Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:14

Jurnalist hakimə: 'Siz hakimsiniz, yoxsa...'


Fikrət Fərəməzoğlu

“Jam.az” (Jurnalist Araşdırma Mərkəzi) saytının həbsdə olan rəhbəri Fikrət İbişbəyli (Fərəməzoğlu) öz məhkəməsində iştirakdan boyun qaçırıb. Jurnalist imtinasını məhkəməsinin obyektiv keçirilməməsi, hakimlərin işə ədalətsiz baxması ilə əsaslandırıb.

Fikrət Fərəməzoğlunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə, Əlövsət Abbasov və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyası baxır. Martın 3-də keçirilən məhkəmə iclasında hal şahidi İsrafil Həmzəyev dindirilib. O iddia edib ki, iş üzrə zərərçəkən Mehman Həsənovun Fikrət Fərəməzoğluna 3 min manat verməsinin, ardından polislərin onu saxlayıb üzərinə baxış keçirməsinin şahidi olub. Hal şahidi jurnalistin evində axtarışa da qatıldığını söyləyib.

Buna da bax:​ ‘Fikrətə, öz uşağının yazdığı cızma-qaraları da vermirlər’

Fikrət Fərəməzoğlu onun yalan danışdığını deyib: “Bu adam yalan danışır, mənim evim üçotaqlı deyil. Mən saxlanılarkən də, evimdəki axtarışda da bu adam olmayıb”.

“Siz hakimsiniz, yoxsa ittiham tərəfinin vəkili?”

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ-nin) əməkdaşı Mehman Teymurov da dindirilib. O, jurnalistin necə həbs olunmasından danışıb. Dindirmə zamanı vəkil Elçin Sadıqovun şahid polisə “Fikrətin pul aldığını necə sübut edə bilərsiniz” sualı məhkəmədə qalmaqal doğurub. Hakim Eldar Mikayılov sualı çıxararaq, deyib ki, şahid bu suala cavab verə bilməz. Hakimin addımına Fikrət Fərəməzoğlu etiraz edib: “Nəyə görə bunların yalan-palanlarına reaksiya vermirsiniz, ancaq biz sübut istəyəndə sualı çıxarırsınız? Mənə ittiham veriblər, amma bir dənə sübut yoxdur. Əməliyyat keçirilibsə, hanı videogörüntüləri? Deyirlər, mən pul almışam, halbuki heç kimdən pul almamışam. Sübut varsa, qoysunlar ortaya. Başa düşmürəm, siz hakimsiniz, yoxsa ittiham tərəfinin vəkili? O zaman vəkil mantiyası geyinin, düşüb-gəlin burada əyləşin”.

Buna da bax:​ 'Dedi, sən fahişəxana saxlayırsan, xaricdən azyaşlı qızlar...'

Hakim şahidin dindirilməsinə davam etdirmək istəsə də, Fikrət Fərəməzoğlu məhkəmədə iştirakdan imtina etdiyini deyib. Hakim imtinanı qəbul etməyəndə o, əli ilə saxlanıldığı şüşə kabinəni döyəcləyib və oradan çıxarılmasını tələb edib.

Gərginliyin səngiməsi üçün məhkəmədə fasilə elan olunsa da, nəticə verməyib. Fasilədən sonra da jurnalist məhkəmənin davam etdirilməsinə etiraz edib. O, hakimə yazılı etiraz verib. Jurnalistin etirazı baxılmamış saxlanılıb.

Məhkəmə isə martın 10-na təyin edilib.

Buna da bax:​ Həbsdəki jurnalisti böhtana görə də mühakimə edəcəklər

Xatırlatma

Fikrət Fərəməzoğlu ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. Jurnalist müxtəlif restoran və istirahət mərkəzləri sahiblərindən hədə-qorxu yoluyla pul tələb etməkdə suçlanır. O, ittihamı qəbul etmir, yüksək vəzifəli məmurların himayə etdiyi əxlaqsızlıq yuvalarını gün işığına çıxardığına görə cəzalandırıldığını deyir.

Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilibmiş. O, «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə hakim önünə çıxarılıbmış. O vaxt məhkəmə jurnalistə bir il şərti həbs cəzası veribmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG