Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

Almaniya miqrantların deportasiyasını sürətləndirir


Almaniyada qaçqınlar

Almaniya kansleri Angela Merkel və ölkənin 16 vilayət rəhbəri miqrantların deportasiyasını tezləşdirmək barədə razılığa gəliblər. Plana görə, Almaniyada sığınacaq ala bilməyən və almaq şansı olmayan miqrantlar geri göndəriləcəklər. Şəxsiyyəti haqda yalan bilgi verən, kriminal keçmişi olan miqrantlar daha tez qaytarılacaq.

Sentyabrda yenə seçkilərə qatılmağa hazırlaşan A.Merkel qaçqınların deportasiyasıyla bağlı yeni prosedurların hazırlandığını bildirib. Məsələn, ölkədən çıxarılacaq miqrantları saxlamaqdan ötrü xüsusi mərkəz yaradılacaq, bununla da həmin miqrantların gözdən itməsinin qarşısını almağa çalışacaqlar. Bundan başqa, miqrantlara vətənlərinə könüllü qayıtmaq üçün pul təklif ediləcək.

Almaniya miqrantlar məsələsinin üzərinə keçən ilin dekabrında düşüb. O zaman bir nəfər yük maşınını bayram yarmarkasına sürmüş, 12 adamı öldürmüşdü. Az sonra həmin şəxsin tunisli qaçqın Anis Amri olduğunu müəyyən etdilər.

2016-cı ildə Almaniyadan 25 min miqrantı deportasiya ediblər. 55 min qaçqın özü geri qayıdıb.

Rəsmi məlumata görə, ötən il Almaniyadan 280 min adam sığınacaq istəyib. 2015-ci ildə bu göstərici 890 min olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG