Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 01:09

Daha bir fəalın 30 sutka aldığı deyilir


AXCP

Göygöl rayonunda ictimai fəal Tacəddin Qaydalıyevi polisin saxladığı bildirilir.

AXCP sədrinin müavini Gözəl Bayramlının verdiyi məlumata görə, polisə müqavimətdə ittiham edilən fəala 30 sutka inzibati həbs cəzası verilib.

G.Bayramlı AzadlıqRadiosuna deyib ki, T.Qaydalıyev noyabrın 28-də saxlanıb. Sadəcə, yaxınları bu barədə həmin vaxt bilgi yaymayıblar: «T.Qaydalıyev «Nardaran işi» ilə bağlı məhkəmə proseslərində iştirak edirdi. Bir dəfə mənə dedi ki, məhkəmədən çıxanda bir neçə nəfər şəxs onu saxlayaraq orada iştirak etməsi haqda sorğu-suala tutublar».

G.Bayramlının deməsinə görə, bundan sonra T.Qaydalıyevin anası zəng edərək onu Göygöl polisinin axtardığını deyib.

AXCP sədrinin müavini bildirir ki, polisdən T.Qaydalıyevin özünə zəng olub: «Noyabrın 28-də Göygöl rayon Polis Şöbəsinə gedib və sonra polisə müqavimət adı ilə 30 sutka inzibati cəza alıb».

T.Qaydalıyevin saxlanması və üzləşdiyi ittihama, hələlik, Göyçay rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Hazırda hakim təqsirləndirilənləri prosesdən uzaqlaşdırıb. Bundan sonra təqsirləndirilən şəxslər də vəkillərdən imtina edib. Məhkəməyə gələn şahidlərə təzyiqlər edilməsi ilə bağlı vəsatətlərin araşdırılmaması müdafiə tərəfində məhkəmə heyətindən narazılıq yaradıb.

XS
SM
MD
LG