Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

'Karvan'dakı yanğına görə tutulan şəxs həbsdən buraxıldı


"Karvan" ticarət yarmarkasında yanğından sonra

2014-cü il oktyabrın 9-da Sumqayıt şəhərində ən böyük ticarət mərkəzlərindən olan “Karvan”ın yanması ilə bağlı dörd ildir davam edən istintaq və məhkəmə araşdırmaları yekunlaşıb.

Bir nəfərin öldüyü, beşinin isə yaralandığı bu yanğına görə oktyabrın 6-da Ali Məhkəmənin qərarı açıqlanıb – ticarət mərkəzində nəzarətçi-rüsumçu işləmiş İsməli Bayramova 4 il 7 aylıq cəza verilib. Amma o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Çünki onun ittiham olunduğu CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir. Bu kateqoriyadan olan əməllərə görə cəza müddəti beş ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Buna da bax:​ Sahibkar: 'Döymədiyim qapı qalmayıb'

Yanğın nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara ümumilikdə 14 milyon 894 min 141 manat ziyan dəyib.

Amma İsməli Bayramov özünü təqsirli bilməyib. Deyib ki, hadisənin baş verməsində onun heç bir rolu olmayıb.

Onun işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. O, istintaq və məhkəmə gedən dövrdə həbsdə olmayıb – barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Məhkəmənin sonunda ona 4 il 6 ay cəza kəsilib.

Buna da bax: 'Karvan' Ticarət Mərkəzində kompensasiya çıxmazı

Amma ittiham tərəfi hökmdən narazı qalıb və prokuror cəzanın ağırlaşdırılması üçün apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi prokurorun protestini təmin edib – İsməli Bayramova verilmiş cəzanın müddəti 5 il 6 aya qədər artırılıb. Cəza müddəti 5 ildən çox olduğuna görə o, elə məhkəmə zalında həbs olunub.

Bayramovun vəkili bu qərardan Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə qərarı dəyişərək, cəza müddətini 4 il 7 aya endirib. İsməli Bayramov həbsxanadan buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG