Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:41

Cərimə perspektivi məmurları qorxutmur


Sövdələşmə. Foto illüstrasiya
Sövdələşmə. Foto illüstrasiya

Dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanların, eləcə də onların nəticələri haqda məlumatın düzgün verilməməsinə görə sanksiyanın qoyulmasından bir aya yaxın vaxt keçir. Həmin normalar İnzibati Xətalar Məcəlləsində (İXM) müəyyən olunub.

AzadlıqRadiosunun müşahidələri göstərir ki, satınalmaların nəticələrinin dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməsində müəyyən dönüş yaranıb. Satınalmaların nəticələri saytda indi əvvəlkindən daha intensiv yerləşdirilib. Qanunda tender elanlarıyla bağlı qoyulan normalara isə satın alan dövlət qurumları əvvəlkitək əməl etməkdən yayınırlar.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi orta- və iriölçülü dayanacaq pavilyonlarının satın alınması üçün tender elan edib. Lakin elanda nə alınacaq pavilyonların sayı, nə də onların çatdırılma müddətləri əks olunub. Tender komissiyasının əlaqələndiricisi Tural Mahmudov AzadlıqRadiosunun bununla bağlı sualının cavabında deyir ki, «elan satınalmalara dair qanunda müəyyən olunmuş tələblərə uyğun verilib və həmin qanunda alınacaq malın sayının göstərilməsi, təchizatın icra müddətinin göstərilməsi tələb olunmur».

BNA SÖZÇÜSÜ: «ELANDA NƏDİRSƏ, ODUR»

«Bu satınalma üzrə maraqlanan təşkilatlar tenderin əsas şərtlər toplusunu satın alacaqlar (onu əldə etmək üçün 6 min manat tələb olunur – red.). Orada alınacaq dayanacaq pavilyonlarının sayı, onların texniki göstəriciləri əks olunub. O ki qaldı malın nə vaxt təqdim olunmasına, bunu həmin şirkətlərin özləri müəyyən edəcəklər. Tender komissiyası hansını məqbul hesab etsə, üstünlük ona veriləcək». Bakı Nəqliyyat Agentliyi (BNA) təmsilçisinin sözləridir.

***Buna da bax-Yeni eskalatorların hərəsi metropolitenə 1 milyon manatdan baha başa gələcək

BNA-nın mətbuat katibi Mais Ağayevin də sorğuya cavabı qısa olub:

«Biz qanunda necə yazılıbsa, elanı da o cür vermişik. Alacağımız pavilyonların sayını və digər informasiyanı mətbuata vermək vəzifəmiz yoxdur».

«DÜZDÜR, AGENTLİK TƏLƏBLƏRİ POZUB, AMMA BU, TƏCRÜBƏSİZLİKDƏN İRƏLİ GƏLİR»

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin dövlət satınalmaları şöbəsinin müdir müavini Mirdamət Kərimov AzadlıqRadiosuna satın alan təşkilatın tenderin predmeti ilə bağlı qanunvericiliyin tələbini pozduğunu və bu faktın araşdırılacağını deyib. Lakin o güman edir ki, BNA-nın tender elanının yarımçıq olması qurumun yeni yaradılması və təcrübəsizliyi ilə bağlıdır.

«Dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanıb və hazırda hökumətdə müzakirə və razılaşdırma mərhələsindədir. Sənəd həm də beynəlxalq təşkilatların rəyi nəzərə alınmaqla hazırlanır. Yeni qanun bu sahədə islahatları, özəlliklə elektron satınalmaların təşkilini nəzərdə tutur. Hazırda tenderlərə dair tələbləri pozan təşkilatlara yazılı və ya şifahi iradlar bildirməklə kifayətlənirik», – M.Kərimov belə deyib.

«Dövlət satınalmaları haqqında» Qanunun 26.1.7-ci maddəsinə əsasən, dövlət satınalması barədə elanda göndəriləcək malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri barədə məlumat təqdim olunur.

***Buna da bax-SOCAR aldıqlarını açıqlayır, amma yenə də qanunu pozur

ELVİN YUSİFLİ: «PULUNU ÖDƏYİR, AMMA GÖRÜR Kİ, YANLIŞ TENDERƏ QATILIB»

Məsələ ilə bağlı AzadlıqRadiosu satınalmalar üzrə mütəxəssis, «Şəffaflıq-Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin eksperti Elvin Yusiflinin rəyini soruşub:

- Elvin bəy, İXM-ə edilən son dəyişikliklər sanki dövlət satınalmalarına hazırlıq prosesinin qanunvericiliyin tələbləri səviyyəsində təşkilinə əlavə qatqı vermədi. Tender komissiyaları tender elanının məzmununa olan tələbə məhəl qoymurlar. Siz bunu nə ilə izah edə bilərsiniz?

- Bu, təkzibolunmaz bir qaydadır ki, qanunla tələb olunan informasiya açıqlanmalıdır. Məsələnin digər tərəfi odur ki, elanla tenderin şərtlər toplusu fərqli sənədlərdir. Şərtlər torlusunda bir çox informasiya var ki, o, ictimai şəkildə açıq deyil. Orada alınan malların sayı, texniki spesifikasiyası və s. məlumatlar əks olunur. Bu sənədi almaq üçün isə iştirak haqqı kimi müəyyən haqq ödənilməlidir. Problemin kökü də bundadır. Elanda təqdim olunan məhdud informasiya biznes subyektinə heç nə «demir». Nəticədə şirkət iştirak haqqını ödəyir və aşkar edir ki, əslində ona aid olmayan bir satınalmaya qatılıb. Mən bu tipli halları qanunun təkmil olmaması ilə əlaqələndirirəm.

- Bəs satınalmalara nəzarət orqanı ona həvalə olunmuş vəzifənin öhdəsindən gələ bilirmi?

- Tənzimləyici orqan bu tipli halları qeydə almaqla kifayətlənməməli, onlarla mübarizə aparmağı və onları aradan qaldırmağı da bacarmalıdır. Satınalmalar sahəsində tənzimləməni gerçəkləşdirən qurum qanunu pozan şəxslərə cərimə sanksiyası tətbiq edə bilmirsə, qanuna əməl etmənin təşviqi və qanunun pozulmasına qarşı qabaqlayıcı addımlar atmırsa, demək ki, qanunun icrası da arzuolunan səviyyəyə gəlib çatmayacaq. Qurum bu məsələdə passiv iştirakçı mövqeyi tutmamalıdır. Prosesə vaxtında və səmərəli müdaxilə imkanından yararlanmalıdır. Qanunvericiliksə buna pis-yaxşı şərait yaradır.

***Buna da bax-Əlil arabasından necə pul çıxarmaq olar? [araşdırma]

- Elvin bəy, dövlət satınalmaları sahəsində problemləri qeyd etdiniz. Onların həllinə vətəndaş cəmiyyətinin nümayəndələri cəlb olunurmu?

- Hazırkı mərhələdə mən satınalmalar sahəsində dövlət tənzimləməsini gerçəkləşdirən dövlət qurumunun vətəndaş cəmiyyəti təsisatları ilə dialoqunu ən vacib element olaraq görürəm. Məsələ burasındadır ki, qeyri-hökumət təşkilatları dövlət satınalmaları sahəsindəki problemləri fəal müzakirə edir və onların həlli yolları üzərində çalışır. Di gəl ki, İqtisadiyyat Nazirliyinin uyğun qurumu «özünü bir kənara çəkib», sanki bunları görməzdən gəlir. «Şəffaflıq-Azərbaycan» təşkilatının təmsilçisi kimi həm də dövlət satınalmaları haqqında yeni qanun layihəsinin cəmiyyətə əlçatan olması, eləcə də onun vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirəsinin vacibliyini vurğulayıram. Qanun yaradıcılığı prosesinə maraqlı tərəflər qatılmalı, bu sahədə rast gəlinən bütün problemlərin həlli mexanizmi birgə işlənməlidir ki, tenderlərin keçirilməsi sahəsində baş verən çoxsaylı nöqsan və çatışmazlıqlar hüquqi çərçivədə həll olunsun.

XATIRLATMA

Prezident İlham Əliyevin 2017-ci il mayın 17-də imzaladığı sərəncamla İnzibati Xətalar Məcəlləsinə satınalmaların təşkili və tender prosedurları ilə bağlı qaydaların pozulmasına görə inzibati cərimə sanksiyası müəyyən olunub. Qanuna əsasən, satın alan təşkilat tərəfindən tender elanının məzmunu «Dövlət satınalmaları haqqında» Qanunla qoyulmuş tələblərə uyğun tərtib edilmədikdə vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək cərimə edilir. Cərimə həm də tender, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə bilgilər tender.gov.az saytında 5 gün ərzində yerləşdirilmədikdə, yaxud yanlış məlumat yerləşdirildikdə tətbiq olunur. Hələlik, heç kəs bu qanunun pozulmasına görə cəzalandırılmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG