Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Nizaminin məqbərəsini ucaldıb kitabını yasaq edirsiz


"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu

-

İyulun 12-də "Qanun" nəşrlər evi və "Ali and Nino" mağazalar şəbəkəsi Gəncə şəhərində kitab yarmarkası keçirəcəyini elan etmişdi. Ancaq sonradan Gəncə Şəhər İcra hakimiyyəti yarmarka üçün şərait yaratmaması üzündən kitab yarmarkası baş tutmayıb. "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hadisə haqda Oxu Zalına yazır.

Şahbaz Xuduoğlu

Gəncə qapılarını kitabın üzünə kim bağladı - SEVDANIN YADİGARI

Məndən soruşurlar Gəncə yarmarkası niyə baş tutmadı. Əvvəl cavab vermək istəmirdim, həm vaxt yoxdur, həm də adam sənə qarşı baş verən pis bir hərəkətə cavab verəndə qarşı tərəflə eyniləşmiş olursan. (Bir anlığa uzaqda dava edən iki insanı göz önünə gətirin - bu səhnədə kimin kim olması çox az adamı maraqlandırır). Amma bir halda bu sual kitabsevərlər cəbhəsini maraqlandırır, gərək mütləq cavab verim. Əzizlərim, cavab belədir. Bizi aldatdılar. Dedilər təki kitabları və kitabçıları gətirin, yer, stollar və çətirlər bizdən olacaq. Biz 3 maşın yola düşdük - biri kitabı daşıyan yük maşını, digərləri kitabçıları. Səhər 12-dən axşam 9-dək başda İcra başçısının müavini Sevda xanım, onun təhkim etdiyi Yadigar müəllim, Gəncə mərkəzi kitabxanasının rəhbəri olmaqla bizim kitabları boşaldası bir yer, kitabları düzməyə stollar tapa bilmədilər. Belə biabırçı münasibəti görəndən sonra geri dönməyə məcbur olduq.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev kitab mağazasının açılışında.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev kitab mağazasının açılışında.

Biz bu vaxta qədər heç kəsdən yardım istəməmişik. Sovet vaxtı kitab yarmarkasını təşkil edənlərin rayonlarda bütün xərcləri çəkilirdi. Amma biz bu qədər xərc çəkib gəlirik, heç olmasa öz hesabımıza uyğun şərait yaradın. Heç olmasa əvvəlcədən verdiyiniz sözün üstündə durun. Heç olmasa "biz qonaqpərvərik" deyib bu sözü də gözdən salmayın. Sevda xanım, Yadigar müəllim gedəcək, Gəncəni Gəncə edənlər, Gəncəyə hörmət qazandıranlar orda qalacaqlar, heç olmasa yerli camaat haqqında mənfi rəy yaratmayın. Harda istəyirsiniz, nə edirsiniz edin - Yardımlıda edin, Cəlilabadda, Ağdaşda, Göyçayda, İmişlidə, Beyləqanda, Tovuzda bə sair rayonlarımızın hamısında kitabı qadağan edin, kitab oxuyanı həbsə atın, lənətləyin, mürdəşir adlandırın, amma Gəncəyə dəyməyin. Ya da Gəncənin adını dəyişin. Yelizavetpol qoyun ya da Kəlbeyibasar, fərq etməz. Nizaminin yurdunda kitaba qarşı qurbanəlibəylik etməzlər. Nizaminin məqbərəsini ucaldıb kitabını yasaq edirsiz. Gəncənin 5 min illiyini qeyd edib, Gəncəni avropa gənclərinin paytaxtı elan eləyib sonra da gənclərin xahişi ilə Gəncəyə gələn kitabçıları barmağa dolamazlar. Bir əcnəbi gələndə qarşısında beşqat əyilirsiz, sizin qarşınıza Azərbaycan kitabı gəlib, ona arxa çevirirsiz. Onu görməzdən gəlirsiz. Məktubumuza başçı dərkənar qoyur, razılıq verir. Özünüz bizi dəvət edirsiz. “Gəlin bütün şərait yaranacaq” deyirsiz. Sonra müavin Sevda xanım Yadigar müəllimin, Yadigar müəllim Leyla xanımın üstünə atıb ötür-ötür oynayırsız. Özünüzü təmizə çıxarmaq üçün bir-birinizi söyürsüz, təhqir edirsiz. Guya siz mələksiz, günah sizdən kənarda olanlardadır. Günah sizin on beş masa ayırmağınıza mane olan şeytani qüvvələrdir. Daha özünüz bilərsiz, o Gəncə, o da siz. Daşı daş üstünə qoyub guya abidə ucaldırsız. İnsanların - gəncəlilərin qəlbində abidə ucaltmağı bacarın!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG