Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:42

İnsanlar soyqırımları necə unudur və soyqırım turizmi nədir...


Sergei Loznitsanın "Austerlitz" filmindən bir səhnə (2016)
Sergei Loznitsanın "Austerlitz" filmindən bir səhnə (2016)

Tanınmış Ukrayna sənədli filmlər rejissoru Sergei Loznitsa son filmi ilə XIX Selanik Beynəlxalq film festivalında Yaddaş-Tarix bölümündə göstərilməyə başlayım. Film 2016-cı ildə çəkilib və 2017-ci ildə Avropanın müxtəlif şəhərlərində göstərilməyə başlayıb və qısa zamanda məşhurlaşıb.

Sergei Loznitsa filminə avropalıların keçmişi və indiki avropalıların keçmişə etinasız münasibətindən bəhs edir. Qısacası isə Loznitsa Almaniyadakı keçmiş əsir düşərgələrinə gedib ora turistlərinin axını haqda film çəkib.

Buna da bax: Vitaly Mansky indi də Krımın işğalından film çəkib

Əvvəla onu demək lazımdır ki, "Austerlitz" adlanan sənədli filmin sujet xətti alman yazar W. G. Sebald'ın 2001-ci ildə yazdığı eyni adlı tarixi romanı əsasında çəkilib. Romanda Austerlitz adlı qəhraman İkinci Dünya Müharibəsi illərində Avropada yəhudilərə qarşı törədilmiş soyqırımdan xilas olub İngiltərəyə sığınmış bir nəfərdir. O böyüdükdən sonra Theresienstadt əmək düşərgəsi haqda nasist təbliğatı filminə baxır və ordakı kadrların birində gördüyü anasını tanıyır. Filmin baş qəhramanının adı Austerlitz eyni zamanda məşhur əsir düşərgəsi Auschwitz​'i xatırladır.

Ukraynalı rejissor Sergei Loznitsa.
Ukraynalı rejissor Sergei Loznitsa.

Loznitsa gizli kameralarda çəkdiyi, ağ-qara, dialoqsuz filmi ilə bir növ tamaşaçıların diqqətini keçmişə çəkməyə çalışır, Münhen və Berlin kimi böyük şəhərlərin ətrafındakı Dachau və Sachsenhausen əsir düşərgələrinə axın edən turistlərin davranışlarını göstərərək tamaşaçılara insanlıq dərsi verir.

Filmdə görürük ki, XX əsrin ən böyük soyqırımının törədildiyi düşərgələrə axın-axın turistlər gəlir. Ətrafa boylanırlar, bir-biri ilə danışıb zarafatlaşırlar, saqqız çiynəyirlər, selfie çəkdirirlər, bələdçilərin dilindən dinləyirlər. Açıq-saçıq paltarlarda düşərgələri gəzirlər. Ətrafda bununla bağlı hansısa tələb ya da xəbərdarlıq lövhəsi də yoxdur. Köynəklərinin üzərində “Cool Story Bro”, “Fucking Fuck Happens”, “Jurrasic Park”, “Life Was More Relaxed When Apples and Blackberries Were Just Fruit”, “No Hustle No Progress” yazılar yazılıb. Sanki Eiffel qülləsində yaxud Disneylandda gəzirlər. Tarixi baxımdan önəmli olan bu yerləri turistlər istismar edir, ölənlərin ruhuna hörmətsizlik göstərirlər.

Sergei Loznitsa'nın "Austerlitz" filminin treyleri.

Filmdə Loznitsa bizdən soruşur: "Əsir düşərgələrini gəzərkən özünü necə aparmalı, nə geyinməli. Baxmaq. Hamı baxır, baxır, baxır. Hara baxırlar? Binalara, divarlara, həyətlərə, otaqlara, sobalara, çəpərlərə, bölmələrə baxırlar. Qurbanlar artıq burda yoxdular. Müharibə cinayətkarları da burda yoxdular. Keçmiş buranı tərk edib. Geridə ancaq toz qalıb. Bu yerləri gəzmək əlbəttə mənasız deyil, səhv deyil. İnsan marağının bir parçasıdır. Maraq göstərmək, unutmaqdan, etinasızlıqdan, vecsizlikdən çox-çox yaxşıdır".

Loznitsa istəyir ki, Austerlitz nasist düşərgəsinin indi nəyə çevrildiyini ordan qurtulanlar və tarixçilərin gözü ilə deyil, oranı gəzən turistlərin gözü ilə göstərməyə çalışır. Məqsəd XXI əsrdə insanların hissiyyatlarını nə qədər itirdiklərini, etinasız, diqqətsiz olduqlarını göstərməkdir. Məsəlçün, yüzlərlə insanın öldürüldüyü qaz sobalarının önündə dayanıb şəkil çəkdirən turistlər heç başlarındakı həsir papaqları çıxarmağı belə özlərinə rəva bilmirlər.

Loznitsa deyir: "Bu düşərgələrə 40 il əvvəl gələnlər indi gələnlərdən fərqli səbəblərə görə gəlmişdilər. İndiki ziyarətçilər bəlkə də harda olduqlarını, bu yerin önəmini xatırlamır". Hətta Ukraynadakı kütləvi qırğınları təsvir etmək üçün Buchenwald əsir düşərgəsinə gedən rejissor özünü də bir anlıq turist kimi hiss etdiyini deyir: "Kermatoriyaları gəzərkən mən də özümü turist kimi hiss etdim. Burada necə dayanmaq olar? - deyə düşündüm. Özümü Kafkanın hekayələrindən birində hiss etdim. Bu yerdə olmamalıyam. Yaddaşımızı necə qorumalıyıq, belə bir hadisəni necə çatdırmalıyır?" - deyə rejissor fikirlərini paylaşır.

Buna da bax: Aydın Dadaşovun ölməz filmində Sovet imperiyası necə dağılırdı...

"Austerlitz" filmi müasir dövrün qəribə bir paradoksunu bizə çatdırır. "Bir yanda keçmişin ağırlığını daşıyan, yaxın adamlarını düşərgələrdə itirmiş şəxs, digər yanda tarixə və keçmişə yad turistlər. Onlar özlərini istehlakçı kimi aparırlar. Dəhşətlər kiçik parçalara bölünüb soyqırım turistlərinə satılır. Kənardan baxaraq müşahidəçi kimi qalırsan" - deyə rejissor keçirdiyi qəribə hissləri tamaşaçılara çatdırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG