Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Ekspert: ‘Taksi xidməti də inhisara alınır’


Bakıda taksi xidməti

“Taksi xidmətində vahid tariflər istehlakçı hüquqlarının pozulmasıdır”.

İstehlakçıların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakı Nəqliyyat Agentliyinin taksilərdə vahid tariflər təşəbbüsünü dəyərləndirərkən belə deyib.

Ekspert hökumətin belə məsələlərdə tarif tətbiq etməməli olduğunu vurğulayıb.

Buna da bax:​ Taksilərə vahid tarif kimə sərfəlidir?

“Hökumət tarif tətbiq etməməli, rəqabət yaratmalıdır. Taksi sahəsində inhisar yaratmaq cəhdi aşkar görünür. Hələ Adam Smit deyirdi ki, inhisar istehlakçının başı üstündə baltadır. Normal bazar iqtisadiyyatında müştəri özü seçim etməlidir”, deyə o, bildirib.

“Taksi xidmətində vahid tariflər bu sahəni inhisarlaşdırmaq istəyidir”.

Bu sözləri isə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, vurğulayıb ki, taksi sahəsi inflyasiya və devalvasiyaya baxmayaraq, son iki ildə qiymətin düşdüyü az sahələrdəndir. Buna səbəb bu sahədəki rəqabətdir.

Buna da bax: Bakıda taksi rəqabəti qızışır - qiymətlər və xidmətlər ətraflı jurnalist araşdırmasında

“Hakimiyyətin fəlsəfəsi bundan ibarətdir ki, onların nəzarət etdiyi sahələr ən yaxşılardır. Əslində isə əksinədir. Hökumətin nəzarət etmədiyi sahələr bazar iqtisadiyyatı prinsipləri ilə inkişaf edir”, - deyə o bildirib.

Natiq Cəfərli
Natiq Cəfərli

N. Cəfərli deyib ki, bunu, yəqin ki, London taksilərinin rentabelliliyini artırmaq məqsədi ilə edirlər.

“Onları dövlət büdcəsindən yardım ilə alıblar. İndi bu taksilər rentabelliliyi itirib. Çünki internet və qısa nömrələrlə xidmət təklif edən çox sayda şirkətlər var. London taksilərinin planı azaldılmır və ona görə vahid tariflə onların rentabelliliyini təmin etmək istəyirlər”, – deyə o, hesab edir.

Buna da bax:​ 'Bakı Taksi': 'Maşınlarımızın satışa çıxarıldığı bizim də qulağımıza çatıb'

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən isə deyiblər ki, taksi xidmətində vahid tarif barədə onlara hələ ki, təklif daxil olmayıb.

“Hələlik, təklif yoxdur, ona görə antiinhisar qanunları baxımından onları nəzərdən keçirə bilmərik”, - deyə mətbuat xidmətində bildiriblər.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu günlərdə vahid tariflər təşəbbüsünü mediaya açıqlamışdı.

V.Kərimli demişdi ki, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə artıq, vahid tariflərin tətbiqi ilə bağlı müraciət də edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG