Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:43

Ekspert: 'Bəzən südə təbaşir, sabun, soda, əhəng və hətta gips qatırlar'


Süd və qatıq məhsulu
Süd və qatıq məhsulu

“Azərbaycanda süd məhsulları seqmentində ciddi problemlər var”.

İstehlakçıların Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Eyyub Hüseynov belə deyir.

Ekspert vurğulayır ki, mağaza piştaxtalarında saxta südlərin olması nadir hadisə deyil.

“Ekspertlərimiz müəyyənləşdiriblər ki, bəzi istehsalçılar məhsulu quru süd tozundan hazırlayır, ona palma yağı əlavə edir və inəklərin müalicəsi üçün istifadə olunmuş antibiotiklərlə birlikdə satırlar. Bundan başqa, elə hallar da olur ki, südə nişasta, təbaşir, sabun, soda, əhəng və hətta gips qatırlar. Bütün bunlar saxta süd hazırlamaq və ya südün tez turşumasının qarşısını almaq üçün edilir”, – ekspert bildirib.

Buna da bax:​ Südçü: 'Xeyir etməsəydi, bu işlə məşğul olmazdıq'

Eyyub Hüseynov
Eyyub Hüseynov

Kimyəvi maddəyə çevrilən süd məhsulları...

E.Hüseynov süd məhsullarının saxlama müddəti ilə bağlı da istehlakçılara yanlış bilgilərin verildiyini deyir.

“Xama və qaymağın saxlama müddəti 3 ay, dondurmalarda isə 6 ay göstərilir. Halbuki, mütəxəssislər yaxşı bilirlər ki, bəzi süd məhsulları bu dövr ərzində artıq, kimyəvi maddəyə çevrilir”, - deyə E. Hüseynov vurğulayıb.

İstehlakçıların Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri xüsusi vurğulayır ki, dövlət orqanlar belə hallarla mübarizə aparmır.

Rəsmi statistika

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2016-cı ildə Azərbaycanda 2 milyon 009,9 min ton süd istehsal olunub.

Buna da bax: Statistika mal-qaranın artdığını, qəssab isə azaldığını deyir

Azərbaycan Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarına əsasən, süd istehlakı adambaşına ildə ən azı 223,6 litr təşkil etməlidir. Əhalinin sayı nəzərə alındıqda, ölkə südə olan tələbatı ödəmir

Südün faydaları...

Zülalla zəngin olan süddə insan orqanizminə lazım olan bütün amin turşuları var.

Ekspertlərin deməsinə görə, cəmi bir stəkan təbii inək südü insana 1 gündə tələb olunan zülalın 13, D vitaminin 21, kalsiumun 25, kaliumun 10, fosforun 18, selenin 11, B2 vitaminin də 22 faizini verir.

Buna da bax:​ Cərimə perspektivi məmurları qorxutmur

Xatırlatma

Prezident İlham Əliyev bu il fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

Agentlik, ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, istehlakçıların hüquqlarının müdafiəsi və “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir

Buna da bax:​ Qida təhlükəsizliyi agentliyi yaradılır

Həmçinin, Agentliyin fəaliyyətini təmin etmək məqsədilə baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.

Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq və həmin gündən komissiyanın səlahiyyət müddəti başa çatacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG