Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

Rusiyanın neft sənayesi sanksiyalara rəğmən irəliləyir


Başqırdıstanda neft buruqları.
Başqırdıstanda neft buruqları.

ABŞ-ın «Exxon Mobil» korporasiyası Rusiyaya sanksiyalardan əziyyət çəkir. Amma bunu Qərbin digər enerji şirkətləri, yaxud Rusiyanın neft hasilatıyla bağlı demək olmaz. «The Wall Street Journal» qəzetində Bradley Olson və Jay Solomon belə yazırlar.

Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra, 2014-cü ildə ABŞ və Avropa Birliyinin qoyduğu sanksiyaların məqsədi bu ölkənin xam neft və təbii qazın çıxarılmasında yeni texnologiyanı mənimsəməsini məhdudlaşdırmaq idi. Sanksiyalar ən çox Qara dənizdə qazma işlərini, Arktikadakı əməliyyatları, Sibirdə texnologiyadan istifadəni hədəfləyirdi.

BP 590 MİLYON DOLLAR QAZANIB

«Exxon» şirkəti məhz həmin ərazilərdə qazma işləri gördüyündən sanksiyalardan ən çox ziyana düşən şirkət oldu. Amma onun avropalı rəqiblərindən bəziləri Rusiyadakı layihələrini irəlilədirlər. Məsələn, BP «Rosneft»dəki 20%-dək payını saxlaya bilib ki, ötən il bundan 590 milyon dollar qazanıb.

Italyanın «Eni» şirkəti bu ilin sonuna Qara dənizdə quyu qazmağa hazırlaşır və bunu «Rosneft»lə tərəfdaşlıq çərçivəsində edir. Norveçin «Statoil» şirkəti də Rusiyada layihələrini saxlayıb.

Avropa Birliyinin sözçüsü qəzetə deyib ki, sanksiyaların müxtəlif ölkələrə tətbiqində fərqlər ola bilər, amma məhdudiyyətlər qalır və ümumilikdə sanksiyalara zərbə vurmur.

Qərbi Sibirdə neft hasilatı.
Qərbi Sibirdə neft hasilatı.

NEFT HASİLATI ARTIR

Ancaq müəlliflər yazırlar ki, qadağaların bu cür qeyri-mütənasib tətbiqi onların səmərəsi haqda suallar yaradır. «Məqsəd Rusiya sənayesini məhdudlaşdırmaq idisə, görünən odur ki, bu baş verməyib», – vaxtilə «Shell» şirkətində çalışmış, hazırda ABŞ «Eximbank»ının vitse-prezidenti Bill Arnold deyib.

Amma deyəsən, hədəf heç də Rusiyanın neft hasilatını önləmək deyildi. Ötən il gündəlik hasilat 11 milyon barreli keçib ki, bu da on illər boyunca ən yüksək səviyyə sayıla bilər.

«Burda bir sıra iqtisadi faktorların, məsələn, rublun devalvasiyasının rolu olub. Şirkətlər nefti dollarla satıb, qazma xərclərini rus valyutasıyla çəkiblər. Beləliklə də xərcləri azalıb və hasilatın artırılmasına sərmayə qoyublar», – məqalədə deyilir.

Əslində, ABŞ və AB-nin Rusiyaya sanksiyaları İrana qoyulandan daha məhdud olub. Axı, bəzi Avropa ölkələri təbii qaz təchizatına görə Rusiyadan asılıdırlar. İrana gəlincə, ABŞ milyard dollarlıq cərimə qoymaqla şirkətlərin İranla biznes qurmasını əngəlləyib.

TƏSİRİ DƏ OLUB

ABŞ prezidenti Donald Trump seçki kampaniyası dövründə Rusiyaya sanksiyaların daha da yüngülləşdirilməsindən danışırdı, amma son aylar sanksiyalarla bağlı siyasi qətiyyət güclənib.

Təhlilçilər iyulda bitəcək AB sanksiyalarının təzələnəcəyini gözləyirlər.

Rusiyanın keçmiş energetika naziri Igor Yusufov deyir ki, sanksiyalar Rusiyanı Çin avadanlığından istifadəyə məcbur edib. Bu avadanlıq ABŞ, Qərbin digər ölkələrindən gətiriləndən daha ucuz başa gəlsə də, Rusiyanın sərt iqlimində daha tez sıradan çıxır.

Sanksiyalar Rusiya şirkətlərinə pul axınının önünü kəsə bilib. Yaxud «Shell» şirkəti «Gazprom»la strateji alyans yaratmaq planını, Sibirdə şist yataqlarını işlənməsini ertələyib.

Krımın anneksiyasından sonra hərbi ambisiyalarını dilə gətirən prezident Vladimir Putin də iştahasını boğmalı olub. «Sanksiyalar təsirsiz qalmayıb», – «Chevron» şirkətinin keçmiş rəhbəri, hazırda Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çalışan Edward Chow deyir.

XS
SM
MD
LG