Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Reyhan Yusifqızı: "Uşaqlarıma uşaq ədəbiyyatı tapa bilmədiyim üçün özüm yazdım"


Azeri child writer Reyhan Yusifgizi (Reyhan Yusifqızı Şıxlınskaya)

Oxu zalının qonağı uşaq yazıçısı Reyhan Yusifqızı Şıxlinskayadı. Yazıçı Oxu Zalına Azərbaycan uşaq ədəbiyyatından, uşaqların psixologiyasından və onları mütaliəyə cəlb eləməyin yollarında danışır.


-Reyhan xanım, lütfən bizə bir qədər yaradıcılığınızdan bəhs edin. Oxucularınızın uşaqlar olmasına zaman qərar verdiniz? Buna stimul verən nə idi?

9-10 yaşlarında qızlarım artıq dünya uşaq ədəbiyyatının böyük hissəsini oxumuşdular və öz yaşıdları haqda, öz həyatlarına yaxın olan müasir əsərlər istəyirdilər. Tapa bilmədim və özüm yazmağa başladım.

- Uşaqlıqdan şeirlər, hekayələr yazırdım. Hətta bəziləri o zaman çox populyar olan “Göyərçin” jurnalında dərc olunmuşdu. Sonralar hekayə yazmağa başladım – bu mənim, bir növ, hobbim oldu. İlk uşaq hekayələrimi qızlarım üçün yazmışam. Uşaqlara lap körpə yaşlarından evdə kitabxana düzəltdik: azərbaycan, rus və ingilis dillərində rəngarəng kitablar aldıq, bir çox uşaq jurnallarına abunə olduq. Nəticəsi tez bir zamanda özünü göstərdi – 9-10 yaşlarında qızlarım artıq dünya uşaq ədəbiyyatının böyük hissəsini oxumuşdular və öz yaşıdları haqda, öz həyatlarına yaxın olan müasir əsərlər istəyirdilər. Tapa bilmədim və özüm yazmağa başladım. Onların xoşuna gəlirdi deyə, həvəslənib daha çox yazırdım. Qeyd edim ki, geniş mütaliəsi olan uşaqların xoşuna gəlmək elə də asan deyil. Onlar mənim ilk ekspertlərim idilər. Riyazi biliklərim mənə əlavə imkanlar verdi – elmi-kütləvi, fantastik əsərlər, macəra kitabları yazdım. “Riyaziyyat əyləncəli ola bilərmiş”, “Kompüterin qəribə tarixi”, “Aysu”... 16 kitabım var. “Yaşıl gözlü qız” əsəri Türkiyədə ödül qazanandan sonra məşhurlaşdım. Ardını da yazdım: “Zamanın əsirləri” adlanır.

Buna da bax: "Uşağı Cırtdanla aldatmaq olmur. Yeni qəhrəmanlar yaranmalıdır" (Debat)

-Yanvar ayında “Qaranquş” adlı uşaq jurnalı işıq üzü görüb. Orda sizin də mətnləriniz var. Bundan əvvəl də bir neçə dəfə uşaq jurnallarının çapına cəhd olunub, hamısı da bir-iki nömrədən sonra maliyyə catışmazlığı ucbatından fəaliyyətini dayandırıb. Bu bir faktdır ki, Azərbaycanda sənət və uşaq mətbuatı özünə yer tapmır. “Qaranquş”özünü bundan qoruya biləcəkmi?

Rehan Yusifqızı Şıxlınskaya uşaqlar üçün öz kitabını imzalayır.
Rehan Yusifqızı Şıxlınskaya uşaqlar üçün öz kitabını imzalayır.

- Ümid edirəm ki, qoruya biləcək. Jurnalın yaradıcı heyəti əzmlə çalışır və müasir standartlara uyğun, uşaqlarımızın tələblərinə cavab verən keyfiyyətli iş ortaya qoyurlar. Düşünürəm ki, valideynlər bunu qiymətləndirib uşaqları üçün jurnalı alacaqlar və onun müntəzəm nəşr olunmasına zəmin yaranacaq.


- Müasir dövrdə televiziya və internet uşaq ədəbiyyatına necə təsir edir? Sizcə, ədəbiyyat müasir texnologiyalarla rəqabət apara bilirmi?

Uşaqları televiziya və internetdən uzaqlaşdırmaq deyil, yaxşı mənada, səmərəli istifadə etməyə alışdırmaq lazımdır.

- Müasir texnologiyalara aparan yolda dönüş yoxdur. Bu, artıq bizim həyat tərzimizdir. Kiminsə xoşuna gəlməyə bilər, amma bu, belədir. Desəniz ki, sosial şəbəkə pisdir, televizora baxmaq ziyandır, onsuz da uşaq ürəyində sizinlə razılaşmayacaq. Uşaqları televiziya və internetdən uzaqlaşdırmaq deyil, yaxşı mənada, səmərəli istifadə etməyə alışdırmaq lazımdır. Ədəbiyyat da bu texnologiyalarin qarşısında deyil, yanında olmalıdır, onlardan istifadə etməlidir, rəqabət aparmalı deyil. Bu gün e-kitabxanalardan minlərlə insan faydalanır. Bədii ədəbiyyata maraq azalmayıb – həmişə nə qədər idisə, elə o qədərdir. Sadəcə, kitaba alternativ artıb. Biz televiziya və internetdən informasiya alırıq, dərin bilikləri isə yalnız kitablardan almaq mümkündür. “Kompüterin atası” sayılan Çarlz Bebbic haqda bir hekayəm var: alim müasir uşaqları görüb, kompüteri yaratmağına peşman olur...

-Sovet dönəmində tək-tük də olsa, uşaq yazıçıları vardı, amma sonra uşaq ədəbiyyatı və yazıçıları qeybə çəkildi. Necə düşünürsünüz, bu sahə sovet hakimiyyətinin puluyla saxlanılırdı, yoxsa bizim millət, ümumiyyətlə, uşaqlar üçün əsərlər yazmaq ənənəsinə sahib deyil?

Reyhan Yusifqızı Şıxlinskayanın uşaqlar üçün yazdığı kitabları.
Reyhan Yusifqızı Şıxlinskayanın uşaqlar üçün yazdığı kitabları.

- Hesab edirəm ki, uşaqlar üçün əsərlər həmişə yazılıb və yazılır. Uşaqlar üçün yazmaq ənənəmiz də var. M.Ə.Sabir, F.Səhhət, S.S.Axundov, A.Şaiq, Q.İlkin, X.Əlibəyli, İ.Tapdıq, Z.Xəlil... Çox saymaq olar. Uşaq ədəbiyyatı və yazıçıları qeybə çəkilmədi, sadəcə, dövran dəyişdi. Atalar və oğullar problemi həmişə olub, keçid dövründə isə daha da dərinləşdi. Çünki atalar sovet dönəmində yaşamışdılar, oğullar isə bütün ziddiyyətləri ilə hələ də formalaşmamış yeni quruluşa, mənəvi dəyərlərin fərqli olduğu başqa bir dövrə qədəm qoydular. Biz özümüzü itirdik. Toparlanana qədər vaxt keçdi. Bütün bunlara baxmayaraq, müasir şair və yazıçılar da yazıb-yaradırlar. Təəssüf ki, sovet dönəmindəki kimi təbliğ olunmurlar.

Buna da bax: Azərbaycanda uşaqlar üçün səviyyəli kitablar yazılmır? (Debat)


-Siz hər yazıçının uşaqlar üçün mətnlər və şeirlər yazmamasını şöhrət faktoruyla bağlayırsınızmı? Məsəlçün şairlərimiz gəncliyin, ya da qadınların sevgisini qazanmağa çalışırlar, yazarlarımız da eynilə. Sizcə, yazarları balacaların sevgisini qazanmağa vadar etmək üçün nə lazımdır?

- Düşünürsüz ki, hər yazıçı uşaqlar üçün yaza bilər? Xeyr! Uşaq yazıçıları böyüklər üçün yaza bilərlər, amma riyaziyyatda deyildiyi kimi, tərsi doğru deyil. Balacaların sevgisini qazanmaq isə böyük xoşbəxtlikdir, hər kəsə nəsib olmur.


-Uşaq psixologiyası sadə olduğu qədər də mürəkkəbdi. Onların nə vaxt nəyi bəyənib nəyi bəyənməyəcəyini bilmək çətindi. Bu baxımdan siz əsərlərinizi yazanda psixoloqlarla ünsiyyətdə olursunuzmu?

Reyhan Yusifqızı Şıxlinskayanın uşaqlarla görüşü.
Reyhan Yusifqızı Şıxlinskayanın uşaqlarla görüşü.

-Mən başqa yolla getdim – bir neçə il sərf edərək, uşaq psixologiyasını özüm öyrəndim. İntellektual sistemlərə Türinq yanaşmasını bilirsiniz? Türinq robotlara uşaq məntiqini öyrətmək, sonra isə onlara əlavə biliklər verib müxtəlif istiqamətlərə yönəltməyi təklif edib. Dünyanın bütün uşaqları eyni psixologiyaya malikdir. Onların nə istədiyini bilmək mənimçün çətin deyil. Söhbət mənim nə istədiyimdən gedir. Məqsədim onları yönləndirmək, intellektual səviyyələrini artırmaqdır.


-Uşaqlıqda bədii mətnlər oxumaq gələcəkdə onlara nə kimi üstünlük vəd edir? Sizcə uşaq ədəbiyyatının önəmi nələrdir?

Mən evdə mütaliə saatlarının tərəfdarıyam. Həmin saatlarda hamı nəsə oxumalıdır: böyük də, uşaq da. Sonra oxuduqlarını bir-biri ilə bölüşmək də maraqlı olur.

- Belə bir deyim var: uşaqlıqda hansı kitabları oxuduğunu de, sənin necə insan olduğunu söyləyim. Bədii ədəbiyyat uşaqların bir fərd kimi formalaşmasında olduqca böyük rol oynayır. Nə qədər böyük rol oynadığını çoxları başa düşmür, əgər bilsələr, uşaqlarını hər yolla mütaliəyə cəlb edərlər. Mən evdə mütaliə saatlarının tərəfdarıyam. Həmin saatlarda hamı nəsə oxumalıdır: böyük də, uşaq da. Sonra oxuduqlarını bir-biri ilə bölüşmək də maraqlı olur. Sənin intellektin oxuduğun kitablar qədərdir. Gələcəyi isə intellekti yüksək olanlar idarə edəcək.

Buna da bax: Neil Gaiman: 'Niyə gələcəyimiz kitabxanalardan, oxumaqdan və fantaziyadan asılıdır?'


-İngilis yazıçısı Nil Geyman deyir ki, uşaqlar üçün pis kitablar yoxdu. Uşaq hansı kitabı oxumaq istəyirsə, verin, oxusun. Təzyiq onu mütaliədən küsdürə bilər. Fikir olaraq cəlbedicidi, amma praktikada bu fikir nə qədər realdı?

- İcazə verin, fantast yazıçı Nil Geymanla razılaşmayım. Uşaqlar üçün pis kitablar var. Valideyn uşağın hansı kitabları oxuduğuna hiss elətdirmədən nəzarət eləməli, kitab seçərkən məsləhətlər verməlidir. Kitabdan bir epizod danışmaq, müəllif haqda məlumat vermək olar – uşağı oxumağa maraqlandırmaq lazımdır. Təzyiq göstərmək qəti olmaz!


- Azərbaycan dilinə çoxlu sayda uşaq ədəbiyyatı nümunələri çevrilib. Əsasən, nağıllardan Harry Potter nümunələrinə qədər ən çox oxunan kitablar xarici uşaq ədəbiyyatı olur. Bəs, sizcə, o kitabların keyfiyyəti və içəriyi necədir? Uşaqlar üçün hansı təməl əsərlərin dilimizə çevrilməsini gərəkli hesab edirsiniz?

- Dünya ədəbiyyatından kitabların Azərbaycan dilinə çevrilməsi çox yaxşıdır. Məni bəzən qane eləməyən iki şey olur: kitabın dizaynı və tərcümənin səviyyəsi. Kitabın üz qabığı uşaqlar üçün olduqca əhəmiyyətlidir, onun vizit kartıdır. Kitabın dili isə uşaq dili olmalıdır. Dünya uşaq ədəbiyyatının klassikləri kifayət qədər tərcümə olunub. Düzdür, mən adaptasiyanın əleyhinəyəm, amma görünür, bunsuz mümkün deyil. İstərdim ki, müasir uşaq ədəbiyyatından tərcümələrin sayı artsın: planetin başqa yerlərində uşaqlar hansı mövzularda, yeni yazılmış hansı kitabları oxuyur? Xüsusilə, uşaq ədəbiyyatı müsabiqələrində qalib gəlmiş əsərlərin vaxtında tərcümə olunmasını istərdim. Məsələn, son illərdə H.X.Andersen mükafatını almış Yapon və Çin yazıçılarının əsərlərini bütün dünya oxuyub artıq, biz isə hələ yox.

Buna da bax: Uşağı azad ruhlu böyütmək üçün Astrid Lindgren oxudun


-Sosial şəbəkələrdə tez-tez hazırlıq və ibtidai siniflər üçün dərsliklərdəki heç bir bədii keyfiyyəti olmayan şeir, hekayə, ümumiyyətlə, müxtəlif mətnlər tənqid, istehza obyektinə çevrilir. Siz həm bir uşaq yazarısınız, həm də Bakı Dövlət Universitetində dərs deyirsiniz. Bir mütəxəssis kimi fikriniz maraqlıdı: O keyfiyyətsiz mətnlər uşaqlara nə qədər ziyan vurur? Yoxsa onlara görə narahat olmaq lazım deyil və təhlükəsizdilər?

- Öz mətnlərimdən bilirəm ki, dərsliklər üçün mətnlər ekspertlərin rəyi əsasında, çox ciddi seçilir. Heç bir bədii keyfiyyəti olmayan mətnlərin dərsliyə düşmək ehtimalı, demək olar ki,yoxdur. Ayrıca, təhsilə yeni yanaşma üsullarını, kurikulumu qəbul etməyənlər var. Nəzərə alınmalıdır ki, bu üsullar qabaqcıl ölkələrin təhsil sistemlərinin nümunəsində yoxlanılıb vəbiz də dünyaya inteqrasiya olunmalıyıq. Dərsliklərdə qüsurlar varsa, narahat olmağa dəyər. Onlar tezliklə aradan qaldırılmalıdır.


-Sovet dövrünün uşaqlarının indikindən çox-çox xoşbəxt və həm də məsuliyyətli və çalışqan olduğu deyilir, siz bunu təhsildə, yaxud tərbiyədə hansı estetika ilə əlaqələndirirsiniz, ümumiyyətlə, bu həqiqətdirmi?

- Fikrimcə, bu, həqiqət deyil. Hər dövrdə, hər yerdə xoşbəxtliyin meyarları fərqli olur. Sizcə, Afrikada xoşbəxt uşaq yoxdur? Ümumiyyətlə, uşaqlar xoşbəxt olmağı, böyüklərin fikir vermədiyi şeylərə sevinməyi bacarırlar. Məsuliyyətli və çalışqan olmaq isə genlərlə bağlıdır.


-İndi qərb yazıçılarının qarşıya qoyduğu əsas məsələlərdən biri uşaqların cinsi tərbiyəsi və maarifləndirilməsi sahəsində əsərlər yazmaqdır. Necə düşünürsünüz bizdə bu sahənin durumu necədi? Ümumiyyətlə, uşaqları cinsi tərbiyə etmək üçün valideynlər ədəbiyyata üz tutmalıdırmı?

Biz və bizə qədərki nəsil də cinsi məsələlərlə bağlı maarifləndirilməyib. Cinsi tərbiyənin təcrübəsi və məktəbi yoxdur. Böyüklər bu mövzuda uşaqlarla danışa bilmirlər

-“Ulduz Pərisi” adlı bir nağılım var, sonu belə bitir: “O gündən Pəri və kor balıq dost oldular və birlikdə yaşadılar”. Bu cümləyə görə kitabın nəşri iki il gecikdi. Nəhayət, son cümləni dəyişəsi oldum. Bizdə bu sahənin durumu sıfıra yaxındır. İş burasındadır ki, biz və bizə qədərki nəsil də cinsi məsələlərlə bağlı maarifləndirilməyib. Cinsi tərbiyənin təcrübəsi və məktəbi yoxdur. Böyüklər bu mövzuda uşaqlarla danışa bilmirlər. Nəticədə bəzi uşaqlarda kompleks yaranır. Haradansa, hansı şəkildəsə öyrənincə, ailədə, məktəbdə maariflənmək daha yaxşı olmazmı? Bunlar çox incə məsələlərdir, uşaqların bu mövzulara marağı isə təbiidir. Məncə, problemin həllinə mümkün qədər tez başlamaq lazımdır. Uşağa təbiətdən, heyvanat aləmindən misallar göstərmək olar: dovşanlar və balaları; ata ayı, ana ayı və balaları; toyuq, xoruz və cücələr – təbiətdə hər şey cüt olur və artıb törəyir. İlk növbədə valideynlərimizi maarifləndirməliyik.

Buna da bax: Uşaqların sevimlisi "Vinni-Pux" gerçək həyatda "kim" idi...


-Yeni kitablarınız?

Reyhan Yusifqızı Şıxlinskayanın son kitabı "Məstan və Babu"
Reyhan Yusifqızı Şıxlinskayanın son kitabı "Məstan və Babu"

-Bu yaxında “Məstan və Babu” adlı kutabım nəşr olunub, tezliklə Loqos
kitab evində təqdimatını keçirməyi planlaşdırıram. Ağıllı Məstan və hər şeyi öyrənmək istəyən ayı balası Babu haqda əhvalatlardır. Milli pişiyimizi – Məstanı dünyaya çıxarmaq istəyirəm. Qoy onu hamı tanısın. Başqa bir kitabım da nəşrə hazırdır. Amma bu barədə deməyəcəyəm. Oxucularıma sürpriz eləmək istəyirəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG