Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 15:52

Ədliyyə naziri: 'Başqa ölkələrdən şikayət daha çoxdur'


Fikrət Məmmədov

«Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına xüsusi önəm verilir. Bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir».

Ədliyyə naziri Fikrət Məmmədov bunu AZƏRTAC-a müsahibəsində deyib.

Nazir bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır:

«Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub».

F.Məmmədov deyib ki Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı da ümumi Avropa göstəricisindən 2 dəfə azdır:

«Avropada 10 min əhaliyə orta hesabla 0.64 şikayət düşdüyü halda, bu göstərici Azərbaycan üzrə 0.34 təşkil edir. Azərbaycanla müqayisədə digər dövlətlərdən, o cümlədən Avropa Birliyinin üzvləri olan Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə çox şikayət daxil olub».

XATIRLATMA

Bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlamışdı. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biri idi.

Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

Azərbaycan bu kateqoriyada 8-ci pillədə dayanır.

2016-cı ildə AİHM-ə göndərilən şikayətlərin statistikasına gəlincə, burda da Azərbaycanın adı qabarıq nəzərə çarpır. Sənədə görə, şikayətlərin sayında artım var.

Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.

Ötən il AİHM-ə ən çox şikayət göndərilən ölkə Ukrayna olub - 8658 .

Türkiyədən 8308, Rumıniyadan 8204, Macarıstandan da 5569 şikayət göndərilib.

Üstəlik, Azərbaycanda AİHM bir sıra qərarlarının yerinə yetirilmədiyi göstərilir. Belə qərarlar kimi, REAL sədri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması ilə bağlı qərarın yerinə yetirilmədiyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG