Ermənistan və Dağlıq Qarabağ separatçıları havadan müdafiə sisteminin vurulmasına görə Azərbaycana xəbərdarlıq edib, bu hücumun cavabsız qalmayacağını bildirib.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü və qondarma respublikanın müdafiə nazirliyi mayın 15-də Facebook səhifələrində bəyanatlar yerləşdiriblər. Onlar zenit-raket sisteminin vurulmasını «provokasiya» adlandırıb və itkilərin olmadığını bildiriblər.
Daha öncə Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir:
«Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus «OSA» zenit-raket kompleksi müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib».
Müdafiə Nazirliyi vurğulayıb ki, Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin qarşısını almaq məqsədilə Ermənistanın «OSA» zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb.
Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkibindədir, ancaq Ermənistanın dəstəklədiyi separatçılar tərəfindən idarə olunur. 1990-cı illərin əvvəllərində bölgədəki münaqişədə 30 min nəfərin həlak olduğu bildirilir. Son 25 ildə münaqişənin həllindən ötrü aparılan danışıqlar nəticəsiz qalıb.