Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:52

'Avropanı qazla təmin etmək istəyən ölkə öz məktəblərinə istilik vermir'


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Azərbaycan-Rusiya münasibətləri, ölkədə pambıqçılığın perspektivi, əhalinin alıcılıq qabiliyyətinin düşməsi və məktəblərin istiliklə təminatı bu gün medianın aparıcı mövzusudur.

SƏMİMİ DOSTLAR: AZƏRBAYCAN-RUSİYA

«Azərbaycan» qəzetində dərc edilən «Səmimi dostluq - faydalı tərəfdaşlıq» sərlövhəli məqalədə Azərbaycan-Rusiya münasibətləri dəyərləndirilir.

Müəllif yazır ki, iki ölkə arasında münasibətlər qarşılıqlı etimada əsaslanır və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.

Yazıda vurğulanır ki, iki dövlət arasında münasibətlərin indiki səviyyəyə gəlməsində Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin mühüm rolu olub: «Məhz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa, əlaqələrin inkişaf etdirilməsinə nail oldu».

Müəllif qeyd edir ki, Azərbaycan Rusiya əlaqələrində regionlararası münasibətlər də mühüm rol oynayır. Prezidentlər Vladimir Putin-lə İlham Əliyevin təşəbbüsləri nəticəsində bu əlaqələr regional formatda da uğurla davam etdirilir.

Müəllifə görə, Azərbaycan diasporunun fəallığı da bu əlaqələrin güclənməsində xüsusi rola malikdir: «Rusiyada yaşayan soydaşlarımızın ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) vəzifələrini layiqincə yerinə yetirməklə bərabər, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə də özünəməxsus töhfələr verməkdədir».

Məqalənin sonunda da müəllif iki ölkə arasında münasibətləri belə dəyərləndirir: «Bu münasibətlər açıq və səmimi xarakter daşıyır. Ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus mövcuddur. İstənilən formatda əməkdaşlıq isə əlaqələrin daha da inkişafına mühüm təkan verir».

Saatlıda pambıq yığımı
Saatlıda pambıq yığımı

«QARA QIZIL» HARA, «AĞ QIZIL» HARA...

Azadliq.info saytında ««Ağ qızıl» hökumətin üzünü ağ edəcəkmi?» sualına cavab axtarılır.

Müəllif hazırkı şəraitdə pambıqçılığın Azərbaycan iqtisadiyyatında yerini ekspert Vahid Məhərrəmovla müzakirə edir.

Məqalədə deyilir ki, indi hökumətin pambıqçılığı inkişaf etdirmək səylərinin arxasında neft bumu dövründə ölkəyə gələn 150 milyard dollarlıq vəsaitdən səmərəli istifadə edə bilməmək durur: «İndi hökumət «qara qızılı» buraxıb, «ağ qızıl»ın arxasınca düşüb. Amma pambıqdan gələ biləcək vəsaitlər neft pullarını kompensasiya edə bilməz».

Yazıda vurğulanır ki, bu il dünya bazarında pambığa tələbat yüksək deyil.

Ekspert Vahid Məhərrəmovun fikrincə isə, Azərbaycanda elə kənd təsərrüfatı məhsulları var ki, pambığa nisbətən onlardan daha çox gəlir əldə etmək olar. Sadəcə, pambıqçılığın inkişafında müəyyən qüvvələrin marağı var: «Pambıq Azərbaycana heç zaman neft qədər gəlir gətirməyəcək. Çünki Azərbaycanda istehsal olunan pambığın maya dəyəri yüksək, keyfiyyəti isə aşağıdır. Pambıqdan keçən il ölkəyə 29 milyon dollar vəsait gəlib. Amma meyvə-tərəvəzdən daha çox vəsait daxil olub. Əgər ölkə meyvə-tərəvəz ixrac edərsə, daha çox gəlir əldə edər, nəinki pambıq ixracından. Pambıqçılığı yalnız məmurların, deputatların qurduğu xam xəyal ilə inkişaf etdirmək olmaz».

V.Məhərrəmov deyir ki, bu il istehsal olunan pambığın məhsuldarlığı aşağı olacaq: «Çünki avqustda yığılmalı olan məhsul hələ də sahələrdə qalıb. İqlim şəraiti dəyişib. Əvvəlki kimi deyil. Ölkəyə gətirilən pambıq toxumu tez yetişən deyil, gec yetişən sort olub».

Ekspert sonda da qeyd edir ki, dünya bazarında pambığın qiyməti düşməkdədir: «Nəzərə alınmalıdır ki, pambığın qiyməti dünya bazarında aşağı düşməkdə davam edir. Pambıq son zamanlar 1 dollar 68 sentdən 1 dollar 51 sentə düşüb».

Supermarket
Supermarket

QƏPİYƏ QƏNAƏT...

«Exo» qəzetində isə «Azərbaycanda «büdcə alkoqolu»na keçiblər» sərlövhəli məqalə oxumaq olar.

Yazıda qeyd edilir ki, son bir ildə əksər məhsulların qiymətində kəskin artım baş versə də, bu, spirtli içkilərdə bir elə də müşahidə olunmur.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qəzetə deyib ki, Azərbaycanda spirtli içkilərə getdikcə tələbat azalır. Onun fikrincə, bu, təkcə ölkənin yaşadığı iqtisadi çətinliklərlə bağlı deyil: «Ölkədə inanclıların sayı artır ki, bu da Azərbaycan cəmiyyətində həyat tərzinin dəyişməsinə səbəb olur».

Ekspert deyir ki, ölkədə ümumilikdə alıcılıq qabiliyyəti kəskin enib: «Fikrimcə, Azərbaycanda alıcılıq qabiliyyətini ətin qiymətinə əsasən dəyərləndirmək lazım gəlir. Ət almaq çətinləşir və bu özünü ət satışında göstərir. Əgər əvvəllər ölkə əhalisinin rasionunda mal, qoyun əti gündəlik istifadə edilirdisə, hazırda əhalinin çoxu əti xüsusi günlərdə, bayram və ya qonaq gələndə alır. Bu isə o deməkdir ki, əhalinin alıcılıq qabiliyyəti və real gəlirləri azalmaqda davam edir».

Ekspert vurğulayır ki, indi Azərbaycan vətəndaşları hər şeyə qənaət edir. Hətta öz boğazından belə kəsir: «İnsanlar «öz» mağazalarını və «öz» ərzağını axtarır ki, qəpiyə də qənaət etsin. O insanlar ki, bir zamanlar daha baha mağazalardan mal almağa üstünlük verirdi, indi «büdcə sektoru»na istiqamətlənirlər».

Qazaxda məktəb
Qazaxda məktəb

MƏKTƏBLƏRDƏ SOYUQDUR...

«Novoye Vremya» qəzetində isə «Məmurlar hətta şagirdlərə soyuq qəbul yaradıblar» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkə məktəblərinin istiliklə təminatında yaşanan problemlər öz əksini tapıb. Müəllif bütün bu problemin səbəbi kimi «Azəristiliktəchizat»ın borclarını göstərir. Yazıda qeyd edilir ki, əgər bu qurum borclarının bir hissəsini ödəməsə, paytaxtdakı bir çox binalar isidilməyəcək: «Son məlumatlara görə, «Azəristiliktəchizat»ın borcu 80 milyon manatdır və şirkətin yaxın 10-15 günə bu borcu qaytara biləcəyi inandırıcı görünmür».

Yazıda deyilir ki, qurum 184 məktəbi və 121 uşaq bağçasını istiliklə təmin edir. Rayon şirkətləri isə daha 105 məktəb və 36 uşaq bağçasına istilik verməlidir. Müəllif vurğulayır ki, bu vəziyyətdən məktəblilər də öz nəsiblərini ala bilərlər.

Yazıda «Azəriqaz» İstehsalat Birliyinin mövqeyi isə belə təqdim edilir: «Biz ancaq o ocaqxanaları qazla təmin edirik ki, onların borcu yoxdur. Borclulara gəlincə, onların qaz alıb-almayacaqlarını deməyə çətinlik çəkirəm».

Müəllif sonda da yazır ki, «Azəristiliktəchizat» kifayət qədər maliyyə vəsaitləri alır. Onun bu qədər borcunun yaranması başa düşülən sayılmır: «Axmaq mənzərə yaranıb. Avropanı qazla təmin etmək istəyən ölkə öz məktəblərini istiliklə təmin edə bilmir. Qurumlar arası borca görə... Borcunu ödəmiş sadə vətəndaşlar, məktəblilər əziyyət çəkir».

XS
SM
MD
LG