Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:01

Daha bir "Əli və Nino" filmi gəldi, bu dəfə az büdcəli və yerli istehsal


Elvin Mirzəyevin "Əli və Nino" filmindən bir kadr.
Elvin Mirzəyevin "Əli və Nino" filmindən bir kadr.

Aygün Aslanlı

Yerli "Əli və Nino" serialdan 110 dəqiqəlik filmə

Dekabrın 27-də “YARAT” film klubunda rejissor Elvin Mirzəyevin Qurban Səidin eyniadlı romanı əsasında ekranlaşdırdığı “Əli və Nino” filminin təqdimatı keçirildi. Son iki-üç ildə sözügedən romanın kino mühitində xeyli aktuallıq qazandığını, Azərbaycan hökumətinin bu əsərin ekranlaşdırılmasına xeyli vəsait (deyilənə görə, 20 milyona yaxın) sərf eləyib geniş miqyaslı, beynəlxalq layihə həyata keçirdiyini, əsas heyətin də bütünlüklə əcnəbilərdən ibarət olduğunu nəzərə alsaq, E. Mirzəyevin filminə olan marağı başa düşmək mümkün idi. Böyük büdcə ilə və Hollywood standartlarında çəkilmiş, ölkə ərazisində bir neçə ay ekranlardan düşməyən filmlə azbüdcəli, necə deyərlər, “made in Azərbaycan” markalı “Əli və Nino”nu müqayisə eləmək şansı yaranmışdı. Yəqin, “YARAT”ın balaca zalını dolduran, hətta çoxlarını filmi düz iki saata yaxın (110 dəq) ayaq üstə izləməyə məcbur eləyən də elə bu maraq idi.

Elvin Mirzəyevin "Əli və Nino" filminin treyleri.

Xoronoloji ardıcıllığı diqqətə alsaq, əslində Elvin Mirzəyevin “Əli və Nino”su ekranlara Asif Kapadianın versiyasından daha əvvəl çıxmalı və serial formatında olmalı idi. Şərqlə Qərbin toqquşmasından, köklü ziddiyyətlərinə baxmayaraq, ortaq yol tapmağın mümkünlüyündən, hər ikisinin öz adət-ənənələri ilə eyni qədər hörmətə layiq olduğundan bəhs eləyən “Əli və Nino” romanının E. Mirzəyevin yaradıcılığında çox mühüm yer tutduğunu desək, yanılmarıq. Rejissor müsahibələrinin birində həyatını bu işə həsr etmək istədiyini bildirib: “Mən öz həyatımı bu işə həsr etmək istəyirəm. Oğlumun adını da Əlixan qoymuşam. Bu roman mənim həyatımı dəyişdirib, həyata baxışımı dəyişdirib. Bu romanı oxuyandan sonra mən azərbaycanlı olmağa başladım. Yəni, əslində, doğuluşdan azərbaycanlıyam, sadəcə bu əsər mənə özümü dərk etməyə kömək etdi. Çox xoşbəxtəm ki, həyatımın hansısa mərhələsində bu roman mənim həyatıma daxil oldu və bu serial mənim “Əli və Nino” mövzusunda bir növ son borcumdu”.

Buna da bax: 'Əli və Nino' filmini tənqid edirlər: Reklam çarxına oxşayır

Elvin Mirzəyev və Nigar Həsənzadə "Əli və Nino" teatrında.
Elvin Mirzəyev və Nigar Həsənzadə "Əli və Nino" teatrında.

Ancaq serialdan əvvəl tamaşa vardı. Belə ki, E.Mirzəyev ilk dəfə bu əsəri Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində yaradılmış eksperimental teatr studiyasında səhnələşdirmişdi və baş rolları həyat yoldaşı, aktrisa Nigar Həsənzadə ilə özü oynamışdı.

2014-cü ildə prezident İlham Əliyevin fərmanı ilə milli serial sənayesinin inkişafı üçün xüsusi maliyyə ayrılanda rejissor yenidən romana qayıtmış və Milli Teleradio Şurasının sifarişi ilə əsər əsasında serial çəkməyə başlamışdı. Ancaq ayrılan vəsait kifayət eləmədiyindən başlanğıcda 12 seriya həcmində nəzərdə tutulan serial əvvəl 2 seriyaya, sonra da 110 dəqiqəyə qədər ixtisar olunmuşdu. Çünki hökumətin romanın ekranizasiyası məqsədilə fəaliyyətə başladığı barədə xəbərlər yayılandan sonra potensial sponsorların Elvinin layihəsinə marağı qalmamışdı.

Elvin Mirzəyevin çəkdiyi "Əli və Nino" filmindən bir kadr.
Elvin Mirzəyevin çəkdiyi "Əli və Nino" filmindən bir kadr.

Film klubunda tamaşaçıların mühakiməsinə verilən də həmin 12 seriyadan qalan 110 dəqiqəlik “Əli və Nino” idi. Çəkilişlərində 300-dən çox aktyorun iştirak elədiyi filmdə əsas rolları Ayşad Məmmədov (Səfər xan), Firdovsi Atakişiyev (Fətəli xan Xoyski), Nicat Kazımov (Naxararyan), Elvin Mirzəyev (Əli xan), Nigar Həsənzadə (Nino) canladırırlar.

Buna da bax: "Əli və Nino" - senzuranın kor qoyduğu tarixi film...

Elvin Mirzəyevin “Əli və Nino”sunun qüsurları çoxdu, həm də lap çox. Onların bir qismi sırf maliyyə çatışmazlığının nəticəsidi. Romanı oxuyanlar bilirlər ki, hadisələr XIX əsrin sonlarından XX əsrin əvvəllərinə - Azərbaycan Demokratik respublikasının süqutu və Qırmızı Ordunun Bakıya soxulduğu ilə qədərki zamanı əhatə eləyir. Bu o deməkdi ki, ekranlaşdırma üçün həmin dövrə aid geyimlər, hadisələrin baş verdiyi məkanlar lazımdı. Həmçinin əsərdə əsas süjet xətti ilə paralel təsvir olunan və birincinin inkişafında mühüm rol oynayan tarixi-siyasi xətt, döyüş və digər batal səhnələr var (məsələn, İranda məhərrəmlik ayında zəncirvurma səhnəsi kimi). Rejissor onların əksəriyyətini pavilyonda və xromokeylə çəkib (aktyorlar yaşıl pərdənin və ya ekranın fonunda rollarını ifa eləyirlər, sonradan kompyuter vasitəsilə həmin fona lazımi məkanlar yerləşdirilir). Xromokeydə film çəkmək qüsur deyil, əlbəttə. Bu, kino və televiziya aləmində çoxdan məlum olan bir priyomdu. Qüsur ondadı ki, filmdə arxa fonun süni olduğu aydın hiss edilirdi, xüsusilə də iri planlarda. Bu da ekranda baş verənləri bütöv halda qavramağa və inanmağa mane olurdu.

Digər qisim qüsurlar isə yaradıcı işlə bağlıdı. Məsələn, aktyor oyunu kimi. Quruluş verdiyi tamaşadakı kimi filmdə də baş rolları Elvin Mirzəyev və həyat yoldaşı Nigar Həsənzadə oynayır. Xub. Bu da problem deyil. Problem olan onların ifalarında teatral dramatizmin həddini aşmasıdı. Bu tip ifa səhnədə nə qədər caizdisə, ekranda bir qədər yad və süni görünür. Səhnədə aktyor personajı ilə özü, o cümlədən tamaşaçı atasında məsafə qoya bilər. Ekran isə daha təbii, gerçəkçi ifa tələb eləyir, hətta absurd, sürreal filmlərdə də belə. Eyni sözləri digər oyunçuların ifalarına da aid eləmək olar.

Amma maraqlısı odu ki, bu nöqsanlar, teatrallıq tamaşaçının həyəcanlanmasına, qəhrəmanlar üçün narahatlıq keçirməsinə, hadisələri gərginliklə izləməsinə əngəl yaratmırdı. Çox güman ki, Elvin Mirzəyevin layihəsi ilkin düşünüldüyü formatda, yəni serial kimi təqdim edilsəydi, televiziya məkanında ən reytinqli seriallardan biri olardı. Yeri gəlmişkən, bunda bütün film boyu hadisələrin fonunda diqqət çəkmədən, zümzümə kimi səslənən, gah gərginləşib, gah da sakitləşən musiqinin də böyük rolu vardı. Filmin bəstəkar Cavanşir Quliyev “Əli və Nino” əsərinin atmosferini üstələyən yox (Kapadianın versiyasındakı kimi), əksinə onu daha da vurğulayan bir musiqi yarada bilmişdi. Ki, yəqin, bu da təsadüfi deyil. Belə ki, “Əli və Nino”, təqdimatda ürək sözlərini göndərdiyi videomaterialla deyən Cavanşir Quliyevin də çox sevdiyi əsərdi:

“Həmişə dostlarıma deyirdim ki, “Əli və Nino” əsəri mənim haqqımdadır. Romanın qəhrəmanı ilə üst-üstə düşən çox məqamlar var həyatımda. Sadəcə, iki məqam bizi ayırır. Birincisi, mənim gürcü sevgilim olmadı, ikincisi hələ məni Gəncə körpüsündə öldürməyiblər. Əli xanın düşüncəsi, ruhu, Azərbaycanın gələcəyi, siyasi quruluşu haqqında fikirlərimiz oxşardır. Buna görə də həmişə roman əsasında opera, ya da bir başqa musiqili səhnə əsəri yazmağı arzulamışam. O baxımdan rejissor Elvin Mirzəyevin mənə filmin bəstəkarı olmaqla bağlı təklifi yerinə düşdü. Və böyük məmnuniyyətlə filmdə çalışdım”, - deyir sevimli bəstəkarımız.

O ki qaldı Asif Kapadianın çəkdiyi “Əli və Nino”ya.. Məşhur fransız kinoşünası Andre Bazenin “Modam Bovari”nin ekran versiyası haqqında yazdığı “Floberin əsərinin estetik səviyyəsi ilə orta statistik amerikan filmi arasında nə qədər böyük fərq olur-olsun, Hollivud “madam Bovari”ni çəkəndə son nəticədə standart amerikan filmi alınır və onun bircə qüsuru olur: film, “Madam Bovari” adını daşıyır” sözlərini azca dəyişərək deyə bilərik ki, əcnəbi “Əli və Nino”nun bircə qüsuru var – o da adının “Əli və Nino” olmasıdı.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG