Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:10

Səbuhi Şahmursoy: 'Oxucunun olmadığı mühitdə, yazıçı nələrə əl atmalıdır'


Səbuhi Şahmursoy.
Səbuhi Şahmursoy.

"İqtisadiyyatın sadə prinsipi var ki, bu da təlabat olmayan məhsulun istehsal sahələrinin fəaliyyətinin dayandırılmasını diqtə edir. Oxucusu olmayan ədəbi fəaliyyət üçün də bunu demək olarmı? Olarsa, onda gərək, bu ədəbiyyatın hər bir nümayəndəsi Don Kixotluğunu boynuna alsın".

Səbuhi Şahmursoy

Gümüş dilli oxucu

Bir çox sahələri kimi, ədəbiyyatına da süni nəfəs lazım olan cəmiyyətin oxucusundan danışmaq, onun yazıçısına verilən tərif qədər çətindir. Əksər hallarda yerli mətnləri xarici ədəbiyyata uduzduran, danlayan, təhlilə ərinib təhqir etməyi üstün tutan oxucu "imici", daha çox öz dairəsini tərifləyən və yanaşmalarıyla peşəkarlıqdan uzaq təəssüratı yaradan ədəbi tənqidçilər ilə elə də fərqli görünmür. Mən bununla xarizmasından inkişafa əks-mövqeçilik yağan, mətn yazmaq üçün müraciət etdiyi dili heç orta səviyyədə də öyrənmək istəməyən, yaradıcılığı arxasında qərarsızlıqdan tir-tir əsən yazıçılarımızın müdafiəçisi olmaq fikrindən uzağam. Amma istənilən halda, bir ədəbiyyati qiymətləndirmək üçün onun yetişdiyi cəmiyyətin oxucularına da nəzər salmağın tərəfindəyəm. Əgər bizə ədəbiyyat lazımdırsa (bizdə keyfiyyətli ədəbi mətnlərin yaranmamasından hələ də narahatıqsa, bunu "bədii-estetik proses" adlandırırıqsa), onda məlum zəncirvari prosesin son dayanacağı - oxucuya da ciddi fikir verməliyik, çünki Bartın təbirincə desək, "Oxucunun doğulması Müəllifin ölümü bahasına başa gəlir": oxucu ədəbi prosesin sadiq davamı olmalıdır; bunu dərk etməyən oxucudan gözlənilən fayda bir yazıçı üçün ən qaranlıq arzudur.

Buna da bax: Poeziyanın elmə, elmin poeziyaya keçidi...

Tutaq ki, dünyanın "unudulmuş ədəbi köşəsi"ndə ona səs-küy salacaq, hadisəyə çevrilmək gücündə bir ədəbi nümunə möcüzəvi şəkildə yaranıb. Qış yuxusuna getmiş tənqidçiliyinə güvənməsək, bu hadisənin kimlər tərəfindən qiymətləndirilməsi haqda düşüncələrə dalarkən oxucu sığına biləcəyimiz son ümid yerimiz olur. Əgər oxucu da yoxdursa, onda ümumiyyətlə həmin ədəbiyyatın fəaliyyəti sual altına düşür. İqtisadiyyatın sadə prinsipi var ki, bu da təlabat olmayan məhsulun istehsal sahələrinin fəaliyyətinin dayandırılmasını diqtə edir. Oxucusu olmayan ədəbi fəaliyyət üçün də bunu demək olarmı? Olarsa, onda gərək, bu ədəbiyyatın hər bir nümayəndəsi Don Kixotluğunu boynuna alsın, yox, əgər olmazsa, o zaman gözlərimizi geniş açıb xarici ədəbiyyat haqda şəxsi fikir formalaşdıran məhdud oxucu çevrəsini görərək, onlarla əməkdaşlığa gəlməyin yollarını axtarılmalıyıq.

Çox vaxt kateqoriyalarla əylənməkdən qəsdən yayınmağa çalışıram, amma görünür, bu mövzuda onlarsız keçinmək olmayacaq. Yediyimiz təamlardan tutmuş baxdığımız filmlərə qədər maddi və mənəvi təlabatlarımızı ödəyən çox şeydə zövqümüzə görə seçimlər etməli oluruq. Bu fəaliyyət növünün dəqiq qanunlarına heç harada rast gəlməsək də, həmişə qətiyyətlə onun müdafiəsinə qalxmağa hazırıq və əlbəttə ki, bunun üçün bizə "tutarlı" arqumentlər lazım olur. Biz sevdiyimiz rəngin, dinlədiyimiz musiqinin və s. doğruluğunu sübuta yetirmək üçün hər an yaraq-yasaqlı gəzirik. (Əgər varsa) mütaliə vərdişimiz də bura aiddir. Adətən detektiv ədəbiyyatı oxuyan insanlarda predmet və hadisələrə qarşı önmühakimələyici şübhələr olur, ya da sevgi romanları vurğunlarında ifrat sentimentallıq diqqəti cəlb edir. Filosofluğa iddiası olmayan, amma daim fəlsəfə oxuyan adamların isə hər şeydə məna axtarması çox insan üçün yeni xəbər deyil. Qədim Çin təbabətində təkrarlanan "Nə yeyirsənsə osan", qədim yunan fəlsəfi məktəblərinə doğma olan "Nə düşünürsənsə osan" fikirlərinə uyğunlaşdırsaq, burada da "Nə oxuyursansa osan" alınar. Sosial mövqeyimizə mütaliə istiqamətimizin də istər-istəməz böyük təsiri var.

Əgər biz yaradıcılıq yoluyla fərqli istiqamətlər təklif edən bir nəsnədən danışırıqsa, şübhəsiz, onun istifadəçisini də fərqləndirməyimiz işimizə yarayar. Müxtəliflik, rəngarənglik nümayiş etdirməyən bir şey maraqlı olmaq şansin itirir, eyni zamanda, yeknəsək oxucuyla qarşılaşmaq da yazıçı üçün hadisə sayılmaz. İndi yerli ədəbi mühitdə oxucuların əlçatan olmasıyla, fikrimcə, hamı razılaşmalıdır, sosial şəbəkələr buna ən yaxşı misaldır. Real görüşləri, imza günləri və əsər müzakirələrini də əlavə etsək, ortada qəliz prosesin gerçək mənzərəsini görərik. Bəs, oxucu məsuliyyətiylə yadda qalmayan bu mərhələlər prosesə nə verə bilər? Məncə, söz sənətində "qəhrəmanlıq göstərən" yazıçıya bəslənilən münasibət fonunda oxucu da yazıçının qəhrəmanı olmalıdır.

Buna da bax: Azərbaycan tənqidçiləri üçün təlimat: "Kimi tərifləməli, kimi tənqid etməli"

Oxucuya cəsarət nümayiş etdirən əsər və ya onu yazan kimi, öz yazıçısının arxasında duran oxucu da eyni cür cəsurdur. İstəməzdim ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq bu kimi faktlara necəsə mühafizəkarlıq donu geyindirilsin. Burada artıq sənətin sosioloji əhəmiyyəti meydana çıxır, sənətçinin fərdi cəhdləriylə başlayan istənilən ideoloji dalğa beyinlərdə bişərək sonradan çoxluq tərəfindən dəstəklənir, zamanla qəlibləşir və hansısa ictimai problemin asılı tərəflərinə islahatla yanaşmaq cəsarəti yaradır. Yaradıcılığının isti dövründə kütlə tərəfindən novatorluğu qəbul olunmayan, müxtəlif tənqidlərlə qarşılaşan və ədəbiyyat üzrə Nobel mükafatı almaqla yalnız sənət yararlılığı qiymətləndirilən, amma XX əsrin ortalarından etibarən geniş kütləni əhatə edərək gəncliyin inqilabi ruhuna çevrilən alman yazıçısı Herman Hesse ilə baş verən də məhz bu idi.

Amma məsələnin əks-təsirinin aşkar olduğu faktlara da rast gəlmək çətin deyil. Bu, əsasən, tətiyi çəkib onun razılaşmadığı sosioloji və antropoloji suallar qoyan yazıçını güllələməyə hazır dayanmış oxucuya aiddir. Deyək ki, siyasi baxışları uyğun gəlməyən oxucu sənətçinin şəffaf açıqladığı və bunu nəyə görə etdiyinə dair izah verdiyi mətni ölümə məhkum etməməlidir. "Torpağın bərəkəti" və "Aclıq" kimi əsərləri yaratmış yazıçının bir zamanlar Hitler hakimiyyətini dəstəkləməsi faktıyla razılaşıb-razılaşmamaqla nəyisə dəyişəcəyimizə ümid edə bilmərik. OruellKamyunun stalinizmə olan mənfi münasibətinin sonradan postsovet ölkələrində sırf bu nöqteyi-nəzərdən qəhrəmanlıq sayılaraq, onların ümumi yaradıcılığına dar ideoloji çərçivədən baxılması da eyni nəticəylə inkar edilməlidir.

Mütaliəçilikdən bəhs edərkən müddətsiz məzuniyyətə çıxmış oxucunu da yada salmalıyıq. Klassik ədəbiyyat nümunələrindən kifayət qədər oxumuş, öz ədəbiyyat anlayışını "hər şeyi bilən yazıçı"nın təqdim etdiyi o müdrik sfera ilə möhürləmiş və XX əsrin ikinci onilliyindən bu yana yaranan rəngarəng ədəbiyyatdan xəbərsiz qalmış bir insanın dünyagörüşünün arxaikləşməsi şübhələrindən narahat olmağa dəyər. O, daim xalq mahnıları mızıldayan və yeri düşdükcə zəngulə vuran, müasir musiqi janrlarını özünə yaxın buraxmayan və ya opera salonlarında klassik musiqinin həzin sədaları altında yuxuya dalmış insan modelinin əkizidir. Onun sənətə baxışında birtərəfli Borxes mövqeyi var: ədəbiyyat çoxdan yekunlaşıb. Amma geridə qoyduğumuz bir əsr ərzində elmi-texniki sıçrayışın haradasa klassik mexanikaya əsaslanması (Nyutonu özünə favorit seçən Eynşteynin nisbilik nəzəriyyəsi, sonradan buna əsaslanaraq edilən saysız elmi kəşflər, bu qarma-qarışıq prosesin kvant fizikası və hətta, dolayısıyla həyatımıza təcrübi səmərə qatan nano texnologiyanın inkişafıyla nəticələnməsi) kimi, söz sənətinin də o "bitmiş ədəbiyyat"da rəngarənglik yaradan interpretasiyasını saya salmamaq özünütəcridin bir formasıdır.

Buna da bax: Neil Gaiman: 'Niyə gələcəyimiz kitabxanalardan, oxumaqdan və fantaziyadan asılıdır?'

Mütaliəçilikdə zövq, şübhəsiz, yeganə meyar deyil. Burada, əlbəttə ki, IQ də önəmli faktordur, bizim dünyagörüşümüzdə maddi-mənəvi predmetləri anlama bacarığımız, doğru və yanlış, nəcib və rəzil, gözəl və eybəcər çıxarışlarımız ona borcludur. Bunun fərqinə varan fəal oxucu istismar yolu ilə deyil, əksinə, onunla əməkdaşlığa gələrək - eyni zamanda, onun məhdud şəraitdə çoxalmasına, böyüməsinə kömək edərək - öz anlayışının üfüqlərini genişləndirir, maddi formada təqdim olunanlarda mənəvi yönlərin pöhrələməsinə öz səxavətini əsirgəmir. Hərdən elə təəssürat yaranır ki, sanki hansısa yazıçı bizi qəsdən arzuolunmaz dayazlığa itələyib salmaq istəyir, bizə dəfələrcə çeynənib tüpürülmüş mahiyyətlər bataqlığına arsızca dəvətnamə göndərir. Buna ilk etiraz edən də, dayanıqlığını təmin edəcək hər bir pilləsi üçün topladığı kifayət qədər arqument və misallara bənzərini istəməyən də elə IQ-müzdür. Onun iradəyə sığmayan mexanizminin bizim üçün açıq olan tərəflərinin biri də yuxarıdakı misalın əksidir: (şəxsi təcrübəmə sığındığıma görə, sadalayacağım müəlliflər başqası üçün dəyişə bilər) mütaliə tarixçələrində Borxes, Barns, Vulf, Perek, Paviç, Markes, Hesse və başqa yazıçılar orta səviyyəli oxucunun IQ-sünə yüksəklikdən kəndir sallayaraq yuxarı dartmağa səy göstərir, hətta, bəzən uğradığı məyusluqdan yaranan göz yaşlarını öz alnında, sifətində yad cisim kimi hiss edirsən. O cür "düşüncə tiranları" öz yaradıcılıq prinsiplərinə aydınlıq gətirməyə, intellektual qaranlığın aydınlaşmasına xidmət edəcək şərh verməyə həmişə hazırdırlar. Ora yüksəlmək istəməyən (və ya buna cəhd etməyən) oxucu onda qüsursuz işləyən IQ mexanizminə əksərən öz eqosu ilə cavab verir. Yalnız ona məxsus inkişafa meylli psixi təbəqələri, müxtəlif alternativlərin dünyanın materialist mövqeyinə xidmətçi kimi görmək vərdişi qarşısında qəsdən uduzdurur (ya da kobud desək, ədəbiyyata mətbəxdə yığılıb qalan boşqabları da yumaq vəzifəsi yüklənir). Nəticədə bu istiqaməti müəyyənləşdirənlərlə özünü mühafizəkarlığına qurban edənlər eyni hüquqlu oxucu ola bilmir. İkinci yanaşmaya güvənsək, ədəbiyyat oxucu ilə davam etməməsi səbəbindən uduzduğunu anlayır və "oxunub, amma oxunmayıb" kimi paradoksla üz-üzə qalır.

Bütün bunlara baxmayaraq, oxucu da yaşadığı cəmiyyətin intellektual dirəyidir. Yazıçı tərəfindən istehsal olunan mənaların dəyərli improvizəsinə görə fəal oxucuya minnətdar olmalıyıq. O, həm də ən yaxşı reklam meneceridir, daha rahat ünsiyyət imkanlarıyla öz yazıçısını tanıtdırmağı nəcib məqsəd hesab edir. Mütaliəsi sayəsində formalaşdırdığı zövq və intellektual səviyyəsiylə ətrafına geniş dünya görüşlü ictimai fərd kimi yaxşı mənada örnək olur. Onun sağlam təqdimatında bədii əsər daha effektiv təbliğ olunur, sözlər gümüş dilindən dezinfeksiya olaraq, yenidən doğulub canlanaraq yeni həyat qazanır. Yaxşı nəticə əldə etmək üçün ədəbiyyatımıza yazıçı-oxucu həmrəyliyi arzulayıram.

(Yazıdakı filirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG