Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:34

Həkimlərin maaşı artıb - Mingəçevir və Yevlaxda...


Azərbaycanda xəstəxana (arxiv fotosu).

İcbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqlarının baza hissəsi fevral ayından etibarən artırılıb.

Mingəçevir şəhər ilə Yevlax rayonunda həyata keçirilən “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin, mükafatların hesablanması və ödənilməsi” qaydalarında belə yazılır.

Buna da bax:​ Azərbaycan səhiyyəsi: Hər 5 işçidən 4-ü 200 manatdan az maaş alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qaydaları yeni təsdiq edib.

Agentliyin ictimaiyyətə açıqlamasında yeni qaydalar şərh edilib.

Qaydalara görə, ginekologiya, reanimasiya, cərrahiyyə şöbələrində və endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqqı 540 manat artırılıb. Bundan başqa, uşaq, terapiya və fizioterapiya, vərəm, yoluxucu xəstəliklər, poliklinika, hemodializ şöbələrində çalışanların da əmək haqqı 240 manat çoxaldılır.

Cərrah 768 manat alacaq

Habelə, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin əmək haqqı 200, radiologiya şöbəsindəkilərdə 740, ailə sağlamlıq mərkəzində isə 360 manat yüksəlib.

Buna da bax: İcbari tibbi sığorta ilə üç nəfər əməliyyat olundu. Pulsuz?

Əməkhaqlarındakı artımı konkret nümunələrlə izah edən agentlik bildirir ki, cərrahiyə şöbəsində çalışan cərrah 228 manat alır. İcbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı isə 768 manat alacaq.

Yeni qaydalar əmək haqlarının mükafat hissəsinə də yeniliklər nəzərdə tutur.

Çox pasiyent qəbul elə, mükafat qazan...

Mükafatlar həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılı olacaq.

Terapevt istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlərə gündəlik normativ minimum 10, maksimum 20 pasiyentə tibbi xidmətin göstərilməsi müəyyən edilir. Yuxarı normativə əsasən həkimlərə tibbi xidmətə görə, təsdiq edilmiş tarifin 15 faizi həcmində mükafat veriləcək.

Buna da bax:​ İcbari sığorta paketində doğuşa 300 manat ayrılıb

Cərrahiyyə, ginekologiya şöbəsində çalışan həkimlərə aylıq normativ 10 pasiyentə tibbi xidmət göstərilməsi müəyyən edilib. Onlar inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20 faizi həcmində mükafat ala biləcək.

Məsələn, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyata görə, tibb müəssisəsinə 590 manat ödəyəcək. Bu əməliyyata görə, həkimə təqribən 82 manat veriləcək.

Xatırlatma

Azərbaycanda ilk dəfə icbari tibbi sığorta sisteminin tətbiqinə bu il yanvarın 1-dən başlanılıb. Sistemin tətbiqi pilot zona olaraq, Yevlax və Mingəçevirdə həyata keçirilir.

Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar bu ildən İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.

Buna da bax:​ Aztəminatlılar icbari tibbi sığorta ödənişindən azad olunur

Bu zaman aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar və gündüz oxuyan tələbələrin icbari tibbi sığortası dövlət hesabına olacaq.

Ancaq hələ ki, sığorta haqqının məbləği müəyyən edilməyib.

İcbari tibbi sığorta haqqında qanun 2000-ci illərdə qəbul edilsə də, indiyə kimi qanunun tətbiqi müxtəlif səbəblərdən ləngiyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG