Ağsu aşırımının fevralın 6-sı bağlandığı bildirilir. Səbəb dolaylarda böyük ərazidə torpaq sürüşməsinin baş verməsi göstərilir.
APA xəbər verir ki, sürüşmə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 149-cu kilometrliyində baş verib.
Sürüşmə zonası sayılan ərazidə hər güclü yağıntıdan sonra torpaq sürüşməsinin daha da aktivləşdiyi bildirilir.
Buna da bax: İsmayıllıda sürüşmədən əkin sahələrində yarğanlar əmələ gəlib
Son bir həftə ərzində yağan güclü qardan sonra ərazidə aktivləşmə daha böyük miqyasda özünü göstərməyə başlayıb.
Xəbərdə qeyd edilir ki, fevralın 6-da baş verən sürüşmə nəticəsində yolun hər iki hərəkət zolağının bir hissəsi 40-50 santimetr dərinliyində çöküb.
Sürüşmə zonası sahəsinin ümumilikdə 40 metrədək ərazini əhatə etdiyi bildirilir.
Buna da bax: Torpaq sürüşmələri aktivləşir
Sürüşmə qeydə alınan hissənin bərpasından ötrü əraziyə 16 saylı “Ağsu Yol İstismar” MMC-nin texnika və canlı qüvvəsinin cəlb olunduğu söylənir. Hazırda yolda təmizləmə, ilkin bərpa işlərinin həyata keçirildiyi deyilir. Nəqliyyat vasitələrinin sürücüləri alternativ yoldan (Kürdəmir yolu) istifadə edir.
Bakı-Şamaxı-Yevlax magistralının 144-158-ci kilometrlik hissəsi, yəni 14 kilometr ərazi Ağsu aşırımının payına düşür. Həmin dolaylarda 14 aktiv sürüşmə zonasının olduğu bildirilir.