Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 13:43

Palata Mədəniyyət nazirliyində də nöqsan aşkarlayıb


Mədəniyyət və Turizm nazirliyi - loqo.

Hesablama Palatası Mədəniyyət və Turizm nazirliyinə ayrılan büdcə vəsaitlərinin xərclənməsində nöqsanlar aşkarladığını bildirir.

Bu haqda qurumun yanvarın 30-da yaydığı məlumatında qeyd edilir.

Məlumata görə, palata 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən nazirliyə ayrılan vəsaitlərin auditinin aparıb. Audit nazirlik, 3 film studiyası, C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış 305 milyon 650 min manat vəsaiti əhatə edib.

Buna da bax:​ Hesablama Palatası Qubada pozuntular aşkarlayıb

Auditin nəticələrinə görə, nazirliyin büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən tam qiymətləndirmə aparılmayıb. Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi isə tam təmin edilməyib.

Hesabatda qeyd edilir ki, xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmayıb. Ancaq təhsil haqlarının ödənilməsi halları olub.

Auditin hesabatında bildirilir ki, nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib. Filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği isə smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.

Buna da bax: Goranboy icra hakimiyyətində nöqsanlar

“Müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi qanunvericiliyə uyğun aparılmayıb. Ziyafət xərclərinin ödənişi zamanı, artıq xərcə yol verilib. Turizmin təbliği ilə əlaqədar materialların çap edilməsində də pozuntular olub - eyni müəssisələr hər il təkrar nəşrlər edib. Əksər hallarda çap məhsullarının tirajı, formatı, həcmi və nəşr edildiyi tarix göstərilməyib”, məlumatda bildirilir.

Hesablama Palatasının məlumatında vurğulanır ki, nazirlikdə yol verilmiş nöqsanların əksər hissəsi audit dövründə aradan qaldırılıb.

Auditin nəticələri barədə Milli Məclis bilgiləndirilib.

Buna da bax:​ Nəzarət olunacaq iri dövlət şirkətlərinin sayı artır

Xatırlatma

Azərbaycanda Hesablama Palatası 2001-ci il iyunun 12-də yaradılıb. Palata həmin il dekabrın 7-dən rəsmən fəaliyyət göstərir.

Palata büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə bilgi verilir.

Mədəniyyət və Turizm Nazirliyi qurumun sonuncu açıqlamasını şərh etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG