Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 02:42

"Uşağa ədəbiyyatı necə sevdirməli?" - yazıçı Sevinc Elsevər danışır...


Azeri writer Sevinc Elsever.

Xəbər verildiyi kimi, ötən ay yazıçı Sevinc Elsevərin uşaqlar üçün yazdığı ikinci kitab - “Donu qırmızı” işıq üzü görüb. Artıq kitabın təqdimatını da keçirən müəllif, Oxu Zalına yeni kitabından, uşaqlar üçün yazmağın çətinliklərindən və “Donu qırmızı” ilə bağlı aldığı rekasiyalardandanışır.


- Sevinc, bir qədər “Donu qırmızı” kitabı haqqında məlumat verə bilərsinizmi?Necə yazıldı və niyə yazıldı?

– Uşaqlar üçün yazmağa, təxminən, 2008-2009-cu illərdən başlamışam. Yadımdadı ki, bir dəfə Elsevər uşaqlar üçün kitab aldı gətirdi. Şeirlər kitabı idi. Müəllifini indi xatırlamıram, amma baxdım ki, şeir kitabında qafiyədən başqa heç nə yoxdu. O müəllifin uşaqlara deməyə nə yeni, nə də ciddi sözü vardı. Düzünü deyim, heç qafiyə, vəzn də yerində deyildi. Bir sözlə, kitabı atdım kənara. Dedim, bunu uşağıma oxumayacam. Məni həmişə düşündürürdü ki, bu cür “dördkünc” şeirləri oxuya-oxuya böyüyən uşaqlar, sonra sərbəst şeiri tanıyanda, əlbəttə, onu şeir hesab etməyəcəklər. Onlar həmişə əzbərləmək üçün şeir öyrənirlər. Yaddaşı möhkəmləndirmək üçün şeir əzbərləmək yaxşıdı. Əzbərləmək üçün heca şeirləri də yaxşıdı. Amma mən istədim ki, uşaqlara elə şeirlər yazım ki, onu oxuyub düşünsünlər, şeir onlarda sadəcə duyğu oyatsın. Uşaqlarda o şeirlərin təəssüratı qalsın, əzbərləmək məcburiyyətində də olmasınlar. Etiraf edim ki, şeir əzbərləməkdən uşaqlıqdan acığım gəlirdi. Həmişə də lövhədə şeirlərin qol-qabırğasını sındıra-sındıra danışırdım, özümdən nələrsə əlavə edirdim. Bəzən bütöv misraları çıxardırdım şeirdən. Müəllimə buna görə qiymətimi aşağı salırdı. İndi öz uşaqlarım məktəblidirlər. Onlara da şeirləri ancaq əzbərləmək üçün verir müəllimləri. Bəzən bu onları yorur. Məsələn, qızım bir gün evə gəlib deyir ki, ədəbiyyat müəlliməsi də, rus dili müəlliməsi də, ingilis dili müəlliməsi də evə şeir verib. Bunu deyə-deyə çantanı yorğunluqla çıxarıb atır. Amma gözünə də dursa, öyrənir. Evin içində var-gəl edir, sözlər yadından çıxanda hirslənir, bu otaqdan o otağa keçir. Məncə, uşaqlara, ən azı, ürəklərinə yatan şeirləri əzbərlətmək yaxşı olar. Onsuz da şeir sənin ürəyinə toxuna bilməyibsə, sən onu unudacaqsan. Necə ki, orta məktəb illərində öyrəndiyim bütün şeirləri unutmuşam. Amma hansısa filmin içində qəhrəmanın dediyi bir misra ürəyimə toxunub. Unutmuram. Uşaqlar üçün yazdığım “Ayna, ayna, varmı məndən gözəl” adlanan kitabda cəmi üç balaca hekayə, bir neçə də şeir toplanmışdı.

Sevinc Elsevərin uşaqlar üçün yazdığı "Donu qırmızı" kitabının üz qabığı.
Sevinc Elsevərin uşaqlar üçün yazdığı "Donu qırmızı" kitabının üz qabığı.

“Donu qırmızı” adlı roman isə yeniyetmə uşaqlara ünvanlanıb. Bu kitab əslində həm də öz uşaqlarımla söhbətimdi. Amma başqa uşaqlar üçün də maraqlı olacağını düşündüyümdən çapa verdim. Necə ki, nənəm məni qarşısına qoyub gənclik illərindən danışırdı, bu romanda da mən 90-cı illərin uşaqlığından danışıram. Bizim oyuncaq həsrətimizdən, yaşadığımız yaxşı və pis hər şeydən. Müəllimlərimizlə, böyüklərlə olan münasibətlərimizdən. O illərdən bəhs edən əsərlərin çoxu “18+”-dur. Uşaqlarla bu mövuzlar ətrafında ayrıca söhbət eləmək lazımdı deyə düşündüm. Romanda uşaqlığımızda kabusumuz olan “Xoxan”ın obrazını da yaratmışam. Bizi həmişə onunla qorxudurdular. Xoxan nənəsini yenicə itirən 12 yaşlı qızcığazın ən yaxın dostuna, sirdaşına çevrilir. Qızcığaz valideynlərilə danışa bilmədiyi hər şeyi Xoxanla danışa bilir. Qəhrəmanımın adı Sevincdi, bir də onun qırmızı don həsrəti var.

Buna da bax: Reyhan Yusifqızı: "Uşaqlarıma uşaq ədəbiyyatı tapa bilmədiyim üçün özüm yazdım"

- “Nuhun gəmisində kosmosa səyahət” macəra fantastika janrındadı. Amma fantastika da elmi cəhətdən əsaslandırılmış olmalıdır. Kitaba qədər kosmosa aid hansısa kitablar və ya araşdırmalar oxumuşdunmu?

- Əlbəttə. Uşaq ensiklopediyalarından yararlanmışam kitabda. Elmi məlumatları da qəhrəmanların dilaoqları vasitəsilə vermişəm. Başqa qalaktikalarda, bizim planetə bənzər planetlərin olması ehtimalı barədə oxumuşdum. Buna qədər də kosmosdan bəhs edən ən sevdiyim əsəri də təkrar oxudum- Ekzüperinin “Balaca şahzadə”sini. Bu əsəri oxuyanda çox balaca idim. Sonra tamaşasını izləmişdim. Səhv etmirəmsə, Gənc Tamaşaçılar Teatrı səhnəyə qoymuşdu. Son bir ildə də iki dəfə oxudum. Və romanımın içində də qəhrəmanlarım həmin kitab barədə fikirlərini bölüşürlər.


- Yer planetində Flora və Faunanın məhvolma təhlükəsi mövzusu süjetdə ənənəvi həll olunur, kimsə planeti xilas edir. Superqəhrəmanlar yəni. Kitabınızın eyni mövzulu cizgi filmlərindən fərqi nədir, sizcə?

- Mənim qəhrəmanlarım azərbaycanlı qızla oğlandı. Onları kosmosa göndərmək fikri də azərbaycanlı alimə məxsusdu. Əsas məqsəd uşaqlarımızda özünəinam hissi yaratmaqdı. Hətta orda Sabirdən məşhur misranı xatırladıram: “özgələr seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”. Romanda da guya artıq bütün xarici uşaqlar kosmosa hər gün gəzməyə çıxırlar. Sadəcə “Nuhun gəmisi”ndə Sülh planetinə heyvanların dalınca uşaq göndərmək fikrini azərbaycanlı alim irəli sürdüyündən, uşaqları öz vətənində tapmalıdır. Başqaları bu fikrə inamsız yanaşırdılar. Həm də hesab edirdilər ki, məhz, o planetə getmək uşaqlar üçün təhükəli ola bilər. Uşaqlar Sülh planetinə gedib çıxmamışdan “Qızılgül” adlı bir planetə düşürlər. Həmin planetdə insanlar 300 ildən çox yaşayır, həyat daha gözəldi, gün daha uzundu. Qızılgüllərlə doludu planet. Hər şey də bir qızılgülünə əldə edilə bilir. O planetdə pul yoxdu. Qızılgül isə qulluq tələb eləmədən hamının həyətində özü bitir. Uşaqlara həmişəlik o planetdə qalmağı təklif edirlər. Amma onlar geri qayıtmağı seçirlər, çünki onların öz dünyaları var və onların yolunu gözləyirlər. Romanın süjeti ilk baxışdan cizgi filmlərindəkinə bənzəyə bilər. Kosmosdan çoxlu əsərlər yazılıb. Filmlər çəkilib, animasiya filmləri daha çoxdu. Hamısında da ya yerdən kosmosa gediblər, ya da ordan bura gəliblər. Bunun başqa variantı da yoxdu. Düşünürəm ki, postmodern üslubdadı roman. Romanda məşhur dini rəvayətdən, “Balaca şahzadə” əsərindən, “Sehrli xalat” filmindən, hətta Nil Armstronqun kosmosda başına gələn ayaqqabı ilə bağlı əhvalatından bəhrələnmişəm. Romanın sonunda uşaqlar Sülh planetinə gedib çıxırlar. Heyvanları “Nuhun gəmisi”nə yığanda əfsanələrdə olan qanadlı atlardan, su pərilərindən də götürür Ulduz. Qəhrəmanların adı gecə və gündüzü özündə ifadə edən Gündüz və Ulduzdu. Amma gəmi müəyyən bir yük üçün nəzərdə tutulduğundan onlar həmin heyvanları orda qoyub gəlməli olurlar. Ulduz könülsüz də olsa, qanadlı atlardan və su pərilərindən vaz keçir.

Buna da bax: Uşağı azad ruhlu böyütmək üçün Astrid Lindgren oxudun


- Bir neçə ay əvvəl Dövlət Gənc Tamaşaçılar Teatrında yenə uşaqlara həsr olunmuş pyesiniz səhnələşdirildi, premyerası oldu. Məşqlərdə iştirak edirdiniz? Münasibət necə idi?

Sevinc Elsevər uşaqlar üçün "Yemlik" dərgisinin təqdimatında.
Sevinc Elsevər uşaqlar üçün "Yemlik" dərgisinin təqdimatında.

- Yox. Uşaq pyesim “Donu qırmızı” kitabında nəşr olunub. Hələ səhnəyə qoyulmayıb. Teatrda Xocalı faciəsindən bəhs edən bir əsərim tamaşaya qoyulmuşdu. Qəhrəmanım Xocalıda əsir düşən, əsirlikdən qayıdandan sonra mentalitet basqısını daim üzərində hiss edən, bir də bununla mübarizə aparan gənc qızdır. Məşqlərdə iştirak edə bilmirdim. Buna imkanım yox idi. Vaxt məhdudluğu var idi. Pyesdən bəzi səhnələri çıxartmışdılar. Dedilər ki, həmin səhnələr milli-mentalitetimizə yaddır. Bəlkə də Gənc Tamaşaçılar Teatrının tamaşaçılarının çoxu yeniyetmələrdi deyə belə düşündülər. Düzünü deyim ki, bir neçə dəfə tamaşanı izləməyə getmişdim. Zalda yuxarı sinif şagirdlərinin də olduğunu gördüm. Müəllimlər məktəblərdən gətirmişdilər o uşaqları. Onda mən öz-özümə dedim ki, yaxşı ki, o səhnələri çıxardıblar. Deməli, bu teatrın bütün tamaşaçıları böyük, yetkin adamlar deyil. Əsər Ağdam teatrında da səhnələşdirilib. Orda olduğu kimi saxlanılmışdı. Amma Gənc Tamaşaçılar Teatrı da əsərin ruhunu saxlamışdı. Əsas o idi ki, mənim nə demək istədiyimi rejissor dayaxşı başa düşürdü. Biz Gülnar xanımla tez-tez telefonda söhbət edirdik. Bir neçə dəfə də görüşmüşdük. Bir-birimizi anlayırdıq.


- Siz həm də “Yemlik” uşaq jurnalının redaktorusunuz. Demək olar ki, son vaxtlar özünüzü bütünlüklə uşaq ədəbiyyatına həsr eləmisiniz. Bu ehtiyac hardan yaranıb? Uşaqlar üçün yazmaq asandımı?

Azərbaycan uşaq dərgisi "Yemlik"in üz qabığı.
Azərbaycan uşaq dərgisi "Yemlik"in üz qabığı.

- Özümü tamamilə uşaq ədəbiyyatına həsr eləməmişəm. Amma çox istərdim ki, bu, belə olsun. Uşaqlar üçün yazanda uşaqlaşırsan. Bu sənin özünü də xoşbəxt edir. O qədər də asan deyil. Amma uşaqlar üçün yazmaq mümkünsüzdü deyə bir şey yoxdu. Çox yazıçıdan bu sözü eşitmişəm: “heç vaxt uşaqlar üçün yaza bilmərəm, çox çətindi”. “Yemlik” jurnalının birinci nömrəsini hazırlayanda tanıdığım, əlim çatan bütün yazıçılara xəbər yolladım ki, uşaqlar üçün yazılarınız varsa, göndərin. Baxmayaraq ki, onların hamısı uşaq yazıçısı deyildi, amma bəzi yazıçıların əsərlərini oxuyanda özüm fikirləşmişdim ki, uşaqlar üçün maraqlı ola bilər. M.Ə.Sabir, Əli Kərim, Nəriman Həsənzadə uşaq yazarları deyillər, ancaq uşaqlar üçün gözəl nümunələr yaradıblar. Məncə, uşaq yazarı və böyük yazarı bölgüsü düzgün deyil. Bacardıqca uşaqlar üçün yazmağı bütün yazıçılarımız borc hesab etməlidirlər. Gələcəyin oxucularını yetişdirmək lazımdı.

Buna da bax: Bakıda yeni uşaq jurnalı: Yemlik

- Uşaqlar üçün yazanda uşaq psixologiyası ilə bağlı ədəbiyyatla tanış olmaq lazımdımı? Yoxsa sadəcə öz təcrübənizə əsaslanırsınız?

-Daha çox öz təcrübəmə arxalanıram. Böyük qızım artıq yeniyetmədi. Kiçik qızımın 9, oğlumun 6 yaşı var. Onlar mənim ilham mənbəyimdirlər. Uşaqlarım lap körpə olanda mən ancaq 3 uşağı müşahidə eləyə bilirdim. İndi uşaqlarımın dostları, sinif yoldaşları da var. Amma nə vaxt dalana dirəndim, çətinlik çəkdim, tərəddüdüm böyük oldusa, internetdə müxtəlif mənbələri araşdırıram, əlbəttə. Uşaq psixoloqlarının fikirlərini heç vaxt qaçırmıram. Bəzən razılaşıram, bəzən yox, o başqa məsələ.

Günün bütün mövzuları

XS
SM
MD
LG