Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:35

Bu il Neft Fonduna AÇG-dən 4,6 milyard daxil olub


Arxiv fotosu

2017-ci ilin 9 ayında Dövlət Neft Fondu (DNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə 4, 6 milyard dollara yaxın gəlir əldə edib.

Bu haqda fondun press-relizində bildirilir.

Məlumata görə, bu il yanvarın 1-dən oktyabrın 1-dək DNF-yə AÇG blokundan 4 milyard 574 milyon dollar həcmində gəlir daxil olub.

DNF “Azəri-Çıraq-Günəşli” blokundan indiyədək daxil olmuş gəlirlər barədə də bilgi verib.

Buna da bax:​ Neft fondunun büdcəsi dəyişdirilir

2001-ci ildən etibarən AÇG yataqlar bloku üzrə əldə olunan ümumi gəlirlərin həcmi 126 milyard 683 milyon dollar təşkil edib.

DNF press-relizdə AÇG-də hasilatın xüsusiyyətləri barədə bilgi verməyib.

Xatırlatma

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqları blokudur və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu blok 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

Buna da bax:​ Norveç neft gəlirlərindən trilyonluq fondu necə yaratdı? 5 fakt (Video)

Layihə iştirakçıları BP (35,78 faiz), “Chevron” (11,27 faiz), “ExxonMobil” (8 faiz), ONGC (2,72 faiz), SOCAR (11,65 faiz) şirkətləridir. Yataqda, habelə “Inpex Corp”, “ITOCHU Oil”, “Statoil” və TPAO şirkətlərinin də payı var.

Sentyabrın 14-də AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilən və yenidən tərtib olunan sazişi (PSA) imzalanıb. Sazişi bu dəfə BP, SOCAR, "Chevron", "Inpex”, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." (OVL) şirkətlərinin rəhbərləri imzalayıblar.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin yenə operatoru olacaq.

Buna da bax: 'Azəri-Çıraq-Günəşli' üzrə yeni saziş imzalandı

Sazişin bir hissəsi kimi SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd.-dan artıq sərmayə qoyulması potensialı var. Bunun 10 milyard dollardan çoxunu SOCAR yatırmalıdır.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37, SOCAR - 25, “Chevron” - 9,57, "Inpex" - 9,31, "Statoil" - 7,27, "ExxonMobil" - 6,79, TPAO - 5,73, "Itochu" - 3,65 və "ONGC Videsh Limited (OVL)" - 2,31 faiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG