Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 13:32

'Qiymətlər Avropa qiymətləri maaşlar Avropadan 10-15 dəfə azsa kim kitab alacaq'


Azerbaijan - Academy book shop display

Azərbaycan kitab sektoru böhranla necə mübarizə aparır?

Nəşriyyatlar və kitab satıcıları dövlətdən daha böyük güzəştlər gözləyir.

Bu günlərdə Azərbaycan kitab bazarı iqtisadi böhranla əlaqədar olaraq, böyük problemlərlə üzləşib. Təqribən iki il əvvəlki manatın ilk devalvasiyasından üzü bəri ölkədəki kitab bazarı yarıbayarı kiçilib. Nəşriyyatlar və kitab satan qurumlar mövcudluqlarını qorumağa çalışırlar, ancaq bu, onlar üçün aşılması hədsiz çətin olan bir səddir. Oxu Zalı kitab sektorunun böhranla mübarizədə qazandıqları və itirdikləri haqda sorğunu təqdim edir.

Şahbaz Xuduoğlu: “Qiymətləri artırmaq inanmıram ki, vəziyyətdən düzgün xilas yoludur”

Qanun nəşriyyatının sahibi Şahbaz Xuduoğlu.
Qanun nəşriyyatının sahibi Şahbaz Xuduoğlu.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu manatın ikinci ucuzlaşma dalğasının onlara xüsusilə ağır zərbə vurduğunu deyir:

“Dollar satışına qadağa oldu. Xaricə köçürmələr donduruldu. Xarici müəlliflərə qonorar ödənişi problemə çevrildi. Bu günə qədər də dollar tapmaq və xaricə transfer etmək problemi yaşayırıq”.

Şahbaz bəy hesab edir ki, belə çətin dövrlərdə, oxucuların kitablardan uzaqlaşmaması və nəşriyyatların maksimal fəaliyyəti üçün maksimal şəffaflıq tədbirləri görülməlidir. Naşirin fikrincə, bu təqdirdə vəziyyəti az itki il adlamaq olar: “Bizim işimiz gömrükdən, bankdan, vergidən keçir. Əgər bu təşkilatlardan rüşvət, monopoliya yığışarsa, işimiz asanlaşar. Düzdür biz heç yerdə rüşvət ödəmirik, amma əvəzində bizi xeyli süründürürlər. Eləcə də satış imkanları çox olarsa böhranı adlamaq olar. Kitabın satış məkanları yox dərəcəsindədir. Manat elə sürətlə enir, buna adekvat olaraq qiymətləri artırmaq inanmıram ki, vəziyyətdən düzgün xilas yoludur. Məncə, indi etdiyimiz kimi, müxtəlif aksiyalar, endirimli oyunlar keçirməklə alıcı kütləsini diri saxlamalıyıq. Biz hal-hazırda buna çalışırıq”.

Buna da bax: Nizaminin məqbərəsini ucaldıb kitabını yasaq edirsiz

Zahir Əzəmət: “Kitab indi ən sonda yada düşəcək şeylərdən birinə çevrilib”

"Alo kitab" şəbəkəsinin sahibi Zahir Əzəmət.
"Alo kitab" şəbəkəsinin sahibi Zahir Əzəmət.

Fəaliyyətini dayandıran "Zero" nəşriyyatının qurucusu və onlayn kitab satışı saytı alokitab.az-ın rəhbəri Zahir Əzəmət deyir ki, 2015-ci ildə manat qəfildən devalvasiyaya məruz qalanda, onlar buna hazır deyildilər:

““Zero” nəşriyyatında biz əsasən cib kitabları satırdıq. Taktikamız o idi ki, daha yığcam, daha cibə uyğun kitablar sataq. Sonra böhranla əlaqədar qiymətlərdə dəyişikliklər oldu. Bizə materiallar xaricdən gəlirdi. Əvvəlcə kağızın qiyməti bahalaşdı, sonra mətbəələrə olan ödəmələrimiz iki dəfə artdı. Nəticədə yaratdığımız məhsulun qiyməti iki dəfə bahalaşacaqdı deyə, biz ümumiyyətlə nəşriyyatın fəaliyyətini dayandırmaq qərarına gəldik. Çünki böhran dalğası elə böyük idi ki, "Zero" kimi kiçik nəşriyyatların prosesdən salamat qurtulması sadəcə olaraq mümkünsüz idi".

Zahir Əzəmət "Zero" nəşriyyatından fərqli olaraq, onlayn kitab satışı saytı alokitab.az-ı yaşatmağa çalışdıqlarını bildirir, ancaq əvvəl axır bu işə də xitam verilib:

"Bu dekabrın əvvəlinə qədər müqavimət göstərməyə çalışdıq, ancaq hər halda sonda onun da fəaliyyətini dayandırmaq haqda qərar verdik. Hal-hazırda sonuncu hesablaşmaları aparırıq. Saytın da fəaliyyəti yaxın zamanlarda dayanacaq. Çünki kitab oxuyanların alıcıq qabiliyyəti aşağı düşüb. Ölkədə ümumiyyətlə, elektron ticarətlə bağlı da müəyyən problemlər var. Vergi ilə, sənədləşmə ilə bağlı problemlər var. Bizim iqtisadiyyatımız, xüsusilə kitab sektoru bu cür böhran hallarına hazır deyildi...

Xaric ilə də kitab ticarəti ilə məşğul olurduq, amma burda da oxşar problemlər ortaya çıxır. Məsələn, Türkiyədən kitabı rəsmi qaydada Azərbaycana gətirəndə, karqo xidməti kifayət qədər baha çıxır. Karqoaya ödəniş indi 3 dəfə artıb. Buna nə rəsmi fəaliyyət göstərən bir qurum, nə də bizim ödəmə qabiliyyəti aşağı olan oxucumuz hazır idi.

Düzdür, bu nüans kitab ticarətiylə gizli yollarla məşğul olanlar üçün yeni imkanlar aça bilər. Biri Türkiyədə tələbədir məsəl üçün, Facebook səhifələri üzərindən o, beş-on dənə kitab sifarişi ala, kitabları da karqo ilə deyil, kimnənsə göndərib müəyyən qədər vəsait qazana bilər. Bizim kimi rəsmi qaydada fəaliyyət göstərən şirkətlər isə təbii olaraq, bu metodlardan istifadə edə bilməzdik. Fəaliyyətimizi də məhz buna görə dayandırmaq məcburiyyətində qaldıq".

Keçmiş naşirin fikrincə, ölkədə iqtisadi böhran dərinləşdikcə, insanlar daha çox özlərinin əsas ehtiyacları barədə düşünməli olurlar: "Son iki ildə qiymətlər ən azı 3 dəfə bahalaşıb. Böyük bir təbəqə üçün kitab sadəcə olaraq əyləncə vasitəsidir. Əmək haqları azdır, iş yerləri ixtisara düşüb və bu səbəbdən kitab da artıq prioritet deyil, o, indi ən sonda yada düşəcək şeylərdən birinə çevrilib".

Buna da bax: Devalvasiya hamıya təsir etdi, kitaba isə ikiqat

Fərid Kərimov: "İstəyirik ki, Türkiyə nəşriyyatları ilə danışaq, icazə versələr, türkcə kitabları burda çap edək"

"Bakumoz" kitab evinin rəhbəri Fərid Kərimov.
"Bakumoz" kitab evinin rəhbəri Fərid Kərimov.

“Bakumoz” kitab evinin rəhbəri Fərid Kərimov vurğulayır ki, əvvəllər ayda 1000 kitab satırdılarsa, indi bu rəqəm 350-yə enib. Onun qurumu ödəmələri dollar və lirə ilə ödədiyi üçün manatın ucuzlaşması kitabların qiymətində artıma səbəb olub. Fərid bəyin dediyinə görə, manatın devalvasiyası zamanı kitabların gömrükdən 2 aya yaxın buraxılmaması da onların işinə əngəl törədib:

“Hazırda kitab satışında 50%-dən də çox geriləmə var. Əvvəllər lirə 0.37 qəpik olaraq hesablanırdı, indi. 0.51 ilə hesablanır, əvvəl karqoda hər kitaba 1 manat verilirdi, indi 3 manat olub".

Fərid bəy oxucular kitabları ala bilsinlər deyə, mütamadi olaraq Türkiyə nəşriyyatları ilə danışıqlar apardıqlarını deyir. "Bakumoz"un bu çətin vəziyyətdən xilas olmaq üçün planı da var, amma bunun işləyib işləməyəcəyi hələlik məlum deyil:

"Kitab nə qədər çox satılsa, qiymətləri o qədər aşağı endirə bilirik. Təəssüf ki, satış azalır və biz qiymətləri çox endirə bilmirik. İcarə haqqı, işçilər, vergi və s. xərcləri qarşılamaqda çətinlik çəkirik. Biz gələcəkdə istəyirik ki, Türkiyə nəşriyyatları ilə danışaq, icazə versələr, kitabları burda çap edək. Beləliklə karqo pulu və digər xərclər gəlməz üstünə. Kitab ucuz olar".

Dövlətin edə biləcəyi güzəştə gəldikdə isə, qurum rəhbəri bildirir ki, dövlətin hazırda edə biləcəyi ən yaxşı güzəşt gömrük rüsumlarını və ƏDV-ni azaltmaq olardı: "Bunlar azalsa kitab sahəsində irəliləmə olar. Amma yox əgər proses indiki kimi davam etsə, xarici dildə olan kitabları az adam ala biləcək. Azərbaycanca kitablara tələbat çoxalacaq. Amma kağız xaricdən gəldiyi üçün Azərbaycan dilində olan kitablar da bahalaşır".

Buna da bax: «Dünyanın ən bahalı şəhərlərindən olan Bakıda niyə ən ucuz kitab satmalıyıq ki?»

Sadiq Babazadə: "Bizdə oxucu kütləsi var və kitab heç də satılmayası bir məhsul deyil"

"Mayak kitab evi"nin sahibi Sadiq Babazadə.
"Mayak kitab evi"nin sahibi Sadiq Babazadə.

"Mayak kitab evi"nin sahibi Sadiq Babazadənin dediyinə görə, hazırki iqtisadi vəziyyətlə əlaqədar olaraq kitab satışları son dərəcə aşağı düşüb. Amma onun rəhbərlik etdiyi kitab mağazası vəziyyətdən çıxmaq üçün yeni layihələr üzərində çalışır: "Bu layihələr həm mağazamıza, həm də yeni yaratdığımız nəşriyyata şamil ediləcək. Sadəcə belə deyim, əvvəl pul var idi, risk çox deyildi. Ona görə hər nə istəsək ya həyata keçirir, ya da ən azından cəhd edirdik. Lakin indi yüz ölçüb bir biçirik. Mən inanıram ki, bu sahəyə nə vaxtsa dövlət də diqqət ayıracaq. Bizlərə vergi və gömrük rüsumları məsələsində güzəştlər edəcək".

Sadiq bəy vurğulayır ki, manatın ucuzlaşması ilə əlaqədar olaraq, kitab ticarətində indi şərtlər dəyişib. Gömrük xərclərinin çoxalması ilə bağlı kitablar artıq çox baha başa gəlir. Amma onun rəhbərlik etdiyi qurum artıq arternativ bir yol tapıb: "Yeni düşündüyümüz bu üsulla artıq xaricdən kitab gətirməyə bir o qədər zərurət qalmayacaq. Biz Türkiyədən və Rusiyadan bura gətirilən və böyük tələbat olan kitabları xüsusi yayın hüququ almaqla burada çap etdirəcəyik. Bunu hal-hazırda bəzi nəşriyyatlar edir. Lakin çox təəssüflər olsun ki, icazəsiz, yayın hüquqları olmadan edirlər".

Kitaba marağın azalacağına Sadiq bəy inanmır. Onun zənnincə, bu gün müntəzəm olaraq, gənc oxucuların və o cümlədən yazarların sayı artır: "Lakin oxucuların biz nəşriyatlardan bir istəyi var - ucuz və keyfiyyətli kitab. Bu mümkündür, hal-hazırda biz bunun üzərində işləyirik. Bunun yollarını artıq biz bir neçə kiçik proseslərlə bazarda sınaqdan keçirtmişik. Və sübut etmişik ki, bizdə oxucu kütləsi var və kitab heç də satılmayası bir məhsul deyil. Sadəcə həm nəşriyyatlar, həm də mağazalar yenilikçi olmalıdırlar. Daha sıx işləməli və inkişaf etməlidirlər. Mən kimlərinsə adını sadalamaq istəmərəm, amma kitab aləmində bu gün dürüst naşirlərlə, mağaza sahibləri ilə yanaşı, fırıldaqçılar da var. Piratdan əl çəkmək, vicdanla işləmək lazımdır".

Buna da bax: Sumqayıtın məşhur bukinisti bağlanır [Reportaj]

Xan Rəsuloğlu: "Azərbaycanda kitab ticarəti bəlkə də ən aşağı səviyyədə olan biznes sahəsidir"

Bukinist Xan Rəsuloğlu.
Bukinist Xan Rəsuloğlu.

"Xan xəzinəsi" kitab mağazasının rəhbəri Xan Rəsuloğlu bildirir ki, Azərbaycanda kitaba marağı olanların əksəriyyəti nə qədər də qəribə olsa, aztəminatlı insanlardır: "Çox utancverici məsələdir ki, neft ölkəsi sayılan Azərbaycan zamanında sosial rifah sarıdan heç ərəb ölkələrinin kölgəsinə də çatammadı. Mən heç Norveçdən danışmıram, trilyona yaxın pul sosial fondlarında toparlanıb. Maliyyə böhranı bütün sahələri bürüyüb, ən çox kitab almaq istəyənlər belə, sanki pullarını qəpik-qəpik yığıb alırlar. Elə qəribəsi budur ki, kitaba meyilli olanların böyük hissəsi aztəminatlılardır".

Mağaza sahibinin dediyinə görə, ən ucuz kitablar satılan dükan imicini saxlamaq istəsə də, zəruri ehtiyaclara xərclənən pul kitaba çatmır və onun ucuz qiymətə satdığı kitab yenə bəzən cibə uyğun olmur: "İkinci əl kitablar satışı üzrə ixtisaslaşdığımdan, ən azından kitab oxuyanlar öz kitablarını mənimkilərlə dəyişməklə, azacıq da olsa, istəklərinə yetə bilirlər. Kitabların 7-10 günlük kirayəsi oxuculara daha çox sərf eləyir. Kitab aləmini yaxşı bildiyimdən az-çox zövqlərə uyğun kitabları da seçib, arayıb-tapıb gətirirəm".

Azərbaycanda kitab ticarəti bəlkə də ən aşağı səviyyədə olan biznes sahəsidir, - deyir kitabçı. Onun fikrincə, orta məktəb dəftər -kitabı alınmağa məcburdur deyə, yenə nə isə proses gedir - amma o kitablar da əhalinin cibinə uyğun deyil: "Qiymətlər Avropa qiymətlərinə uyğun, maaşlar isə 10-15 dəfə aşağıdırsa, necə olmalıdır? Təhsil sistemində tam başıpozuqluq hökm sürür. Məqsədyönlü inkişaf haqda danışmağa da dəyməz. Əlavə kitablar isə qalıb maddi durumun düzələ biləcəyi umuduna müntəzir. Bir ara, dolların qalxması ərəfəsinədək nəşriyyatlar maddi- texniki bazanı qurmağı bacardılar. İndi isə o texnologiyaya uyğun durum yoxdur ki, keyfiyyətli mal istehsal edib, insaflı qiymətə bazara çıxara biləsən. Kitabçılıq çox perspektivsiz sahədir, ona görə yox ki, internet əsridir, oxuyanlarımız azdır, tərsinə, ona görə ki, cibə uyğun deyil... Əhalinin böyük hissəsi heç əsas ehtiyaclarına pul tapa bilmir. Perspektiv yalnız iqtisadi tənzimlənməylə mümkün ola bilər”.

Rəsuloğlu vurğulayır ki, kitab ticarəti ilə məşğul olanlara dövlət səviyyəsində xüsusi güzəştlər olmalıdır: "Ola bilsin ki elə mən, bəlkə Sumqayıtdakı "bukinist"-imi bağladım. 26 ildi əhalidən kitab alıb satıram, məhkəmə mənə 8 min manat cərimə kəsib. Adını da qoyublar ki, lisenziyasız dini kitab satırsan. Məndə kitabların içərisində heç beş-altı yüz kitabdan biri dinə aid deyildi (tam yığışdırdım artıq) və həm də məni heç kim, heç vaxt lisenziya üçün xəbərdarlıq da etməmişdi. Dini kitablarım da elə bu dövlətdə çap olunanlar idi. Bu cür xoşagəlməzliklər, anlaşılmazlıqlar saydıqca qurtarmaz".

XS
SM
MD
LG