Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:27

İlahiyyatçının məhkəməsindəki şahid onu şəxsən tanımırmış


Sərdar Babayev

Bu gün, iyunun 7-də Masallı rayon Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin işi ilə bağlı proses davam edib.

Açıq keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Öncə Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Seyid Mirziyad Təhməzov ifadə verib.

Müdafiə tərəfinin bildirməsinə görə, O Sərdar Babayevi cümə namazlarının qılınmasından ötrü məscidə dəvət etdiklərini təsdiqləyib.

Buna da bax:​ Məhkəmədə ilahiyyatçının qandalları açıldı

Daha sonra Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsinin ifadəsi dinlənib. S. Babayev işində onun adı ilahiyyatçı barəsində mənfi məzmunda xasiyyətnamə verməsi qismində keçir. İlahiyyatçının müdafiəçiləri xasiyyətnamənin qərəzli olduğunu bildirirlər. İş materiallarına daxil edilmiş xasiyyətnamədə qeyd edilir ki, Sərdar Babayev qeyri rəsmi olaraq dini mərasimlərə, ayinlərə rəhbərlik edib. Xütbə və moizələrində İran İslam respublikasının siyasi, dini rejiminin təbliğatını aparıb.

Vəkillərin deməsinə görə, Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsi məhkəmədə ifadə verərkən məlum olub ki, o, S. Babayevi şəxsən tanımır. Vəkillər xasiyyətnaməni hansı bilgilər əsasına hazırladığını soruşublar. O, isə bildirib ki, bunu başqa şəxslərdən əldə etdiyi, eşitdiyi məlumatlara əsaslanaraq hazırlayıb.

Buna da bax: İlahiyyatçının məhkəməsi qalmaqalla başladı

İfadələri alınan digər şahidlər Masallı məscidindəki cümə namazlarında iştirak etdikləri deyilən şəxslər olublar. Həmin şahidlər istintaqa verdikləri ifadələrində bildiriblər ki, namaz qılınarkən siyasi məzmunlu çağırışlar eşidiblər. Məhkəmədə də bu ifadələrini əsasən təsdiq ediblər.

Vəkillərin deməsinə görə, həmin şahidlər məhkəmədə ifadə verərkən onların da namaz qılmadıqları üzə çıxıb.

Şahid ifadələrinin dinlənilməsindən sonra S. Babayev çıxış edərək “məhkəməni uzatmaq nəyə gərəkdir, birdəfəlik qərar verin”, – deyə hakimlərə xitab edib.

Proses iyunun 19-da davam etdiriləcək.

Buna da bax:​ 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

XATIRLATMA

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Buna da bax: Xaricdə dini təhsil alanlara məhdudiyyət götürüldü

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu il mayında yumşaldılıb. Artıq, xaricdə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosu-na bildirməsinə görə, S. Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG