincə, İran məsələsi Retkliffin missiyasının mərkəzində dayana bilər. Amma bunu özünün şəxsi ehtimalı da adlandırır. Hovardın fikrincə, Retkliff Moskvanı İrana silah və ya digər yardım verməyi dayandırmağa razı salmağa çalışa, bu səfər Kremlə qeyri-adi dərəcədə birbaşa xəbərdarlıq ola bilər.

Tokayevin bacısı qızı parlamentə düşüb

Kasım-Jomart Tokayev parlamentdə, 30 iyun, 2026-cı il
Kasım-Jomart Tokayev parlamentdə, 30 iyun, 2026-cı il

Qazaxıstanda parlament seçkilərinin qalibin elan olunmuş “Ədalət” (“Ədilet”) partiyası deputat mandatı alacaq üzvlərinin siyahısını açıqlayıb. Bu partiya yeni birpalatalı parlamentə - Qurultaya avqustun 24-də keçirilmiş seçkilərin qalibi elan edilib.

AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan “Azattyq Asia” xəbər verir ki, siyahıda prezident Kasım-Jomart Tokayevin bacısı qızı Dana Medeuovanın adı var. O, Tokayevin bacısı Karlığa İzbastina və onun həyat yoldaşı, diplomat, Qazaxıstanın Bolqarıstandakı keçmiş səfiri Temirtay İzbastinin qızıdır.

110 namizəd arasında “Ədalət” partiyasının sədri, Tokayev administrasiyasının keçmiş rəhbəri Aybek Dadebay, son çağırış Məclisin deputatı, keçmiş təhsil naziri Asxat Aymağambetov, keçmiş məmur Kuandık Bişimbayevin məhkəmə prosesindən sonra tanınan keçmiş prokuror Ayjan Aymağanova, son çağırış Məclisin deputatı, politoloq Aydos Sarım, söz azadlığını müdafiə edən “Ədil söz” Fondunun keçmiş rəhbəri Karlığaş Jamankulova da var.

Keçmiş dövlət müşaviri Yerlan Karin, “Kazaxtelekom” milli şirkətinin rəhbəri və keçmiş rəqəmsallaşma naziri Bağdat Musin, maarif naziri Juldız Süleymenova, “Qazax dili” (“Қазақ тілі”) Beynəlxalq Cəmiyyətinin prezidenti Rauan Kenjehanulının siyahıdan kənar qalıblar.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6 milyon 528 min 948 nəfər “Ədalət” partiyasına səs verib. Bu, seçici siyahılarına daxil edilmiş şəxslərin ümumi sayının 71,17 faizi deməkdir.

Astana seçkiləri baş tutmuş elan edib. ATƏT/DTİHB və ATƏT PA müşahidəçiləri bildiriblər ki, Qazaxıstanda seçkilər ciddi pozuntular olmadan keçib, lakin real müxalifət və siyasi plüralizm olmayıb.

Avqustun 26-da Qurultaya keçən digər dörd partiya da deputatlığa namizədlərinin siyahısını təqdim edib.

Davamı

XS
SM
MD
LG