Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:33

Amerika qazı Avropaya gələndən sonra...


İyunda «Clean Ocean» tankeri ABŞ-dan Polşaya ilk maye qaz gətirib
İyunda «Clean Ocean» tankeri ABŞ-dan Polşaya ilk maye qaz gətirib

Varşavada keçirilən «Üç dəniz sammiti»ndə əsas mövzulardan biri Amerikanın Avropaya qaz satması idi. ABŞ prezidenti Donald Trump və Polşa prezidenti Andrzej Duda bəyan ediblər ki, yaxın zamanlarda tərəflər ABŞ-ın Polşaya maye qaz ixracına dair sazişlər imzalayacaqlar.

«Əgər bu bizdən asılı olsaydı, müqavilə elə yaxın 15 dəqiqə ərzində imzalanardı», – deyə ABŞ prezidenti qeyd edib.

D.Trump ötən gün artıq Xorvatiya prezidenti Kolinda Grabar-Kitarovic-lə də eyni məsələ ilə bağlı müzakirələr aparıb.

Buna da bax:​ Trump Rusiya qazını Polşadan sıxışdırıb-çıxartmağa gedir

«GAZPROM»UN MÖVQEYİNƏ ZƏRBƏ

Trump ABŞ maye qazının qəbulu üçün nəzərdə tutulan terminalın mümkün qədər tez tikilməsinə çağırıb. O, Zaqrebin enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində səylərini alqışlayıb.

Litva prezidenti Dalia Grybauskaite isə bəyan edib ki, ABŞ-dan gələcək təbii qazın ilk partiyası artıq avqustda Klaypeda limanına daxil olacaq.

Hazırda Şərqi Avropa qazı, əsasən, «Gazprom»dan alır. Trump-ın təşəbbüsü Rusiya inhisarçısının mövqelərini ciddi zəiflədə bilər.

Rusiya qazı Avropaya bir neçə qaz kəməri ilə daxil olur. Onların bəziləri Ukrayna ərazisindən, bəziləri isə Baltik dənizinin altından keçir. Ötən ilin yekunlarına görə, Avropaya qaz ixracatçıları arasında «Gazprom»un payı 43% təşkil edib. Qeyd edək ki, kəmərlə çatdırılan qazın qiyməti Trump-ın Şərqi Avropaya satmaq istədiyi maye qazdan daha ucuz başa gəlir.

Buna da bax: Azərbaycanın qaz ambisiyaları onu xilas edəcəkmi?

Qaz kəməri
Qaz kəməri

ALMANİYA VƏ UKRAYNA

Siyasəti kənara qoyub bazar qanunlarından çıxış etsək, Rusiya qaz inhisarçısının bazarda öz payını saxlamağa çox yaxşı şansları var. 2019-cu ildə «Şimal axını-2» boru kəmərinin tikintisi başa çatmalıdır. Bu kəmərin tikintisini nə Şərqi Avropa ölkələri, nə də ABŞ dayandıra bilib. İyunun 14-də ABŞ Senatı «Şimal axını-2» və «Türk axını»nın tikintisində iştirak edən şirkətlərə sanksiyalar paketini nəzərdə tutan qanunu təsdiq edib. Ancaq hələlik qanun qəbul olunmayıb, sanksiyalar da tətbiq edilməyib.

Enerji təhlükəsizliyindən danışarkən Avropa tərəfdaşlarının bir qismi Rusiyadan qorunmağı, digər bir qismi isə idxalın diversifikasiyasını nəzərdə tuturlar. Bu böyük oyunda əsas ölkə Almaniyadır. O, Rusiya qazını almaqda maraqlıdır.

Buna da bax:​ Trump Avropa müttəfiqlərini Rusiya yox, ABŞ qazını almağa çağıracaq

Göründüyünə görə, bu məsələdə əsas uduzan tərəf Ukrayna olacaq. «Şimal axını-2» və «Türk axını» dünyada ən güclü qaz nəqliyyatı sisteminin məhvi və Ukraynanın Rusiya qazının Avropaya nəqlinə görə əldə etdiyi ildə 2 milyard dollarlıq gəlirdən məhrum olması demək olacaq.

TƏBLİĞAT MAŞINLARININ QARŞIDURMASI

Bəs Amerika qazı «Gazprom»un satdığı yanacağa ciddi rəqabət yarada bilərmi? Amerika qazı nə ilə fərqlənir?

«RusEnergy» şirkətinin aparıcı tərəfdaşı Mikhail Krutikhin CurrentTime.TV-yə müsahibəsində baş verənləri «iki təbliğat maşınının kəllə-kəlləyə gəlməsi» kimi səciyyələndirib.

Buna da bax: Yeni dünya mərhələsi: ABŞ da artıq təbii qaz ixracatçısıdır

«Avropanı Amerika maye qazı ilə doldurmağa söz verərkən Trump unudur ki, onun ABŞ-dan ixrac olunan qazın istiqamətinə təsir imkanı yoxdur. ABŞ-da təbii qaz «aqreqatorlar» adlanan şirkətlərə satılacaq. Onlar bu qazı yerindəcə alıb sonradan bütün dünyada, qiymətin daha yüksək olduğu yerlərdə satacaqlar. Avropada qiymətlər, məsələn, Yaponiya və Çindəkindən daha aşağı olduğuna görə, şirkətlər bu qazı ilk növbədə Yaponiya, Çin və Cənubi Amerikaya aparacaqlar. Onun bu regionlarda satışı daha sərfəlidir. Trump-ın dedikləri isə bir qədər həqiqətəuyğun deyil», – o deyir.

«GAZPROM»UN MÖVQELƏRİ QORUNUB SAXLANACAQ

Ancaq artıq həm Litvada, həm də Polşada maye qazın qəbulu üçün xüsusi terminallar tikilib. Litvada hətta ikinci terminal da tikilə bilər.

Krutikhin-in sözlərinə görə, burada Qətər, ABŞ, Norveç və s.-dən olan qaz şirkətləri ilə müqavilələr mövcuddur. Buna görə də, alınacaq qazın məhz Amerikadan gələcəyini bilmək olmaz.

Buna da bax:​ Neft, qaz hasilatı azalıb

«Amerikalılar səhərdən-axşama kimi «Gazprom»un mövqelərini zəiflətmək barədə düşünürlər» demək də təbliğatın digər tərəfidir. Birincisi, Amerika şirkətləri gecə-gündüz öz qazlarını daha baha qiymətə satmağın yollarını düşünürlər. Özü də Avropada yox, Asiyada. Avropaya isə daha cəlbedici ölkələrdə satılmayan qazı göndərəcəklər. «Gazprom»a gəlincə, məncə onun mövqeləri qorunub saxlanacaq. O, amerikalılarla yox, dünyanın bir çox ölkələrinin maye qaz ixracatçıları ilə rəqabət aparmalı olacaq», – ekspert deyir.

Ekspert: “Azərbaycan qazın qiymətində ciddi problemlərlə qarşılaşacaq”

“Azərbaycan ümumiyyətlə, Avropanın qaz bazarında öz qaz həcminə görə, önəmli rol oynamır. Avropanın illik qaz istehlakı 500 milyard kubmetrdir. Azərbaycan isə 2020-ci ildən sonra ən yaxşı halda 10 milyard kubmetr qaz verə biləcək”.

İqtisadçı Natiq Cəfərli ABŞ-ın Avropanın qaz bazarına ixracı artırmasından sonra Azərbaycanın qaz təchizatçısı kimi perspektivlərini AzadlıqRadiosu-na şərh edərkən belə deyir.

Buna da bax:​ Azərbaycanın neft və qaz strategiyası Qərb ekspertinin gözü ilə

Bununla belə, ekspert əlavə edir ki, Avropa üçün Azərbaycanın bazara çıxaracağı qazın həcmi önəmli deyil.

Natiq Cəfərli
Natiq Cəfərli

“Önəmli olan boru xətlərinin çəkilməsidir. Həmin xətlərə gələcəkdə İsrail, İraq, İran, hətta Kiprin qoşulması ehtimalı var. Avropa ölkələri də boru xətlərinə bu səbəbdən önəm verirlər. Adıçəkilən ölkələr boru xətlərinə qoşulsalar, 32-33 milyard kubmetrlik qaz həcmi yaranacaq”.

Azərbaycan qazının qiymətini aşağı salacaq

N.Cəfərli ABŞ-ın Avropanın qaz bazarına girməsinin çox önəmli hadisə olduğunu vurğulayır.

“ABŞ rəsmilərinin son bəyanatlarından bəlli olur ki, yaxın illərdə Avropaya sıxılmış şəkildə 80 milyard kubmetrlik qaz ötürmək istəyirlər. Bu kifayət qədər böyük həcmdir”, - deyən N.Cəfərliyə görə, qeyd olunan həcmdə qazın ABŞ tərəfindən Avropa bazarına çıxarılması Azərbaycan qazının qiymətinə də təsir göstərəcək: “Azərbaycan satdığı qazın qiymətində ciddi problemlərlə qarşılaşacaq. İndi Avropada qazın hər min kubmetr üçün ortalama qiyməti 230-240 dollardır. 2020-ci ildə isə bu qiymətlərin 200 dollara qədər enməsi ehtimalı var. Yəni, əsas problem qiymətlə bağlı olacaq”.

Buna da bax:​ 'Avropanı qazla təmin etmək istəyən ölkə öz məktəblərinə istilik vermir'

Gələn vəsait kredit faizlərinə gedəcəksə...

Ekspert onu da əlavə edir ki, Azərbaycanın bazara çıxaracağı qaz həcmindən 2 milyard dollarlıq vəsait gözlənilir.

“Ancaq bu pul birbaşa Azərbaycana aid deyil. Azərbaycan sadəcə, 7 payçıdan biridir. Azərbaycanın payına düşən vəsaitin az olması isə ona gətirib çıxara bilər ki, yalnız aldığı kreditlərin faizlərini ödəməyə bəs edəcək. Bu da əlbəttə, ölkə üçün yaxşı hal deyil”, - ekspert vurğulayır.

Trumpın planı

Amerikanın Avropaya qaz tədarük etməsi Polşanın paytaxtı Varşavada keçirilən «Üç dəniz sammiti»ndə əsas mövzulardan biri olub. ABŞ prezidenti Donald Trump və Polşa prezidenti Andrzej Duda bəyan ediblər ki, yaxın zamanlarda tərəflər ABŞ-ın Polşaya maye qaz ixracına dair sazişlər imzalayacaqlar.

Buna da bax:​ Rusiyanın neft sənayesi sanksiyalara rəğmən irəliləyir

Trump Varşavada Xorvatiya prezidenti Kolinda Grabar-Kitarovic-lə də eyni məsələ ilə bağlı müzakirələr aparıb. Trump Varşavada ABŞ maye qazının qəbulu üçün nəzərdə tutulan terminalın mümkün qədər tez tikilməsinə çağırıb.

ABŞ-dan gələcək təbii qazın ilk partiyasının artıq avqustda Klaypeda limanına daxil olacağı planlaşdırılır.

Hazırda Şərqi Avropa qazı əsasən, «Gazprom»dan alır. Trump-ın təşəbbüsü Rusiya inhisarçısının mövqelərini ciddi zəiflədə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG