Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 19:24

Jurnalistin şikayətinə baxılacaq


Jurnalist Fikrət Fərəməzoğlu.

Martın 30-da həbsdəki jurnalist Fikrət Fərəməzoğlunun şikayətinə baxılacaq. Jurnalistin vəkilləri onun evində axtarış aparılmasını, götürmə həyata keçirilməsini qanunsuz hesab edirlər.

Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, bu məsələ ilə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət ediblər.

“Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Fikrət Fərəməzoğlunun evində axtarış aparıb, bəzi əşyaları, diskləri götürüblər. Bütün bunlar qanunvericiliyin müddəaları pozulmaqla həyata keçirilib. Polis gərəkli hüquqi tələblərə əməl etməyib”, vəkil bildirib.

Buna da bax:​ Jurnalist hakimə: 'Siz hakimsiniz, yoxsa...'

Şikayət Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin icraatına verilib. Məhkəmə prosesi martın 30-da saat 15:30-da başlayacaq.

Bir müddət öncə, jurnalist xanımı vasitəsilə bildirmişdi ki, hüquq mühafizə orqanları onda ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının gizli çəkilişlərinə aid kasetlərin olduğunu güman ediblər. Ancaq onda belə kasetlər olmayıb.

Daxili İşlər Nazirliyindən isə bu açıqlamaya hər hansı bir münasibət bildirilməmişdi. Axtarışın qanunsuz olmasına dair vəkilin bu açıqlamalarına da, nazirlikdən hələlik, münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ ‘Fikrətə, öz uşağının yazdığı cızma-qaraları da vermirlər’

Xatırlatma

Fikrət Fərəməzoğlu ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. Jurnalist müxtəlif restoran və istirahət mərkəzləri sahiblərindən hədə-qorxu yolu ilə pul tələb etməkdə suçlanır.

Jurnalist ittihamı qəbul etmir, yüksək vəzifəli məmurların himayə etdiyi əxlaqsızlıq yuvalarını gün işığına çıxardığına görə cəzalandırıldığını deyir.

Hazırda jurnalistin məhkəməsi davam edir. Ona irəli sürülən ittihamlar təsdiqlənərsə, jurnalisti əmlakı müsadirə olunmaqla 10 ilə qədər həbs gözləyir.

Buna da bax:​ Həbsdəki jurnalisti böhtana görə də mühakimə edəcəklər

Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilibmiş. O, «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunması ilə bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə hakim önünə çıxarılmışdı. O vaxt məhkəmə jurnalistə bir il şərti həbs cəzası vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG