Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Trump-a Qüds xəbərdarlığı


Qüdsdə etiraz aksiyası, noyabr, 2017-ci il
Qüdsdə etiraz aksiyası, noyabr, 2017-ci il

ABŞ prezidenti Donald Trump Qüdsü (Yerusəlim) tanımağa qərar versə, bunun “nəticələri ağır” olar. “Frans Pres” agentliyi İordaniyanın belə bir xəbərdarlıq etdiyini yazır.

Xarici işlər naziri Ayman Safadi bazar günü Birləşmiş Ştatlardan olan həmkarı Rex Tillerson-a deyib ki, “Qüdsün tarixi və hüquqi statusunu qoruyub saxlamaq və bu statusu dəyişəcək hər hansı qərardan çəkinmək lazımdır”, – rəsmi Petra xəbər agentliyi bildirib.

Trump-ın kürəkəni və Yaxın Şərq üzrə sülh elçisi Jared Kushner bazar günü deyib ki, prezident Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı qərar vermək ərəfəsindədir.

*** Buna da bax: “Trump Qüdsü İsrail paytaxtı kimi tanımağa qərar verməyib”

Fələstin liderləri isə belə bir addıma qarşı çıxırlar. Ərəb Liqasının rəhbəri Ahmed Abul Gheit deyib ki, bu addım fanatizm və zorakılığı gücləndirər, sülhə ümidləri azaldar.

BÜTÜN MÜSƏLMAN DÜNYASI ÜÇÜN AĞIR NƏTİCƏLƏR

Safadi isə xəbərdarlıq edib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarı təkcə iordaniyalılar və fələstinlilər üçün deyil, bütün ərəb və müsəlman dünyasında ağır nəticələrə gətirər.

İordaniya baş diplomatının fikrincə, belə bir addım Amerikanın İsrail və Fələstin arasında sülh danışıqlarına da ziyan vurar, regionda gərginliyi artırar.

Safadi Ərəb Liqasıyla İslam Konfransı Təşkilatını təcili yığışmağa, “Amerikanın Qüdsü İsrailin paytaxtı kimi tanımağa yönəlik hər hansı addımıyla necə mübarizə aparmağı götür-qoy etməyə” çağırıb.

Bazar ertəsi – dekabrın 4-də Trump ABŞ səfirliyinin Təl Əvivdən Qüdsə köçürülməsini daha altı aylığa ertələyəcək hüquqi sənədi imzalamaqla bağlı qərarını verməlidir.

1995-ci ildən bəri ABŞ-ın bütün prezidentləri belə edib, səfirliklə bağlı addımdan ötrü zamanın yetişmədiyini bildirib.

Trump-ın çərşənbə günü çıxışında İsrailin Qüdsü paytaxt kimi tanımasını dəstək ifadə edəcəyi gözlənir.

*** Buna da bax: “İsrail İrana görə Səudiyyəylə gizli kontaktda olub”

QÜDS NÖQTƏSİ

Qüdsün statusu İsrail-Fələstin münaqişəsində yeri xüsusidir.

Həm israillilər, həm də fələstinlilər bu şəhəri paytaxt sayırlar. Əvvəlki sülh planlarında da bu şəhərdəki müqəddəs yerlərin suverenliyi, onlara nəzarətlə bağlı razılığa gəlinməyib.

2000-ci ildə İsrailin sağ müxalifət lideri Ariel Sharon Al-Aqsa məscidini ziyarət edəndən sonra Fələstin qiyamı (intifada) başlandı, 3 minədək fələstinli, 1000 israilli həlak oldu.

Qüdsün şərqi 1948-ci ildən İsrail yaranandan İordaniyanın nəzarətində idi, 1967-ci ildə altıgünlük müharibə nəticəsində İsrail qüvvələri oranı tutdu. İsrail sonradan bu ərazini ilhaq etsə də, beynəlxalq ictimaiyyət onun addımını tanımadı.

1994-cü ildə İordaniyayla sülh sazişi bağlamış İsrail İordaniyanın şəhərin müqəddəs yerlərinə nəzarətini qəbul edir.

XS
SM
MD
LG