Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:38

Təhlükəli jurnalistika, Günter Wallraff və onun həyatın dibindən reportajları


Alman jurnalisti Günter Wallraff.
Alman jurnalisti Günter Wallraff.

Almaniyanın dünyaca tanınan şəxslərindən biri də ifşaedici jurnalistikanın məşhur siması Günter Wallraff'dır. "Yorulmaz reportyor" kimi tanınan Wallraff 70-80-ci illərdə antifaşist, müharibə əlehydarı yazar kimi məşhurlaşmağa başlayıb.

Günter Wallraff 1942-ci ilin 2 oktyabrında Köln yaxınlığında dünyaya gəlib. Onun jurnalist kimi ilk səs-küylü işi hələ 20 yaşlarında bir cavan ikən əsgərlik illəri haqda yazdığı "Bundeswehr haqda gündəliyim. 1963-1964" kitabı olub. Bu kitabda o hərbi təlimlər zamanı silahdan necə imtina etməsi haqda yazır. O hər səhər yeni əsgərliyə çağırılmış gənclərlə birlikdə təlim meydançasına çıxıb, əlinə silah əvəzinə çiçəklərlə bəzədilmiş ağac parçasını alaraq necə məşq etməsini, hərbi and içərkən isə, başqa əsgərlərdən fərqli olaraq: "Təntənəli şəkildə Federativ Respublikaya xidmət edəcəyim haqda and içirəm" ifadəsinə "silahsız" sözünü əlavə etməsini təsvir edir. Ancaq o dövrdə Almaniyada müharibə əlehydarlığı mədəniyyəti hələ inkişaf etmədiyi üçün onu "ağıldankəmlik" maddəsi ilə hərbi xidmətdən azad edirlər. Günter Wallraff'ın adətən sensassiyalarla müşayət olunan jurnalistika araşdırmaları beləcə başlayır.

Buna da bax: Karl May heç vaxt getmədiyi Vəhşi Qərb haqda silsilə romanları necə yazırdı...

O əsgərlikdən sonra əmin olur ki, əvvəl maraq göstərdiyi ədəbiyyat, belletristika daha elə də maraqlı deyil və yazar dostlarını roman, pyes yazmaqdansa "Bankaların, nəhəng sənaye müəssisələrinin, birjaların, siyasətçilərin və ticarətçilərin pərdəarxası fəaliyyətlərinə işıq tutmağa" çağırır.

Beləliklə Wallraff peşəkar jurnalist kimi ilk işinə başlayır. Həyatının iki ilini Almaniya Federativ Respublikasının böyük zavodlarından birində iş şəraitini öyrənmək üçün araşdırmalarla məşğul olur. İki ilin sonunda onun "Sən bizə lazımsan" (1966) adlı kitabı ortaya çıxır. Jurnalist bu kitabda işçi sinfinin yaşadığı ağır həyat haqda şəxsi təəssüratlarını bölüşür, o dövrkü "xalq kapitalizmi"nin necə göründüyünü təsvir etməyə çalışır.

Bundan sonra Wallraff araşdırma metodunu dəyişdirməyə qərar verir və təkcə gördüklərini deyil, həyatını yazdığı insanların rollarına girərək onların yaşadıqlarını yaşayaraq başına gələnləri də yazmağa çalışır. Problemlərin kökünü axtarır, günahkarları ortaya çıxarırdı. Jurnalist əvvəlcə bir müddət işsiz kimi əmək birjalarında gəzir, ümumi evlərdə səfillərlə birgə yatıb-durur, özünə biznes quran iş adamı olur, "mühacir işçi" olub əcnəbilərin Almaniyada üzləşdiyi diskriminasiyanı damarlarına qədər yaşayır. Düzdür onu da qeyd etmək lazımdır ki, bu metod heç də Wallraff'ın tapıntısı deyildi. Ondan azı 40 il öncə amerika yazıçısı Upton Sinclair Koloradoda kömür şaxtasında işçilərin ağır güzaranında bəhs edən "Kömür kralı" romanını yazmaq üçün özü bir müddət şaxtaçı kimi orda çalışmışdı. Wallraff'ın məşhurlaşdığı 60-cı illərdə isə jurnalistlərin maskalanaraq müxtəlif obyektlərə "sızması" xeyli yayğın idi.

Wallraff daha da irəli getmiş informasiya toplamaq üçün təkcə peşəsini deyil, həm də xarici görünüşünü dəyişməyə qərar verir. 1974-cü ildə o ilk dəfə xarici görünüşünü dəyişir və İsveçin AFR-dəki baş konsulu Herlingə məxsus sığorta konsernində işə başlayaraq ordakı qanunsuzluqları öyrənməyə başlayır.

Wallraff'ın metodunu qüsursuz saymaq olmaq, ancaq onun jurnalist araşdırması üçün effektivliyi şübhəsiz idi. O özü bu haqda deyirdi: "Mən metodumu müdafiə etməyə çalışmıram. Ancaq bu cür davranmaq çox önəmlidir". Burda bir sual ortaya çıxır, araşdırmaçı-jurnalistin öz fəaliyyəti üçün etik qaydalarını tapdalamağa haqqı varmı?

Jurnalist bu sualın cavabını çoxsaylı məhkəmələrdə verməyə çalışıb. Onun məhkəmə işləri arasında ən məşhuru "Axel Springer nəşriyyatı Wallraffa qarşı" adlanan işdir. Bu məhkəmə işi nə az, nə çox yeddi il davam etmişdi.

Belə ki, jurnalist xarici görünüşünü dəyişərək, Hans Esser adıyla alman qəzeti "Bild"in Hannover bölməsində işə düzəlir. Bu əməkdaşlıq dörd ay davam edir və Wallraffa böyük çətinliklər yaşadır. Hətta sonradan jurnalist yazırdı ki "əgər başına gələcəkləri bilsəydim rola başlamamış bu işdən çıxardım".

​"Bild" Almaniyanın ən böyük tirajlı qəzetlərindən biri idi və onun əməkdaşları həmişə həqiqətləri sadə şəkildə oxuculara çatdırmaq qabiliyyətləri ilə öyünürdülər. Cəmiyyətdə belə bir rəy yaranmışdı ki, "Bild təqiblərə məruz qalanları və əzilənləri qoruyur, kasıblara kömək edib, xəstələrin həyatını rahatlaşdırır". Ancaq Wallraff bunun belə olmadığını sübut etməyə çalışırdı. O yazırdı ""Bild" oxucular üçün narkotikadır, onların diqqətini əsl həqiqətlərdən yayındırır və ölkənin əxlaqi və siyasi obrazını təhrif edərək oxucularına çatdırır". Di gəl ki, bunları sübut etmək olduqca çətin idi. "Axel Springer" böyük və zəngin bir nəşriyyat idi, ora düşənlər böyük pullar qazanır və pulun təsiri ilə yavaş-yavaş nəşriyyatın daxili tələblərinə öyrəşməyə başlayırdılar. Jurnalist burda çalışdığı müddətdə şəxsiyyətindəki dəyişiklikləri müşahidə edib gündəliyində yazırdı. "Elə hadisələr baş verir ki, sən özündən asılı oldu-olmadı düşüncənin yüngülcə dəyişməyə başladığını hiss edirsən. Özünü əvvəlki kimi qalmış kimi göstərməyə çalışa bilməzsən".

Günter Wallraf 1965-ci ildə.
Günter Wallraf 1965-ci ildə.

Beləliklə 1977-ci ildə Wallraff'ın yazdığı "Sensassiyanın doğuluşu" kitabıya "Bild" qəzetinin cəmiyyətdə yaratdığı siması yerlə bir olur. Müəllif qəzeti həqiqəti təhrif etməkdə və faktlar quraşdırmaqda ittiham edir. Jurnalistə görə qəzetdə yayımlanan sensassiyalı qətl, zorlama, sevgi tarixcəsi, vampirlər, "Uçan Naməlum Obyektlər" haqda əhvalatlar yalan imiş. Qəzet oxucularını bədbəxt hadisə və kataklizm xəbərləri ilə oxucularını qorxu altında saxlamağa çalışırmış.

Buna da bax: İnsanlar soyqırımları necə unudur və soyqırım turizmi nədir...

Jurnalistin səs-küylü kitabından sonra "Springer" nəşriyyatı onu məhkəməyə verir. Almaniyanın Konstitusiya məhkəməsinə edilən şikayətdə iddia edilirdi ki, redaksiyadaxili toplantıların məğzini ictimaiyyətə çıxartmaq media azadlığına ciddi zərbədir və buna görə də cinayətdir.

"Bild" qəzetinin ifşası Wallraffa asan başa gəlmir. Qəzetin gizli əli onun telefon zənglərini izləyir, oğrular onun qəzet haqda topladığı arxivinin yarıdan çoxunu ələ keçirirlər. Ancaq jurnalist toplanmış materialları vaxtında nüsxələyib etibarlı yerdə gizlətməyi də unutmamışdı. 1980-ci ilin 18 aprelində "Bild" qəzetində Wallraff'ın informatoru sayılan redaktorlardan biri Heins Willman mənzilində ölü tapılır. Onun öldürüldüyümü, yoxsa əcəliyləmi öldüyü haqda mübahisələr uzun müddət davam edir.

Wallraffın səyləri boşa çıxmamışdı. Onun "Bild" qəzetinə qarşı başlatdığı kampaniyadan sonra qəzetin dörd yüzə qədər jurnlist və yazarı "Springer" nəşriyyatıyla əməkdaşlıqdan imtina edir, tezliklə "Anti-Bild" bürosu yaranır və qəzetin yalanlarından zərər çəkənlər ora müraciət etməyə başlayırlar. Hamısından əsası isə Wallraff milyonlarla oxucunun qəzetə olan inamını sındıra bilir.

Məhkəmədə jurnalistə uduzan ​“Axel-Springer” nəşriyyatı isə Wallraffı 60-cı illərin sonu - 70-ci illərdə Şərqi Almaniyanın “Stazi” xüsusi xidmətinin ştatdankənar əməkdaşı olmasında günahlandırmaqda da çəkinməmişdi.

Wallraff'ın daha bir sənədli povesti isə “Lap dibdə” adlanırdı. Bu kitab yalnızca Almaniyada 4 milyondan artıq tirajla satılmış və 15 dəfə təkrar nəşr olunmuşdu. O, 35 dilə, o cümlədən, rus və tük dilinə çevrilib.

Günter Wallraffın "Lap dibdə" kitabının əsasında çəkilmiş sənədli film.

Kitabın baş qəhrəmanı jurnalist özüdür. O informasiya toplamaq üçün çevrildiyi türk mühacir işçi Əliyə çevrilir. Wallraff obraza girərək, ən müxtəlif yaşayış və istehsalat situasiyalarını öyrənir. O işçi qüvvəsini icarəyə verməklə məşğul olan firmaya işə düzəlməsini və firmanın qastarbayterləri amansızcasına istismar etməsini təsvir edir.

Kitabın nəşri kütləvi məhkəmə proseslərinə səbəb olmuşu, Wallraff-Əlinin işlədiyi “Adler” firmasının rəhbərini isə prokurorluq nəzarət altına almış və o, həbsə düşmüşdü...

“Mən həmişə müxtəlif azlıqlara həmrəylik göstərmiş, özümü onlarla eyniləşdirmişəm. Yaşadığım Kölnün Erenfeld rayonunda hər üç, hətta iki sakinindən biri yerli Almaniyalı deyil. Türk qonşu və dostlarım mənə qeyri-insani iş şəraitindən bəhs etmişdilər. Bununla belə, onlar işi itirmək qorxusundan harasa şikayət etməyə ehtiyatlanırdılar. Bu barədə getdikcə daha çox eşitdim və onların yerində olmaq qərarına gəldim”.

Buna da bax: Alman yazıçısı Siegfried Lenz romanında özünün fərariliyindən yazıbmış

Wallraff qəzetə elan verir: İstənilən, o cümlədən çirkli və ağır iş axtarıram. Özünə həyat tarixçəsi də uydurur: atam türk, anam yunandır, Yunanıstanda doğulub, böyümüşəm. O, türk dilində bilmirdi, amma yunancanı bir az bilirdi. Wallraff güclü cənub şivəli kobud almancada da danışmağa öyrəşir.

O yazırdı: “Saçlarımı qara rəngə boyadım, tipik türk bığları buraxdım və mavi gözlərimi gizlətmək üçün qara kontakt linzalar sifariş etdim. Anam mənimlə qarşılaşanda öz oğlunu tanımadı”.

Wallraff türk işçisi rolunda olaraq, Almaniyada başqa ölkələrdən gələnlər üzərində hakimiyyətdən həzz alan müxtəlif rütbəli rəhbər işçilərin kifayət qədər olduğu nəticəsinə gəlir.

“Belələrinin çoxluq olduğunu demərəm. Həmkarlarımın əksər çoxluğu susurdu. Son illərdə situasiyanın əhəmiyyətli dərəcədə dəyişməsini və almanların daha qayğıkeş olmasını etiraf etmək lazım gəlsə də, mənə belə gəlir, alman milli xüsusiyyətlərindən biri vətəndaş cəsarətinin olmamasıdır” - deyə jurnalist "Lap dibdə" kitabında yazırdı.

Günter Wallraff.
Günter Wallraff.

Wallraff alman bürokratiya maşınını tənqid edirdi: “Mənə daim belə gəlir ki, Almaniyada qanunlar bürokratlar tərəfindən insanlar üçün deyil, hansısa mücərrəd süründürməçiliyə yarınmaqdan ötrü yaradılır. Qanun yaradanların əksəriyyəti, ümumiyyətlə, kağız – kuğaz arxasındakı canlı insanları seçməyə qadir deyil. Almaniyada başqa ölkələrdən olanların problemlərini necə həll etmək barədə deyil, eləcə, həmin problemlər üzərində mübahisə etməyi çox sevirlər.

Bu ölkə mühacirlərsiz bomboş oalrdı. Miqrasiya, sərhədin o tayından adamların nizamlanmış və müntəzəm axını onun üçün, sadəcə, zərurətdir. Bizə gələnlərə, xüsusən çoxuşaqlı ailələrə minnətdar olmalıyıq. Axı Almaniyada doğum kəskin şəkildə aşağı düşür”.

Günter Wallraff altmış yaşında da rahatlıq bilmir. Gah üçüncü dəfə evlənir və toyu evinin yanında, siyasi qaçqınlar üçün yataqxanada edir, gah məhbuslarla tennis oynamaqla, həbsxanaları gəzir, gah öz altmışilliyinə Kabulda qızlar üçün məktəb açır, gah da Rusiya hakimiyyətinin müxtəlif bəhanələrlə buraxmadığı Çeçenistana getməyə can atır.

Son aylarda Günter Wallraff artıq otuzdan artıq prosessdə udduğu “Axel Springer” nəşriyyatı ilə mübarizənin növbəti raundunda öz şərəfli adını qoruyub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG