Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:28

Həbsdəki ilahiyyatçının şikayəti təmin olunub


İlahiyyatçı Sərdar Babayev

Masallı rayon Polis Şöbəsi həbsdəki ilahiyyatçı Sərdar Babayevin yaxınları ilə əlaqə saxlamasına, görüşməsinə imkan yaratmalıdır.

Şirvan Apellyasiya Məhkəməsi bununla bağlı qərar verib. Qərar ilahiyyatçının qardaşı Azər Babayevin və vəkil Cavad Cavadovun verdikləri şikayət əsasında çıxarılıb.

Qərar bu gün, iyunun 19-da müdafiə tərəfinə təqdim olunub.

S.Babayev Masallı rayon Polis Şöbəsində saxlanılır. Qanunvericilik onun öz yaxınları ilə nəzarət altında davamlı əlaqə saxlamasına imkan versə də, şöbə bunu, indiyə kimi təmin etməyib.

Buna da bax:​ İlahiyyatçının məhkəməsi sona yaxınlaşır

“Yaxın qohumlarla ayda dörd dəfə 4 saatadək görüşmək və...”

İlahiyyatçının qardaşı və vəkili "Həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna əsaslanaraq Masallı rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Onlar məhkəmədən tələb ediblər ki, S.Babayevin yaxın qohumları ilə ayda dörd dəfə 4 saatadək ləyaqətli şəraitdə görüşmək, həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmağa şəraiti yaradılsın.

Ancaq Masallı rayon Məhkəməsi mayın 19-da onların tələbini rədd edib.

Şirvan Apellyasiya Məhkəməsi Masallı rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin edib.

Həmin qərara əsasən, rayon məhkəməsinin qərarı ləğv edilib. Masallı rayon Polis Şöbəsinin üzərinə vəzifə qoyulub ki, S.Babayevin yaxın qohumları ilə ayda dörd dəfə 4 saatadək ləyaqətli şəraitdə görüşməsinə, həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmasına şərait yaradılsın.

Buna da bax: İlahiyyatçının məhkəməsindəki şahid onu şəxsən tanımırmış

XATIRLATMA

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Buna da bax:​ Xaricdə dini təhsil alanlara məhdudiyyət götürüldü

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Hazırda ilahiyyatçının məhkəməsi davam edir.

İyulun 3-də dövlət ittihamçısının S.Babayevə iş istəyəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG