Keçid linkləri

2017, 29 İyun, Cümə axşamı, Bakı vaxtı 11:18

Herman Hesse: "Biz qocalığı necə görürük, bəs əslində o necədir?"


Alman yazıçısı Hermann Hesse.

"Amma qocalığın bizə gətirgiyi hədiyyələri sadalaya bilərəm. Mənim üçün onların ən qiymətlisi – yaddaşında topladığın rəsm xəzinəsidi. Uzun həyat yaşayandan, aktivliyin azalmağa başlayandan sonra onlara tamamilə fərqli baxırsan".

Herman Hesse

Qocalıq haqda

Qocalıq – həyatımızın bir mərhələsidi. Bütün digər mərhələlər kimi onun da öz siması, öz ab-havası və temperaturu, öz sevincləri və kədərləri var. Bütün kiçik qardaşlarımız kimi biz ağsaçlı qocaların da öz vəzifələri, həyatımıza məna verən hədəfləri var. Ölümcül xəstənin də, ölüm yatağında olanın da öz vəzifəsi var, o da vacib və zəruri bir işi yerinə yetirməlidi.

Qoca olmaq – gənc olmaq qədər gözəl və zəruri hədəfdi. Ölməyi öyrənmək və ölmək – bütün digər funksiyalar qədər hörmətə layiqdi - bir şərtlə ki, o, istənilən həyatın müqəddəsliyinə və anlamına ehtiramla həyata keçirilir.

Qocalığa, ağ saçlara, ölümün yaxınlığına nifrət eləyən, qorxan qoca, öz məşğuliyyətindən, gündəlik işdən zəhləsi gedən, onlardan boyun qaçırmağa çalışan gənc qədər öz həyat mərhələsinin şərəfsiz nümayəndəsidi.

Uzun sözün qısası: qocalıqda öz missiyanı yerinə yetirmək və vəzifənin öhdəsindən gəlməkdən ötrü qocalığın özü ilə gətirdiyi hər şeylə barışmaq, ona “hə” demək lazımdı. O “hə”siz, təbiətin bizdən tələb etdiyi şeyə təslimə hazır olmadan öz günlərimizin dəyərini, anlamını itiririk və həyatı aldadırıq – gənc, ya da yaşlı olmağımızın fərqi yoxdu.

Buna da bax: Rəssam Herman Hesse

Hər kəs bilir ki, yaşlılıq özüylə cürbəcür çətinliklər gətirir və ölümlə bitir. İlbəil qurbanlar vermək, çox şeydən imtina eləmək lazımdı. Öz duyğularına və gücünə güvənməməyi öyrənmək lazımdı. Hələ lap yaxın vaxtlarda balaca küçə olan yol uzanır və ağırlaşır, günlərin bir günü artıq onu qət eləyə bilmirik. Ömrümüz boyu sevdiyimiz yeməkdən imtina eləməli oluruq. Fiziki həzlər və xoşbəxtlik gec-gec qismət olur və get-gedə onlara görə daha yüksək bədəl ödəməli olursan. Üstəlik cürbəcür ağrılar, xəstəliklər, hisslərin korşalması, orqanların zəifləməsi - xüsusilə də gecələr, hərdən həddindən artıq uzun və dəhşətli gecələr - bütün bunlardan heç yerə qaçmaq mümkün deyil, bu, acı gerçəklikdi. Ancaq təkcə bu düşkünlük prosesinə təslim olmaq və qocalığın da yaxşı tərəfləri, öz üstünlükləri, sevincləri və təsəllisi olduğunu görməmək acizlik olardı. İki qoca adam görüşəndə yalnız lənətə gəlmiş podaqra, ağrıyan sümüklər, pilləkənləri qalxanda yaranan təngnəsəflikdən yox, əyləncəli, şən duyğulardan, təəssüratlardan da danışmalıdılar. Belə təəssüratlar isə çoxdu.

Hermann Hessenin qocalıq illəri.
Hermann Hessenin qocalıq illəri.

Qocaların həyatının bu müsbət və gözəl tərəflərini xatırladanda, biz ağsaçlı insanların gənclərin həyatında heç bir rol oynamayan güc mənbələrini, sevincləri, səbri yada salanda mənə kilsə və dinin təsəllilərindən danışmaq düşməz. Bu, keşişin işidi. Amma qocalığın bizə gətirgiyi hədiyyələri sadalaya bilərəm. Mənim üçün onların ən qiymətlisi – yaddaşında topladığın rəsm xəzinəsidi. Uzun həyat yaşayandan, aktivliyin azalmağa başlayandan sonra onlara tamamilə fərqli baxırsan. Artıq 60-70 ildi, həyatda olmayan insanların obrazları və üzləri bizə yoldaşlıq edirlər, canlı gözlərlə baxırlar. O rəsmlər kitabında artıq yoxa çıxmış, ya da kökündən dəyişmiş evləri, bağçaları, şəhərləri əvvəl olduqları kimi, on illər əvvəl səyahət zamanı baxdığımız uzaq dağları, dənizləri yenidən təravətli, gözəl görürük.

Buna da bax: Thomas Mann: 'Əgər alman ziyalıları hamılıqla faşizm biabırçılığına qarşı çıxsaydı'

Gözdən keçirmək, müşahidə və seyr eləmək get-gedə daha çox vərdişə və məşqə çevrilir və tədricən, müşahidəçi mövqeyi bizim bütün davranışlrımızı müəyyənləşdirir.

Arzuların, istəklərin, meyllərin, ehtirasların arxasınca qaçan bizlər səbirsizliklə, maraqla, ümidlərlə, uğurların və peşmanlıqların həyəcanını yaşaya-yaşaya həyatımızın illərindən, onillərindən keçmişik. Amma bu gün ömrümüzün böyük, şəkilli kitabını ehtiyatla vərəqləyə-vərəqləyə o qaçhaqaçdan, tələsiklikdən qurtulmağın, vita contemplativa (tamaşaçı həyatı) yaşamağın necə gözəl və yaxşı olduğuna təəccüblənirik.

Burda, bu qocalar bağında əvvəllər qulluq etməyi ağlımıza belə gətirmədiyimiz saysız-hesabsız çiçəklər açır. Orda səbr gülü yetişir, gübrəsi münbitdi, biz daha sakit, daha yumşaq oluruq. Qarışmaq və hərəkət etmək tələbatımız azaldıqca bizim təbiətin, həmcinslərimizin həyatını müşahidə eləmək və dinləmək, onun gedişatını tənqidsiz izləmək, onun rəngarəngliyinə daim təəccüblənmək tələbatımız daha da atır - hərdən sakit kədərlə, hərdən gülüşlə, işıqlı sevinclə, yumorla.

Bu yaxınlarda bağçamda tonqalın kənarında dayanmışdım, quru budaqları, yarpaqları oda atırdım.

Tikanlı çəpərin yanından qoca bir qadın keçirdi, yəqin səksən yaşı olardı. O dayandı və məni izləməyə başladı. Ona salam verəndə güldü və “düz eləyib tonqal qalamısınız. Bizim yaşımızda cəhənnəmə alışmaq lazımdı” dedi.

Buna da bax: Karl May heç vaxt getmədiyi Vəhşi Qərb haqda silsilə romanları necə yazırdı...

Beləcə bir-birimizə ağrılardan, problemlərdən şikayətləndiyimiz bir söhbət başladı, ancaq zarafat tonunda. Söhbətin sonunda isə etiraf elədik ki, hər şeyə rəğmən hələ o qədər də qoca deyilik və nə qədər ki, kəndimizdəki ən yaşlı insan- 100 yaşlı qoca sağdı, özümüzü, həqiqətən, qoca hesab edə bilmərik.

Üstünlükləri gücləri və sadəlövhlükləri olan bir çox gənc insan ağır yerişimizə, damarları çıxmış boynumuza baxıb arxamızca güləndə biz, nə vaxtsa eynilə onlar kimi güclü və sadəlövh olduğumuzu, nə vaxtsa onlar kimi güldüyümüzü xatırlayırıq, amma özümüzü qətiyyən məğlub, əzgin hiss eləmirik. Əksinə, həyatın bu mərhələsini keçdiyimizə və bir az ağıllı və səbrli olduğumuza görə sevinirik.

(Herman Hessenin "Qocalıq haqda" essesi esselər kitabından götürülüb və ixtisarla tərcümə olunub).

Günün bütün mövzuları

XS
SM
MD
LG