Kreml iyulun 12-də bildirib ki, ABŞ hökumətinin Rusiyanın Kaspersky Lab şirkətinin məhsullarını daha almamaqla bağlı qərarı “siyasidir”. Şirkətsə “geosiyasi çəkişmə”nin qurbanı olduğunu deyir.
ABŞ hökuməti iyulun 11-də Kaspersky-nin məhsullarını almamağa qərar verib, onu siyahıdan çıxarıb.
“Bunun siyasi qərar olmasına tamamilə əminik”, – Kremlin sözçüsü Dmitry Peskov deyib. “Bu kommersiya şirkətinin göstərdiyi kommersiya xidmətləri təkcə rəqabətli deyil, dünya miqyasında super-rəqabətlidir”, – Peskov söyləyib.
Kaspersky-nin antivirus proqramı dünyada məşhurdur.
“Görünən odur ki, Kaspersky Lab geosiyasi çəkişməyə cəlb olunub və hər iki tərəf ondan bu oyunda istifadə etməyə çalışır”, – şirkət bildirib.
Şirkət rəhbəri Yevgeny Kaspersky dəfələrlə ABŞ rəsmiləriylə görüşməyi və Konqresdə ifadə verməyi təklif edib.
ABŞ qanunvericiləri narahatdırlar ki, Moskva Kaspersky proqramı vasitəsilə Amerika kompüter şəbəkələrinə hücum edər.