Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 01:50

Nardaranda əməliyyat keçirilmiş evin sahibi təkrar ekspertiza olunacaq


Hadisənin şahidi: Namaz üstdən qalxıb bayıra çıxdıq ki, bizi atəşə tutdular
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Hadisənin şahidi: Namaz üstdən qalxıb bayıra çıxdıq ki, bizi atəşə tutdular

2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadov təkrar ekspertizadan keçiriləcək. İkisi polis olmaqla, altı nəfərin öldüyü həmin əməliyyat zamanı Bünyadovun özü də güllələnərək iflic olmuşdu.

Ekspertiza haqda sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər kollegiyası qərar qəbul edib.

Əməliyyat zamanı həbs olunan, təxminən bir il saxlandıqdan sonra polis nəzarətinə vermə qətimkan tədbiri ilə evinə buraxılan Bünyadov haqqındakı cinayət işi Nardaran hadisələrinə görə axtarışda olub, 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərovun işi ilə birləşdirilərək məhkəməyə göndərilib. Bu iş üzrə dörd dəfə məhkəmənin hazırlıq iclası təyin olunsa da, Ə.Bünyadovu gətirmək mümkün olmadığından təxirə salınırdı. Sentyabrın 8-də yenə məhkəmədə Bünyadov iştirak etməyib.

***Buna da bax-Nardaranda əməliyyat keçirilən evin sahibi xərəkdə məhkəmə qarşısına çıxarılır

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev Bünyadovun səhhəti ilə bağlı yenidən tibbi ekspertiza keçirilməsini təklif edib.

«BU ADAM HEÇ OTURA DA BİLMİR»

Təklif müzakirə olunarkən digər təqsirləndirilən E.İsgəndərovun vəkili Fariz Namazlı etiraz edib:

«Əbülfəz Bünyadovun durumu ağırdır. Müalicə olunmaq adı ilə onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürsələr də, onu müalicə etməyiblər. Bütün bədəni yara tökəndən sonra məsuliyyəti öz üzərilərindən atmaq üçün göndərdilər evə ki, gedib evdə ölsün. İndi də məsuliyyəti məhkəmənin üzərinə atmaq istəyirlər ki, nə olsa, məhkəmə cavabdehlik daşısın. Onu gətirməyə ehtiyac yoxdur. Çünki bu adam heç otura da bilmir. Bura gətirmək ona əlavə əziyyət verməkdir».

F.Namazlının sözlərinə görə, bu, həm də E.İsgəndərovun hüquqlarının pozulmasıdır:

«Çünki Əbülfəz Bünyadovun iştirak edə bilməməsi səbəbindən məhkəmə neçənci dəfədir ki, təxirə düşür».

***Buna da bax-Nardaran məhbusu: 'İlham Əliyevin iki dəfə vəkili olmuşam...'

E.İsgəndərov özü də ekspertiza keçirilməsinə qarşı çıxıb.

Dövlət ittihamçısı Fərid Nağıyev də əlavə ekspertiza keçirilməsinə ehtiyac görmədiyini deyib. Bununla belə, prokuror ekspertiza ilə bağlı qərarı məhkəmənin öz mülahizəsinə buraxıb.

Məhkəmə qısa müşavirədən sonra Ə.Bünyadovun yenidən ekspertizadan keçirilməsi haqda qərarı elan edib. Ekspertiza rəyi məlum olanadək məhkəmə təxirə düşüb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm halları bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu günlər isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG