Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:40

Hemodializ sahəsində problemlərin çözüldüyünü demək tezdir


Gəncədə hemodializ mərkəzi.

Hər il dializ xəstələrinin sayı 10 faiz artır. Hazırda 3 mindən çox belə xəstə var. Onların, demək olar, hamısı dövlət hesabına müalicə edilir.

Artıq yetərli sayda hemodializ (qanın süni böyrək aparatı ilə orqanizmdən kənarda təmizlənməsi) aparatı olduğundan, daha əvvəlki növbələr də yoxdur. Amma bu sahədə problemlərin tam çözüldüyünü demək tezdir.

Buna da bax:​ Böyrək köçürülməsinə növbədə neçə xəstə var?

Builki tenderin qalibi kim olacaq?

Böyrək çatışmaqlığı xəstələrinin təminatı bütövlüklə dövlət hesabınadır. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi bu ilə olan tələbatın ödənilməsi üçün martın 28-də tender keçirib. Dializə gərəkli tibbi vasitə, avadanlıq və dərmanları gətirəcək şirkətlərin adı yaxın vaxtlarda bilinəcək.

Ötən il bu məqsədlə 18 milyon manata yaxın vəsait xərclənib. Bunun 15,7 milyon manatı Almaniyanın «Fresenius General Trading» şirkətinə ödənilib. Digər təchizatçı isə «Zeytun Pharmaceuticals» MMC-dir.

Buna da bax: «Böyrək günü» uşaqlara həsr edilib

Şirkətin adı var, amma yeri bəlli deyil

Daha bir il əvvəlsə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin dövlət təminatı 20,2 milyon manata başa gəlmişdi. Maraqlıdır ki, 2015-ci ildə «Fresenius General Trading» şirkətindən başqa sifarişlərin bir hissəsi (8,2 milyon manat) ölkə aidiyyatı bilinməyən «Pharmex Healthcare Products LTD» şirkətinə verilib. Səhiyyə Nazirliyi bu şirkətin mənşəyi barədə məlumat vermir.

«Arash» şirkəti bu sektorda olduğunu danır. Niyə?

Təchizatçılar arasında dializ cihazının idxalı ilə bağlı sertifikatları olan «Arash Medical Company» MMC-nin adı yoxdur. İşin qəribə tərəfi də budur ki, həmin şirkətin direktoru Kamran Məmmədov hansı səbəbdənsə AzadlıqRadiosu-na bu məmulatların gətirilməsiylə məşğul olmadığını deyib. Halbuki dializə bağlı məmulatı «Arash Medical Company» MMC ötən ilin dekabrında Azərbaycanda sertifikatlaşdırıb.

Buna da bax:​ 1 milyon əhaliyə 400 hemodializli xəstə düşür

Niyə məhz «Fresenius»?

Azərbaycana bu avadanlıq və sərf materialları Almaniyadan gətirilir. SOCAR-ın Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ şöbəsinin müdiri Oqtay Məmmədzadə AzadlıqRadiosu-na bildirib ki, «Fresenius» şirkəti indiyədək Azərbaycana satdığı və humanitar yardım kimi gətirdiyi bütün aparatların ehtiyat hissələrini pulsuz verib:

«Avropada «Fresenius» aparatlarına texniki xidmətə görə şirkətə ayda 600 avro ödənilir. Azərbaycanda isə aparatların mühəndis-texniki xidməti ödənişsiz icra edilir. Azərbaycanın «Fresenius» markalı aparatlara üstünlük verməsinin səbəblərindən biri də budur».

Həkimin sözlərinə görə, «Fresenius» şirkətinin süni böyrək aparatları, məsrəf materialları, dializ məhlulları hazırlamaq üçün quru qranulyantlar keyfiyyət baxımından seçilir və başqaları ilə müqayisədə baha olsa da, işləmə müddətinə görə onları üstələyir: «Bu aparatların analoqlarının təminatlı iş müddəti, bir qayda olaraq, 5 il və ya 25 min saatdır. Amma «Fresenius» aparatları 40 min saata yaxın işləyir. Bundan başqa, «Fresenius» bütün avadanlıqlara 1 il zəmanət verir».

Azərbaycanın «Fresenius» şirkəti ilə əməkdaşlığı bununla məhdudlaşmır. Bakı Sağlamlıq Mərkəzinin layihəsini «Fresenius» korporasiyasına daxil olan «Vamed Engineering GmbH» şirkəti hazırlayıb.

Buna da bax:​ Böyrək xəstəsi ianələrlə deyil, dövlət hesabına müalicə olunmaq istəyir

Yeni hemodializ mərkəzləri açılacaq

Heç də bütün dializ xəstələri dövlət hesabına müalicə olunmur. Məsələn, «Medservis» Özəl Tibb Mərkəzində hemodializ müalicəsi pulludur. Mərkəzin direktoru Hikmət İsmayılov AzadlıqRadiosu-na maddi imkanı olan və tibb mərkəzinə yaxın ərazidə yaşayan xəstələrin buranı könüllü seçdiklərini bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda, 8-i Bakıda olmaqla, 38 hemodializ mərkəzi və 590 aparat var. Respublika Klinik Xəstəxanasında Avropada ən iri hemodializ mərkəzlərindən biri mövcuddur. Burada 100-dən çox aparat var və 550 xəstə müalicə alır. Bu il Zərdab və Masallıda da yeni hemodializ mərkəzləri açılacaq. Xəstə sayı artdığından, Bakı və Sumqayıtdakı hemodializ mərkəzlərinə daha 50 ədəd aparat veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG