Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 22:17

Həbsdəki jurnalistin iki şikayəti rədd edildi


Jurnalist Elçin İsmayıllı.

Bu gün, martın 13-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist Elçin İsmayıllının iki şikayətinə baxıb.

Jurnalistin vəkilləri onun barəsində həbs qətimkan tədbirinin uzadılması və ev dustaqlığına buraxılmasından imtina olunmasını qanunsuz hesab etdiklərindən Apellyasiya Məhkəməsinə üz tutmuşdular.

Jurnalistin həbs müddətinin uzadılmasından verilən şikayətə hakim Qail Məmmədovun sədrliyi ilə baxılıb.

Jurnalistin vəkili Elçin Sadıqov məhkəmədəki çıxışında deyib ki, E.İsmayıllının həbsdə saxlanması qanunsuzdur.

Buna da bax:​ Jurnalistin həbs müddəti iyunadək artırıldı

“Qanunvericilik hüquq pozuntusu törədilməsində şübhəli bilinən şəxsin ibtidai həbs müddətinin uzadılmasını mümkün edən 4 səbəbi aydın şəkildə göstərib. Həbs müddətini artırmaq üçün şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsi real olmalıdır. Bundan başqa şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ya ictimai asayişi qorumaq zərurəti meydana çıxanda. Elçin İsmayıllının işində həbs müddətini artırmaq üçün zəruri olan bu əsasların heç biri mövcud deyil ”, vəkil məhkəmə heyətinin diqqətinə çatdırıb.

Ancaq vəkilin arqumentləri nəzərə almayıb və jurnalistin məhkəməyə qədər həbsdə saxlanmasını nəzərdə tutan qərar qüvvədə saxlanılıb.

Ev dustaqlığı məsələsi

Jurnalistin ev dustaqlığına buraxılmasından imtina edilməsi barədə qərardan verilmiş şikayətə isə hakım Əflatun Qasımovun sədrliyi ilə baxılıb.

Buna da bax:​ Məhkəmə Elçin İsmayıla xəbərdarlıq edib

Jurnalistin vəkili həmin prosesdəki çıxışında da deyib ki, Nəsimi rayon Məhkəməsi E.İsmayıllını ev dustaqlığına buraxmaqdan imtina edərkən cinayət-prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozub.

“Məhkəmə faktiki olaraq prokurorluğun təqdimatını olduğu kimi öz qərarına köçürüb. E.İsmayıllının məhkəməyə qədər ev dustaqlığında yox, məhz həbsdə tutulmalı olmasını heç bir arqumentlə izah etməyib. Halbuki, məhkəmə həbsdən ötrü zəruri əsasların olmasını öz qərarında sübut etməli idi. Bunu etməyib və Cinayət Prosessual Məcəllənin tələblərini pozub”, vəkil deyib.

Məhkəmə bu işdə də müdafiə tərəfinin istəyini təmin etməyib, E.İsmayıllının ev dustaqlığına buraxılmasına icazə verməyib.

Buna da bax: Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'

Vəkil hər iki qərarın qanunsuz olduğunu, ən yaxın günlərdə Avropa İnsan Hüquqlar Məhkəməsinə şikayət edəcəklərini bildirib.

XATIRLATMA

İsmayıllı rayonunda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi. Martın 3-də həbs müddəti iyun ayınadək artırılmışdı.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Buna da bax:​ Jurnalistin həbsdən azad edilməsi istənilir

Vəkil deyib ki, istintaq materiallarında jurnalist, İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini İsmayıllını həbs ediblər", vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Həmin maddələrlə təqsiri sübut olunarsa jurnalistə 10 ilə kimi həbs cəzası verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG