Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:41

Azərbaycan tənqidçiləri üçün təlimat: "Kimi tərifləməli, kimi tənqid etməli"


Azərbaycanda küçədə düzülmüş bukinist kitabları.
Azərbaycanda küçədə düzülmüş bukinist kitabları.

"İlk növbədə məmur ədəbiyyatına yarınmağın yolu yaxşı iş, karyera və puldan keçir. Məsələn, yazıçı Elçindən yazmaq, həm də Baş nazirin müavinindən yazmaq deməkdir . Və sənin qarşında bütün qapılar açılacaq. Kitabların çıxacaq, qonorarın olacaq, işin-gücün də öz yerində. Anardan yazmaq bir az ucuz başa gəlir, amma indi ucuz ətin şorbasına da şükür edənlər çoxdur".

Azad Qaradərəli

ALTERNATİV TƏNQİD

(“Renessans həsrəti” silsiləsindən)

Azad Qaradərəli.
Azad Qaradərəli.

Tənqid qədim elm sahəsidir. Avropalıların və rusların criticsm, türklərin eleştri dediyi bu ədəbiyyat elminin, Aristoteldən üzü bu yana, xüsusi nüfuz dairəsi var. Tənqidçilər yazıçılar qədər məşhur olmasalar da, ədəbi arenada söz sahibi olublar həmişə. Tənqidin və tənqidçinin nəcib bir məqsədi var: ədəbi aləmdə boy verən əsərin həzmini oxucu üçün asanlaşdırmaq, əsərin qayəsini, hətta bu, yazıçının özü üçün qaranlıq olduqda belə, göstərmək. (Bu “qaranlıq”məsələsində çoxlu tarixi örnəklər var: “Ərəfə” romanı barədə müəllif Turgenevlə gənc Dobrolyubovun dartışması kimi.)

Nə yazıqlar, bizdə zaman-zaman tənqidçiləri bu missiyadan uzaq salıblar. Onları ideoloji basqıyla tənqidçilikdən təhrifçiliyə, yaxud təhrikçiliyə, hətta təhtidçiliyə sövq ediblər. 37-ci illərdəki tənqid məhz TƏHDİD idi – müəllifləri ölümə, yaxud sürgünlərə aparan TƏHDİD.

Buna da bax: Azərbaycan ədəbiyyatı niyə Xəzər dənizinə bənzəyir...

Sovet dövrünün, nisbətən yumşalan dövrünün tənqidi isə TƏHDİD idi. Yazıçını həbs etməsələr də, başını da sığallamırdılar. Rusiyada Brodskinin, Pasternakın, Axmatovanın, bizdə Sabir Əhmədlinin, İsa Hüseynovun, Əkrəm Əylislinin başına açılan oyunlar tənqid deyil, TƏHRİK idi; yazıçını öz amalından, üslubundan, yazı manerasından perik salmağa hesablanmışdı...

Hətta indiki müstəqillik dövrü ədəbiyyatımızın içində də, təəssüf ki, əsl TƏNQİD əvəzinə, maskalı, yalançı bir tənqidlə üz-üzəyik – bunun da adını qoyaq TƏHRİF. (Orası da var ki, müstəqillik dövrü ədəbiyyatımızda dəyişən azlar da oldu. O azlar öllərinin ALTERNATİV TƏNQİDlərini yarada bildilər. Bu barədə bir az sonra) Bu təhrifçilər olmayanı şar kimi püfləyib böyüdür, yalançı pafosla oxucunu çaşdırır, məmur ədəbiyyatını əsl ədəbiyyatdan ayırmaqda oxucuya kömək etmək əvəzinə, mane olur. Yaxud, ədəbiyyata dəxli olmayan, amma kimlərinsə köynəyindən keçən “yazıçılar” dağ başına qoyulur, onlara gülməli epitetlər tapılır, yarlıqlar vurulur, hətta prezident təqaüdü də verilir, öləndə isə Fəxri Xiyabanda dəfn olunurlar. Bu tribun şairlər, anadangəlmə hafizəli qrafomanlar, hay-küy, bas-bağır, yıx-sürü ədəbiyyatçılar təhrifçi-tənqidçi ordusunun əli ilə xalqın gözünə soxulur, böyüdücü şüşə altında göstərilir, illüziyaçı məharəti ilə dəyişik biçimdə təqdim olunur. (Oxu təhrif olunur, yaxud tənqid olunur, yaxud təbliğ olunur.)

Sual oluna bilər: bəs tənqidçilər buna niyə gedirlər?

Cavab müxtəlifdir. Sovet dövründə tələb beləydi və onlar da dövrün tələbi və ideoloji basqının təzyiqi ilə etməyə məhkum idilər. İndi bunu kim necə edirdi məsələsi ayrı söhbətdir. Yəni kimisi Məmməd Rahimlə Süleyman Rüstəm kimi qələmlə atəş açırdı (Cavidi, Müşfiqi, Əhməd Cavadı və qeyrilərini ölümə belə göndərdilər), kimisi yıxıb-sürüsə də barıtını bir az az eləyirdi (Bəkir Nəbiyev “Kür qırağının meşələri” haqqında yazan kimi), kimisi də şəxsi qərəzinin odunu söndürmək üçün qələminə süngü taxırdı...

İndiki zamanda bəs tənqidçiləri ORA sürükləyən nədir?

İlk növbədə məmur ədəbiyyatına yarınmağın yolu yaxşı iş, karyera və puldan keçir. Məsələn, yazıçı Elçindən yazmaq, həm də Baş nazirin müavinindən yazmaq deməkdir . Və sənin qarşında bütün qapılar açılacaq. Kitabların çıxacaq, qonorarın olacaq, işin-gücün də öz yerində. Anardan yazmaq bir az ucuz başa gəlir, amma indi ucuz ətin şorbasına da şükür edənlər çoxdur. Kamal Abdulladan yazmağın bir sıra məziyyətləri var... (Nöqtələrin yerini özünüz doldurun.) Amma məziyyət cəhənnəmə, bu işin əziyyəti məziyyətindən çox olur bəzən. Bir tanınmış şairin başına gətirilənləri allah heç kimin başına gətirməsin. O şeir əhli Kamal müəllimin üzünə ağ olandan bəri qarşısındakı bütün qapılar bir sehrli əlin gücü ilə şaqqaşaqq bağlanmada... Hüseynbala Mirələmov başda olmaqla deputat ədəbiyyatı da var bizdə və onlardan yazmaq da azı yeyib-içməyə çatacaq qədər gəlir vəd edir... Beləcə, bizdə bazar tənqidi də formalaşmaqda...

Buna da bax: Xaricdə də pulla kitab rəyi yazdırmaq var, amma...

Bəzi tənqidçilər isə küçə tənqidi səviyyəsində (küçə qadınlarının 5-10 manatlıq müştəri axtarışı kimi) 5 şirvana, ən yaxşı halda 10 şirvana - indiki terminlə 10-20 manat civarında - yıxılaraq ortabadan da aşağı yazarların “əsər”lərinə diaframbalar bağlayır, “heyrətamiz əsər”, “görkəmli yazıçı”, “böyük şair”, “söz mülkünün xridarı” kimi sürtük ifadələri yazılarında geninə-boluna işlədirlər. Hətta belələrinin ad və soyadı dəyişməklə traferet yazıları da olur ki, boyaqçı küpü kimi iki dəqiqəyə hazır edib reket qəzetlərdə, yaxud adı bilinməyən saytlarda yayımlayırlar. Bunlar təhtidçilər, təhrikçilər, təhrifçilər qədər qorxulu olmasalar da, kütləviliyə hesablandıqları üçün daha ziyanlıdırlar – kütlənin beynini yuyan ara mahnıları qədər zərərlidirlər.

Bu neqativ tənqid ədəbiyyatımızı qara günə qoyduğu kimi, yazımızın da ruhunu qaraltdı!

Bir az da pozitiv şeylərdən yazaq.

Dedik axı: müstəqillik dövrü ədəbi tənqidində AZ qüvvələr də vardı ki, yeniliyə, modern tənqidə meyilli idilər. Onlar təkcə müstəqilliyi təbliğ edən ədəbiyyatın deyil, yeni, modern ədəbiyyatın yanındaydılar. Hətta onların ilk olaraq YENİSİ adlı bir elektron ünvanları da meydana çıxdı. Bu qüvvələrin başında müasir ədəbi tənqidimizin yorulmaz cəfakeşi Tehran Əlişanoğlu dayanırdı. Hətta onun “Müstəqillik körpüsündən keçənlər” – burada açıq tənqidə dözməyəcək səhifələr olsa belə - adlı kitabı, mən deyərdim ki, modern ədəbi tənqidin ruporu rolunu oynadı. (Tehran Əlişanoğlu ilk dəfə mühafizəkar ədəbiyyata, mühafizəkar tənqidə və mühafizəkar nəşrlərə etiraz əlaməti olaraq “Ədəbiyyat qəzeti”ndəki mühüm postundan imtina etdi. Elə o İMTİNA ilə də Tehranın yaradıcılığında modern TƏNQİDÇİLİK bünövrəsi qoyuldu. Məncə, hər kəsin belə bir imtina qabliyyəti olmalıdır. Bu, insanı həm bir fərd kimi, həm də sənətçi kimi formalaşdırır.)

İki cildlik müasir Azərbaycan ədəbiyyatı antologiyası.
İki cildlik müasir Azərbaycan ədəbiyyatı antologiyası.

Nə yazıqlar ki, Tehranın və onun başçılıq elədiyi qüvvələr də sonacan dayana bilmədilər. YENİSİ yoxa çıxdı. Əvəzində “Tənqid.net” yaransa da, onun da nəşri axsadı. Tək Tehranın esselərinin timsalında bu modernizm bir müddət yaşaya bildi. Sadəcə bir müddət. Elə ki, YENİSİ öz yerini AKADEMİK TƏNQİDə verdi, məsələ qəlizləşdi. O dərəcədə ki, iki cildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyat” meydana çıxdı. Azərbaycan ədəbiyyatının iki nəhəng yazıçısını – Sabir Əhmədli ilə Əkrəm Əylislini bir qırağa qoyan, bir sıra görkəmli qələm adamlarına arxa çevirən bu kitabı, tam Tehranın boynuna yıxmaq insafsızlıqdır. Çünki bunun üstündə tam bir İNSTİTUT işləyib. Tehranın günahı odur ki, bu iki cildliyin redaktorudur.

Buna da bax: Səməd Vurğunun Müşfiqi və Hüseyn Cavidi “ifşa edən” məqaləsi

Cənablar! Necə düşünürsünüz, ALTERNATİV TƏNQİDİ önə çıxarmağın zamanı deyilmi? Axı ortada nümunə də var. Yəni: “Gənəşikli don gen olar” deyiblər. “Gen” olandan isə qorxmayın, onu tənzimləmək asandır.

Aman darlıq əlindən.

Mərdin qəbri də dar olmasın...

17.01.2017

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG