Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:14

Trump-ın Qüds qərarının hansı nəticələri ola bilər


Qüdsdə İsrail bayrağı
Qüdsdə İsrail bayrağı

Bu gün – dekabrın 6-da ABŞ prezidenti Donald Trump-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyacağı gözlənir. “Associated Press” agentliyi bu addımın bütün regionda törədə biləcəyi nəticələrdən yazır.

Təbii ki, İsrailin şəhər üzərində nəzarətinin tanınmasını Amerikanın yaxın müttəfiqi olan Təl-Əviv alqışlayacaq. Trump-ın seçki bazasının əsas hissəsini təşkil edən yevangelist xristian seçicilər də bundan məmnun qalacaqlar. Ancaq bu addım regionda zorakılığa yol aça, ABŞ-ın Yaxın Şərq sülh planını hələ tam işə düşməmiş iflic edə bilər.

İsrail Qüdsü öz paytaxtı sayır, Fələstinlilər isə İsrailin 1967-ci ildə tutduğu şərq sektoru gələcək dövlətlərinin paytaxtı hesab edirlər.

*** Buna da bax: Trump-a Qüds xəbərdarlığı

Bu iddialar İsrail-Fələstin münaqişəsinin əsasında durur. Əsas münaqişə də Qüdsün yəhudi, xristian və müsəlman müqəddəs məkanlarının yerləşdiyi Qədim Şəhərlə bağlıdır.

Al Aqsa məscidinin yerləşdiyi Məbəd Dağı həm yəhudilər, həm də müsəlmanlardan ötrü müqəddəsdir.

İsrailin Qüdsün şərqini ilhaq etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb. Yerusəlimin yekun statusunun danışıqlar yoluyla həll olunmalı olduğu bildirilir.

Bəs Trump bu addımı niyə atır?

Məsələ bundadır ki, seçki kampaniyası dövründə Trump israilpərəst mövqe tutub və ABŞ səfirliyini Təl Əvivdən Qüdsə köçürməyi vəd edib. Ancaq vəzifəyə keçəndən bu addımı yerinə yetirməyin onun haqqında danışmaqdan daha çətin olduğunu anlayıb. Amerika qanunlarına görə, prezident səfirliyin Təl Əvivdə qalmasına dair sənədi hər altı aydan bir imzalamalıdır. Trump iyunda onu imzalayıb və bu həftə daha altı aylıq müddət başa çatır.

*** Buna da bax: İsrail də Birləşmiş Ştatların ardınca YUNESKO-dan çıxır

ABŞ rəsmiləri deyiblər ki, Trump bu sənədi bir də imzalayacaq, ancaq həm də Dövlət Departamentinə səfirliyin köçürülməsi üçün bir neçə illik prosesi başlatmaq göstərişi verəcək.

Qüdsün İsrailin paytaxtı kimi tanınması Trump-a seçki vədini yerinə yetirdiyini deməyə imkan verəcək. Bu qərar İsraili də riqqətə gətirəcək, axı, baş nazir Benjamin Netanyahu qlobal səhnədə Trump-ın ən böyük dəstəkçilərindəndir.

Agentlik yazır ki, əslində, bu qərar çox şeyi dəyişməyəcək. Netanyahu-nin ofisi, rəsmi rezidensiyası onsuz da Qüdsdədir, eləcə də parlament, Ali Məhkəmə, Xarici İşlər Nazirliyi burada yerləşir. Bu ölkəyə səfərə gələn liderlər görüşlərini yenə Qüdsdə keçirəcəklər.

Qüdsün böyük hissəsi yəhudilərə və fələstinlilərə açıqdır. Ancaq İsrailin on il öncə çəkdiyi sədd bəzi ərəb məhəllələrini bölür, on minlərlə fələstinli şəhərin mərkəzinə girməkdən ötrü nəzarət məntəqələrindən keçməli olurlar.

*** Buna da bax: İsrail müqəddəs yerlərdən metal detektorları yığmağa razılaşdı

Bu addım Trump-a elektoratından kənarda elə bir müsbət şey vəd etmir. Fələstinlilər xəbərdarlıq ediblər ki, Qüdsün statusunun dəyişməsi sülh cəhdlərinin sonu demək olar. Onlar kütləvi küçə etirazlarıyla hədələyiblər ki, bu da asanlıqla genişmiqyaslı zorakılığa çevrilə bilər.

ABŞ-ın müttəfiqləri də rahatsızdır. Avropa Birliyi, Almaniya, Fransa Trump-ı bu addımı atmamağa çağırıb.

57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı bildirib ki, Qüdsün statusunun dəyişməsi ərəb və müsəlman dünyasına qarşı “açıq təcavüz”ə bərabər olar. Amerikanın regionda əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı da buna qarşı çıxıb.

Bəs, doğrudanmı zorakılıq baş verə bilər?

İsrailin təhlükəsizlik rəsmiləri durumu monitorinq etdiklərini, bütün ssenarilərə hazır olduqlarını bildiriblər. Di gəl, bir məqam diqqətəlayiqdir – son 20 ildə Qüdsdə və Qərb sahildə zorakılıqların çoxu müqəddəs şəhərdəki gərginliklə bağlı olub. 1996-cı ildə İsrail Qədim Şəhərdə yeni tunel açanda ölümlə nəticələnən iğtişaşlar baş verib.

Fələstinlilərin ikinci qiyamı isə 2000-ci ildə olub, o zaman müxalifət lideri Ariel Sharon Məbəd Dağına getmişdi.

Ötən yay İsrail Al Aqsa məscidi yaxınlığında təhlükəsizlik kameraları quraşdırmaq istəyəndə də iğtişaşlar yaşandı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG