Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:25

Hökumətə S.Həzi və M.Ədilovla bağlı suallar gəlib


S.Həzi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan daxil olan bir neçə şikayət üzrə araşdırmalara başlayıb. Məhkəmə Azərbaycan hökumətinə şikayətlərlə bağlı suallar göndərib.

Bu haqda AİHM-in saytı xəbər verir.

Araşdırılan şikayətlərdən biri hazırda həbsdə olan tənqidçi jurnalist, «Azadlıq» qəzetinin şərhçilərindən Seymur Həzi ilə bağlıdır.

Məhkəmənin məlumatında bildirilir ki, S.Həzi 2010-cu ilin mayında müxalifətin təşkil etdiyi aksiyaya qatılmaq istəyərkən saxlanıb. Aksiyadan öncə polis bölməsinə aparılan S.Həziyə Nərimanov Rayon Məhkəməsi 7 gün inzibati həbs cəzası verib.

S.Həzinin şikayətinə görə, polisdə onunla pis rəftara yol verilib. Onu döyüblər, habelə hökumətə yönəlik tənqidi yazılarına son verməsini tələb ediblər.

O, qanunsuz həbs edildiyini, pis rəftara məruz qaldığını, habelə səmərəli hüquqi vasitələrdən istifadə hüququnun pozulduğunu iddia edir. Məhkəmənin pozuntuları tanımasını, onları kompensasiya etməsini istəyir.

M.Ədilov
M.Ədilov

AİHM-in araşdırdığı digər iş AXCP fəalı Murad Ədilovun şikayəti ilə bağlıdır.

M.Ədilovu 2014-cü ilin avqustunda Sabirabad rayonunda Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar. Həmin vaxt müxalifətçi gəncə narkotik ittihamı irəli sürülüb.

Şikayətə görə, M.Ədilovu polis əməkdaşları saatlarla döyüblər. Ondan etirafedici ifadələr almağa cəhdlər edilib.

Hər iki iş üzrə şikayətçilər ölkə içində hüquq-mühafizə qurumlarına müraciət edərək, ədalətli araşdırma aparılmasını istəyiblər. Ancaq onların bütün müraciətləri rədd edilib.

AİHM sözügedən şikayətlər üzrə hökumətdən arqumentlərini təqdim etməsini istəyib.

XATIRLATMA

Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist şərləndiyini bəyan edib. «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə ona təxribat hazırlandığını düşünür.

Digər şikayətçi Murad Ədilov isə «Azadlıq» qəzetinin mühacirətə getmiş yazarı Natiq Ədilovun qardaşıdır. Onu avqustun 11-də Sabirabad rayonunda həbs ediblər. Külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunan müxalifətçi 6 il azadlıqdan məhrum edilib. M.Ədilov ittihamı rədd edir, qardaşına və müxalif mövqeyinə görə həbs edildiyini bildirir.

Hüquq müdafiə təşkilatları hər iki gənci «siyasi məhbus» elan ediblər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG