Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:32

Yeni imtahan modeli açıqlandı


İmtahan zalı

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanları ilə bağlı yeni modeli yekun olaraq da Təhsil Nazirliyi ilə razılaşdırıb.

Yekun razılaşma DİM Direktorlar Şurasının sentyabrın 29-da keçirilmiş toplantısında əldə olunub.

Bu haqda DİM-in məlumatında bildirilir. DİM eyni modelin detallarını da açıqlayıb.

Buna da bax:​ Buraxılış və qəbul imtahanları birləşdirilə bilər, amma...

9 və 11 illik məktəblərdə tətbiq ediləcək model haqda

Həmin modelə görə, ümumi (9 illik) orta təhsil bazasında oxuyanların buraxılış imtahanları yenə də iki mərhələdə olacaq. Ancaq onların 3 fənn üzrə ( indi 2 fəndir) keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.

Birinci mərhələdə oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaqdan ötrü açıq, qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. Riyazi bacarıqları yoxlamaqdan ötrü isə açıq tipli tapşırıqlardan istifadə olunacaq. Şagirdlərin xarici dildə oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqları açıq, qapalı tipli tapşırıqlar, yazı işləri vasitəsilə yoxlanılacaq.

İkinci mərhələ isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarını nəzərdə tutur.

Buna da bax: Qəbulda yeni modelə ekspert baxışları ...

Tam (11 illik) orta təhsil üzrə buraxılış imtahanları isə bir mərhələdə olacaq. İmtahanlar tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək.

Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılmasından ötrü açıq, qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.

Ali təhsil müəssisələrində...

Ali təhsil müəssisələrinə tətbiq ediləcək yeni modelə gəlincə, burda bakalavriat səviyyəsinə qəbul imtahanı yenə 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər 1, 2, 3, 4 və 5-ci qrupa aid ixtisaslara qəbul olmaqdan ötrü 3 fəndən (hazırda 5 fəndəndir) imtahan verəcəklər.

1-4-cü qrupa qəbul olmaq istəyənlərin müsabiqəsi zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələr də nəzərə alınacaq. Həmin nəticələr qəbul imtahanından toplanılan balın üzərinə əlavə ediləcək.

Buna da bax:​ Nazir müavini: 'Test imtahanları ləğv edilmir'

1-ci qrup riyaziyyat, fizika, kimya, 2-ci qrup riyaziyyat, coğrafiya, tarix, 3-cü qrup Azərbaycan dili, tarix və ədəbiyyat fənlərindən imtahan verəcək. 4-cü qrup isə kimya, biologiya və fizika fənlərindən imtahan verməli olacaq.

5-ci qrup (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Abituriyentlər burda əlavə olaraq qabiliyyət imtahanı da verməli olacaqlar.

Qeyd olunan modelin tətbiqinə 2019-cu ildən başlanacaq. 2018-ci ildəki imtahanlar bu il, 2017-ci ildə olduğu kimi keçiriləcək.

Buna da bax:​ Məleykə Abbaszadə yeni imtahan modelindən danışıb

Xatırlatma

Dövlət İmtahan Mərkəzi (DİM) yeni modellə bağlı ilk açıqlamasını bu il sentyabrın 21-də yaymışdı.

Azərbaycanda 1992-ci ildən ali məktəblərə qəbulda test üsuluna keçilib.

Mərhum prezident Əbülfəz Elçibəyin səyi ilə tətbiq edilən bu sistemin qəbulda rüşvətxorluğa ağır zərbə olduğu bildirilir. Bəzi ekspertlər yeni modelin yenidən rüşvətə yol açacağından narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG