Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:09

Rus hökumətinin mübarizə apardığı "Artdokfest" kino festivalı niyə önəmlidir...


"Artdokfest" kinofestivalının loqosu.
"Artdokfest" kinofestivalının loqosu.

Beynəlxalq müəllif sənədli kinosu festivalı “Artdokfest” 2007-ci ildə “Lavr” Milli Mükafatının idarə heyəti tərəfindən təsis olunub.

Hökumətə müxalif fikirləri, filmləri ilə tanınan sənədli filmlər rejissoru Vitali Mansky-nin rəhbərliyi ilə keçirilən və tamaşaçılara parlaq sənədli filmlər təqdim edən festival bu ilə qədər Moskvada dekabrın ilk ongünlüyündə keçirilib. 2014-cü ildən Sankt-Peterburq və Riqa da festival ev sahibliyi eləyir.

Rejissor Vitaly Mansky.
Rejissor Vitaly Mansky.

Vitali Mansky müsahibələrinin birində “Artdokfest”in ideyası və məqsədləri haqqında danışarkən festivalın yarandığı gündən cəmiyyətdə baş verən aktual sosial-siyasi hadisələri gündəmdə saxlamağa çalışdığını deyir: “”Artdokfest” yarandığı gündən bir yolla gedib və bu illər ərzində ideyasına xilaf çıxmayıb. Festival, ilk gündən “Televizorda görə bilməyəcəyiniz kino” şüarı altında keçirilib. Bizi həmişə müasir dünyanın real problemlərinin analizi, müəllif yanaşması maraqlandırıb”.

Buna da bax: A. Sokurov: Beş il əvvəl Rusiyada düşündüyümü deyə bilirdim, ancaq indi...

Yəqin elə buna görə də layihənin təşkilatçıları sənədli kinonun dilini inkişaf etdirməyi qarşılarına məqsəd qoymuş rejissorlara üstünlük verirlər.

Hər il “Artdokfest” çərçivəsində nümayiş olunacaq filmlərə baxmaq üçün 200 000-ə yaxın tamaşaçı kinoteatrlara axışır. Rusiya Kinematoqrafçılar İttifaqının peşəkar reytinqlərinin nəticələrinə görə “Artdokfest”, Rusiya ərazisində keçirilən bütün bədii, sənədli, animasiya filmləri festivalları arasında 2011-ci və 2012-ci illərdə ikinci, 2013-cü ildə isə birinci yeri tutub.

Ancaq bütün uğurlarına, Rusiya sənədli kinosunun inkişafındakı əhəmiyyətli roluna baxmayaraq bu gün ölkədə hakim dairələr “Artdokfest”i bağlamağa çalışırlar. Düzdü, bununla bağlı hələlik heç bir rəsmi sərəncam, ya da qanun verilməyib, amma festivalın fəaliyyətinə məmurlar tərəfindən ciddi maneələr yaradılır.

Səbəb isə çox sadə və aşkardı: “Artdokfest”in yaradıcıları on ildən çoxdu ki, kinonun siyasiləşmə və təbliğatdan imtinası ideyasını öz manifestlərinə çeviriblər. Onların fikrincə, yalnız bədii dərketmədən keçmiş reallıq insanların ürəyinə və şüuruna təsir gücünə malikdi və yalnız belə reallıq vacibdi.

“Bu ölkədə artıq həyat haqqında danışarkən ürəkdən gələn istənilən söz hazırkı vəziyyətin tənqidi dəyərləndirilməsinə çevrilib. Odur ki, filmlərə “necə çəkilib” nöqteyi-nəzərindən yanaşmaq alınmır. Səslənən tənqidlərlə həmrəy olan və tək olmadığını hiss eləmək istəyən insanlar “Artdokfest”ə gəlirlər”, - Manski deyir.

2014-cü ildə Rusiya Federasiyasının Mədəniyyət naziri Vladimir Medinski “Artdokfest” də daxil olmaqda V.Manskinin bütün layihələrini dövlət büdcəsindən maliyyələşdirməkdən imtina edib. Nazirin dediyinə görə, imtinaya Mansky-nin “dövlət əleyhinə” danışması səbəb olub, ancaq o, rejissorun konkret hansı sözlərinin “dövlət əleyhinə” olduğunu açıqlamayıb. Əvəzində Medinski bildirib ki: “Nə qədər ki mən mədəniyyət naziriyəm, Mansky-nin heç bir layihəsi dövlət dəstəyi almayacaq. Mən Mədəniyyət nazirliyinin istənilən ekspert şurasının istənilən qərarına veto qoyacam. Bir halda ki, Mansky bu dövlətin mövqeyi ilə razı deyil, ondan pul istəməyə də haqqı yoxdur”.

Buna da bax: Şimali Koreyadan bəhs edən filmin Rusiyada göstərilməsinə maneələr yaradılır

"Artdokfest" festivalının təşkilatçısı və rəhbəri Mansky festivalın şüarını nümayiş etdirir.
"Artdokfest" festivalının təşkilatçısı və rəhbəri Mansky festivalın şüarını nümayiş etdirir.

Onu da qeyd eləyək ki, festivalın təşkilatçıları Medinsikinin sözügedən bəyanatından əvvəl də maliyyə dəstəyi almaq məqsədilə Mədəniyyət Nazirliyinə müraciət ediblər. Məmurlardan heç bir cavab almayanda isə festivalın keçirilməsindən ötrü lazım olan vəsaiti internet vasitəsilə toplayıblar.

Rejissor novayagazeta.ru saytına verdiyi müsahibəsində son illər festivala qarşı senzuranın gücləndiyini vurğulayır: “2007-ci ildə biz orijinal müəllif yanaşması sərgiləyən, mövcud reallığı əks etdirən filmlər göstərəndə bu, heç kimi narahat eləmirdi, müxaliflik, ya da “dövlətə qarşı çıxmaq” hesab olunmurdu. Sənədli kino festivalının reallıqla dialoqda olması normaldı, axı. Ancaq 2016-cı ildə atdığımız hər addım vətəndaş fəallığına çevrilib. Dəyişməyən festival kökündən dəyişmiş bir ölkədə fəaliyyət göstərir. Bir nümunə göstərim. 2007-ci ildə festivalda Ukrayna filminin nümayişi adi qəbul olunurdu. Amma indi mövzusundan asılı olmayaraq istənilən Ukrayna filminin nümayişi xüsusi eyham, dövlət əleyhinə hərəkət sayılır. Hələ film Ukraynadakı münaqişədən bəhs eləyirsə, onun nümayişi, az qala, müxalifətin aksiyası kimi qəbul olunur”.

Bununla belə 2014-cü ildə Ukrayna hadisələri baş verəndə “Artdokfest” laqeyd qalmayıb. Festivalın əsas müsabiqəsində və “Çərşənbə” adlı proqramı çərçivəsində Ukrayna hadisələrindən bəhs eləyən bir neçə film göstərilib. Həmçinin “Ukrayna Rusiya deyil” adlı xüsusi proqramda Dziga Vertov, Aleksandr Dovjenkonun kimi klassiklərin filmlərindən tutmuş 90-2000-ci illərin müasir kinosuna qədər çoxlu ekran əsərləri nümayiş olunub. Elə Sergey Loznitsanın “Meydan” filminin premyerası da həmin proqram çərçivəsində baş tutub.

Və həmin il ilk dəfə festivalın bağlanış mərasimi СТС telekanalında canlı yayımdan çıxardılıb və “Дождь” kanalında yayımlanmağa başlayıb.

2015-ci ildə isə Rusiya Mədəniyyət Nazirliyi festival əleyhinə yeddi məhkəmə iddiası qaldırıb. Sankt-Peterburqda “Lenfilm” kinostudiyası tədbirin açılışına iki həftə qalmış “Artdokfest”lə bağladığı müqaviləni pozduğunu bildirib. Şəhərdə yalnız iki kinoteatr festival filmlərinin zallarında nümayişinə icazə verib.

2016-cı ildə isə təşkilatçılar Moskvada rəsmi sanksiyalara imkan verməməkdən ötrü filmlərin bir hissəsini Çexiya Respublikası səfirliyinin ərazisində göstərməyə məcbur olublar (Səfirlik fəaliyyət göstərdiyi dövlətin yox, aid olduğu ölkənin ərazisi hesab olunur- red).

“Artdokfest”in prezidenti bu il Rusiyada keçiriləcək prezident seçkilərinin festivalın taleyində həlledici rol oynayacağını düşünür. Onun sözlərinə görə, Rusiyanın 2017-ci ilin qışını hansı vəziyyətdə qarşılayacığını demək çətindi: “Əksər proseslərin necə sürətlə inkişaf elədiyini görürük. Başa düşürük ki, qarşıda bizi yeni prezident seçkiləri gözləyir. Başa düşürük ki, həm cəmiyyətin daxilində, həm də beynəlxalq münasibətlərdəki mövcud qarşıdurma yaxşı şeylərdən xəbər vermir. Bir tərəfdən festivalın yaşayacağına inanırıq. Digər tərəfdən onu keçirmək üçün alternativ yollar fikirləşirik. Məsələn, festivalın genişləndirilməsi və Rusiya Federasiyanın ərazisindən çıxartılması kimi. Artıq üç ildi ki, “Artdokfest”i Avropanın paytaxtlarından birində keçiririk. Onuncu festivalda proqramlardan biri Moskvada göstərildi, amma məkan Rusiya Federasiyasının ərazisi deyildi. “Artdokfest” sadəcə dövlət dəstəyindən məhrum edilməyib, məmurlar onu məhv eləməyi qarşılarına məqsəd qoyublar. Aydın görünür ki, Rusiya mədəniyyətinə cavabdeh olan məmurun əsas hədəfi mədəniyyətin inkişafını təmin eləmək yox, milli mədəniyyətin inkişaf prosesində irsiliyini qorumağa çalışan müstəqil institutları yox eləməkdir. Təəssüf ki, bizə müharibə elan olunub və indi biz bu şərtlərdə hərəkət eləməyə məcburuq”.

Beləcə, təşkilatçılar festivalı tədricən, hissə-hissə Latviyanın paytaxtı Riqaya köçürürlər. 2016-cı ildə yeni layihələrin müzakirəsi proqramı – pitchinglər dayandırılıb. Çünki Rusiyada həyata keçirilməyə heç bir şansı olmayan layihələrin müzakirəsini müəlliflərə qarşı nalayiq hərəkət hesab edirlər. Hazırda festivalın rəhbərliyi keçmiş SSRİ ərazisindən göndərilən layihələrin Latviyada genişmiqyaslı pitchinginin təşkili üzərində işləyirlər.

Buna da bax: Rus yazıçıları rejissoru müdafiə etməyən PEN-mərkəzi kütləvi tərk edir

Niyə Latviyada?

“Çünki orda öz ölkəsinin mədəniyyətini məhv eləyən cinayətkar məmurlar yoxdu. Çünki orda məmurlarla istənilən mövzuda dialoq qurmaq mümkündür, onlar sizə kömək eləmək üçün mövcuddurlar. Rusiyada isə məmurlar yalnız özlərinə kömək edirlər və ölkəyə fayda vermək istəyənlərə əngəl yaradırlar. Təbii ki, Rusiyada festivalın keçirilməsinə mane olacaq hadisələr baş versə, “Artdokfest” birdəfəlik Riqaya köçəcək. Əfsus ki, hər il festivala gələn və onun sayəsində Rusiyanın hələ azad ölkə olduğuna ümid eləyən minlərlə tamaşaçını özümlə apara bilmərəm” – Vitali Mansky təəssüflə söyləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG