Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:12

İşadamının yenidən ağzını tikib aclığa başladığı deyilir


İşadamı Nicat İbrahim növbəti dəfə ağzını tikib etiraz edir.

İşadamı Nicat İbrahimin artıq, 5-ci gündür ki, ağzını tikərək aclıq aksiyası keçirdiyi bildirilir. Bu haqda onun özü sosial şəbəkələr vasitəsilə məlumat yayıb.

N.İbrahim ağzını tikməsi səhnəsini də lentə alaraq, görüntüləri sosial şəbəkələr vasitəsilə yayıb.

İşadamı yazılı və video müraciətində vurğulayır ki, onu polislər aldadıb pulunu alıblar.

Buna da bax:​ Biznesmen ağzını tikib

“Hüquq mühafizə orqanlarına müraciət etsəm də mənim haqq səsimi dinləyən yoxdur. Bütün dünya azərbaycanlılarına, haqq səsini müdafiə edənlərə müraciət edib yardım istəyirəm”, işadamı vurğulayır.

O, əlavə edir ki, sağlamlığı da əldən gedib.

“Bununla barışmayacağam, haqq mübarizəmi sonadək davam etdirəcəyəm”, Nicat İbrahim bildirir.

N.İbrahimin ailəsindən onun sağlıq durumunun pis olduğunu deyiblər.

Buna da bax:​ Əli Kərimlidən ağzını tikən işadamına dəstək

“Halsızlaşıb. Nəfəs almasında da problemlər var. Çox istəsək də aksiyanı dayandırmaq istəmir”, işadamının ailəsindən bildiriblər.

Ailəsindən aksiyanın ictimailəşdirildiyi, amma hər hansı rəsmi qurumun N.İbrahim ilə maraqlanmadığını bildiriblər.

İşadamının bu aksiyasına, hələlik, Daxili İşlər Nazirliyi və hər hansı başqa rəsmi qurumdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Nicat İbrahim bundan əvvəl də ağzını tikərək aclıq edib. O, ötən il dekabrın 30-dan ağzını tikərək ölüm aclığına başladığı bildirmişdi. Aksiyanın günlərlə çəkdiyi söylənirdi. Yalnız hüquq müdafiə təşkilatlarının səyi ilə aksiyanın dayandırıldığı bildirilirdi.

Buna da bax:​ 8 gündür aclıq aksiyası edən gəncin tələbi

Nicat İbrahimin deməsinə görə, 2008-ci ildə Abşeron rayonunda ondan 32.000 ABŞ dolları alaraq, bunun əvəzində torpaq sahəsi satacaqlarına söz veriblər.

Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılıb. N.İbrahim bildirib ki, ümumilikdə vəzifəli şəxslər ona 46.910 ABŞ dollar borcludurlar. Dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də , şikayəti ədalətli araşdırılmayıb.

Rəsmi orqanlar və video-müraciətdə adı hallan qurumlar onda da Nicat İbrahimin iddialarına münasibət bildirməmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG