Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:54

Daha 4 'Nardaran məhbusu'nun buraxıldığı deyilir


Nardaran məhkəməsi önündə (arxiv fotosu)

Nardaran hadisələrinə görə həbs edilən şəxslərin daha bir qrupunun azadlığa buraxıldığı deyilir.

APA-nın məlumatına görə, bununla bağlı məhkəmə qərarları var.

Ancaq məhkəmənin nə vaxt qərar verdiyi açıqlanmır.

Xəbərdə bildirilir ki, 4 nəfər - Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə Vasif Əliyev vaxtından əvvəl azadlığa buraxılıblar. Onlar məhkəmənin qərarı ilə 2 il 6 ay azadlıqdan məhrum edilmişdilər.

Buna da bax:​ Həbsdən buraxılan 14 Nardaran məhbusu kimlərdir?

Bu qərar prezident İlham Əliyevin bu ilin fevralın 10-da cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə imzaladığı sərəncamla izah edilir.

Sentyabrın 11-i Nardaran hadisələrinə görə, həbs olunan daha 14 nəfərin vaxtından əvvəl azadlığa buraxıldığı açıqlanmışdı. Nardaran kəndindən verilən məlumata görə, onlardan bəzilərinin cəzasının qurtarmasına sayılı günlər qalmışdı.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm halları bu qarşıdurmada baş verib.

Buna da bax:​ Nardaranda əməliyyat keçirilmiş evin sahibi təkrar ekspertiza olunacaq

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu günlərdə isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Buna da bax:​ Avropa Məhkəməsi dindarların şikayətini araşdırır

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG