Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 19:15

Jim Jarmusch erkən ağarmış saçları, Iggy Pop və sevdiyi musiqilər haqda danışır


Amerikalı rejissor Jim Jarmusch.

Azbüdcəli müəllif kinosunun usta rejissorlarından biri Jim Jarmusch kinoya musiqi aləmindən gəlib və bütün filmlərində “ilk sevgisini” ən gözəl musiqilərlə xatırlayır. Onun filmlərinin saundtrekləri filmlərin özləri qədər sevilir. Ancaq Jarmusch bununla kifayətlənmir. Rejissor müxtəlif illərdə sırf musiqiyə və musiqiçilərə həsr olunmuş filmlər də çəkib. Elə bu yaxınlarda ekranlara çıxan “Gimme Danger” filmi də bu sıradandı – alternativ rockuk nümayəndəsi, pank-rokun “xaç atası” Iggy Popa və onun vokalisti olduğu “The Stooges” qrupuna həsr olunub. Aşağıda tədqim etdiyimiz müsahibədə rejissor, rus kinotənqidçisi Anton Dolinlə yeni filmi, musiqi, kino və həyat haqqında danışır.

- Tilda Swinton bir dəfə sizi kinematoqrafiyanın rock ulduzu adlandırmışdı.

- Tildanın dediyi heç bir sözə qarşı çıxmağa cəsarət eləmərəm. O mənim liderimdi, qorxmaz liderim. Elə istəyərdim ki, o, kainatın kraliçası olsun. Onu necə sevdiyimi təsəvvür eləyə bilməzsiniz! Odur ki, onun dediklərini qeydsiz-şərtsiz qəbul eləyirəm. Əks halda utanıb hər şeyi inkar eləməyə başlayacam.

- Hər halda tərziniz, məsələn, ağ saçlarınız rok ulduzu imicinə çox uyğun gəlir.

- Bütün həyatım boyu bunun əziyyətini çəkmişəm. Saçlarım yeniyetmə vaxtımdan ağarmağa başlayıb. Yaxşı yadımdadı, arxa partada oturan qızlar mənə gülürdülər. Gülə-gülə biri o birinə dedi ki, “yəqin o, yayda valideynlərinə evi boyamağa kömək eləyirmiş, boya o vaxtdan saçlarında qalıb”. Mən isə düşündüm ki, bu ədalətsizlikdi, axı, mənim heç bir təqsirim yoxdu! Sonra “Cənnətdəkindən daha qəribə” filmim ekranlara çıxdı. O vaxt mən yeniyetmələr kimi başdan-ayağa qara geyinirdim, Hamleti, Zorronu, ya da Roy Orbisonu (müğənni və ssenarist-red) təqlid eləyirdim. Tənqidçilərdən biri haqqımda “Çox iddialı axmaqdı – saçlarını ağ rəngə boyayır, qara geyinir və heç nə baş verməyən ağ-qara filmlər çəkir!” yazmışdı. O gündən zahiri görünüşüm haqqında başqalarının fikirlərinə güvənməməyi öyrəndim. Qoy, cəhənnəm olsunlar. Bu mənim yox, onların problemidi, buna görə fikir eləməyəcəm.

Buna da bax: 2017-ci ildə "Oscar"a ən şanslı filmlər

- Necə oldu ki, eyni vaxtda iki film - “Paterson” və “Gimme Danger”i çəkməyə başladınız? Əvvəldən belə planlaşdırmışdınız?

- Bu, tamamilə təsadüfdü. “Gimme Danger” filminin qəhrəmanı, rok müğənnisi İggy Pop mənə ilk dəfə səkkiz il əvvəl müraciət eləmişdi və demişdi ki, kimsə onun haqqında film çəkmək istəyir. Sonra da bu işi mənə təklif eləmişdi. O vaxt “doğrudan, mənə özün və qrupun (“The Stooges”) haqqında film çəkməyi təklif eləyirsən? Günü sabah başlaya bilərəm” deyə soruşmuşdum. İggy də “bu mənim arzumdu” demişdi. Biz dərhal işə başladıq. Prodüser tapana qədər işə öz pulumu qoydum, təxminən, 40 min dollar. Sonra bir gün mənzil kirayəsini ödəməyə pul tapmayanda ağlım başıma gəldi. Layihəni dayandırıb gözləməli olduq. “Ancaq sevgililər sağ qalacaq” filmini çəkdik, sonra «Gimme Danger»ə qayıtdıq. Eyni vaxtda “Paterson”un ideyası yarandı. Çəkilişlər vaxtı tapdığımız yeniyetmələrin İggy Popu gözəllik kralı hesab elədiklərini öyrəndik. Hər şey bir-biri ilə əlaqəlidi. Bu – sinxronluqdu, harmoniyadı.

Jim Jarmusch-un rock ulduz Iggy Pop haqda çəkdiyi sənədli film "Gimme Danger"

- Niyə, məhz, «Gimme Danger»?

- Bu, “Stooges” qrupunun ən sevdiyim mahnılarından biridi. Yəni mətn baxımından ən yaxşı. Ümumiyyətlə, bu qrupun çox güclü şeirləri var. “Gimme Danger” adı isə bu qrup haqqında danışmaq üçün uyğun başlıq təsiri bağışladı. Filmdə bir səhnə var – Eşton qardaşlarının kiçik bacısı qrupun dağıldığı anı təsvir eləyir: üzvlər müflis olublar, narkotikə oturublar, evə döyülmüş vəziyyətdə qayıdırlar, halbuki onların cəmi 24 yaşları var... Onların sağ qalmaları əsl xoşbəxtlik olub! Başlarına çox şey gələ bilərdi. Ümumiyyətlə, musiqi təhlükəli bir şeydi.

- Hesab olunur ki, filmdə aktyor əvəzinə, musiqiçi, ya da rok ulduzunu çəkmək risklidi. Amma, deyəsən, siz belə fikirləşmirsiniz və məhz, musiqiçilərə üstünlük verirsiniz.

Iggy Pop və Jim Jarmusch Kann festivalında "Gimme Danger" filminin təqdimatında.
Iggy Pop və Jim Jarmusch Kann festivalında "Gimme Danger" filminin təqdimatında.

- Ona görə ki, mən kinematoqrafiyaya musiqidən gəlmişəm. Mənim ünsiyyət çevrəm həmişə o insanlardan ibarət olub, çoxları mənim yaxın yoldaşlarım, həmfikirlərim, dostlarımdı. Hərçənd o vaxtlar, 1970-80-ci illərin sonlarında heç kim təkcə musiqi karyerası çərçivəsində ilişib qalmaq istəmirdi. Bizə elə gəlirdi ki, bu bəs deyil. Patti Smith musiqiçi və yazıçı idi, digərləri mənim kimi musiqi ilə kinonu uzlaşdırırdılar. Bəziləri həm musiqi ifa eləyir, həm də rəsm çəkirdilər. Hərdən kimin kim olduğunu ayırd eləmək mümkün deyildi:Bəlkə bircə “Cənnətdəkindən daha qəribə” filmində çəkilmiş Eszter Balintin özünü aktrisa hesab elədiyini bilirdim. Hərçənd onun teatrı müstəqil, demək olar ki, gizli fəaliyyət göstərirdi! O vaxtdan bu ənənəyə çevrilib.

- Siz canlı konsertlərə getməyə üstünlük verirsiniz, yoxsa musiqini lentdən dinləməyə? “At ili” filminiz başdan-ayağa konsert filmiydi, amma «Gimme Danger» bir az fərqli qurulub.

- İmkan olanda həmişə canlı musiqini və konsertləri seçirəm. Məkan musiqi ilə dolur və bu, təkrarolunmaz, özünəməxsus bir anın effektini yaradır. Bu duyğu bütün havanı bürüyür, publikanı musiqiçilərlə birləşdirir. Sirli və sehrli duyğudu. Bununla belə mən musiqini həddindən çox sevirəm, daima lent yazılarını dinləməkdən də imtina eləyə bilmərəm. Onsuz da yarandıqları anı geri qaytarmağa gücüm çatmaz. Üstəlik hər musiqiçi studiyada öz əsərinin ideal variantını yaratmağa çalışır – mənə də onun ideal hesab elədiyini dinləmək və dəyərləndirmək maraqlıdı. Hərçənd konsertdə səslənən musiqidə daha çox magiya var.

- İggy Popu tez-tez pankın carçısı adlandırırlar. Bəs sizin panka münasibətiniz necədi? Özünüzü pank hesab eləyirsiniz?

Məşhur Amerika rock ifaçısı Iggy Pop, o Jim Jarmuschun bir neçə filmində oynayıb.
Məşhur Amerika rock ifaçısı Iggy Pop, o Jim Jarmuschun bir neçə filmində oynayıb.

-“Pank” damğasından xoşum gəlmir. Amma 20 yaşlarımda Manhettendəki CBGB klubunda çox vaxt keçirirdim və orda həmin dövrün ab-havası çox aydın hiss olunurdu. Onda “Television” qrupuna əbədilik aşiq olmuşdum, onların konsertləri yaddaşımda ən yaxşı konsertlər kimi qalıb. Bu səhnə məni fəth elədi: hamı ideyalarını bölüşürdü, heç kim təkcə musiqi, ya da təkcə kino haqqında fikirləşmirdi. Yeri gəlmişkən, bu yaxınlarda fotoqraf

David Godlisin kitabı çıxıb. Orda CBGB-nin həmin illəri əks olunub – 70-ci illərin sonları 80-ci illərin əvvəlləri. Hətta mən o ağ-qara şəkillər haqqında yazmışam. Mənə çox təsir eləmişdilər. Həyatımın ən vacib dövrüdü.

Buna da bax: BBC-nin 100 ən yaxşı film siyahısında iki rus, bir türk filmi də var

- Əksər sənətkarlar – təkcə musiqidə yox – müstəqil yaradıcılıqdan başlayırlar, ancaq, tədricən, industriyanın bir parçasına çevrilirlər. Siz isə ömrünüz boyu bu dəyişiklikdən qorunmağı bacarmısınız.

- Mən bunu necə analiz eləyə, ya da nə şərh verə bilərəm ki? Mən sadəcə doğru bildiyim işlə məşğul oluram və belə imkanım olduğuna görə özümü xoşbəxt hiss eləyirəm. Yəqin, bu –inadkarlığımdan irəli gəlir. Heç vaxt istəməmişəm ki, pullu oğlanlar mənə onların pulu ilə nə eləməli olduğumu desinlər. Ya da kimsə mənə kinonu necə çəkməli olduğumu öyrətsin. Bu məni qətiyyən maraqlandırmır. Vaxtilə mənə həddindən artıq əcaib kommersiya layihələri təklif eləmişdilər, mən də oturub fikirləşirdim, çəkim, ya yox. Sonra qəflətən başa düşdüm ki, onlar mənim heç bir filmimə baxmayıblar, sadəcə haqqımda “Variety”də çıxmış tərifli məqaləni oxuyublar.

- Yəni siz bundan sonra da azbüdcəli filmlər çəkməyə davam eləyəcəksiniz?

- Bu, çox ağırdı. Alqoritm pozulub, az büdcə ilə film çəkmək ildən-ilə çətinləşir. Həmkarlar ittifaqlarının ucbatından, bir sıra başqa səbəblərdən film çəkmək get-gedə lap bahalı olur, sərf olunan pulu prokatdan qaytarmaq isə - lap çətin. Məncə, Avropada “Paterson” filmini indiki büdcənin üçdə birinə çəkə bilərdim. Ancaq “Paterson” şəhəri Nyu-Cersidə yerləşir, başqa çarəm yox idi. Şəhəri Hamburqa köçürə bilməzdim, axı. Yeri gəlmişkən, “Ancaq sevgililər sağ qalacaq” filminin böyük hissəsini Hamburqda çəkmişəm, amma həmişə belə eləmək mümkün deyil. Üstəlik prodüserlər də təzyiq eləyirdilər, tələsdirirdilər, filmi planlaşdırdığımız kimi 30 günə yox, 28 günə bitirməyimi tələb eləyirdilər, amma mən onları rədd elədim. Onsuz da pulun çox hissəsini özüm tapmışdım. Hərçənd əvvəllər bu iş daha asan idi. “Qanundankənar” filmi milyon dollara başa gəlmişdi. Hələ çəkiliş bitməmiş filmin hüquqlarını Fransa, Almaniya və Yaponiyaya satmışdım. Filmi çəkdim, göstərdim və ABŞ-dan tutmuş İtaliyaya qədər başqa ölkələrin distribyutorlarına satdım. Və istehsalata pul qoyanlar tezliklə sərmayələrini geri götürməyə başladılar. Bütün gəliri sərmayəçilərlə bərabər böldük- əlli əlliyə! Amma “Paterson”, deyəsən, milyard dollar gəlir gətirməlidi ki, mənə ordan nəsə çatsın.

- Siz musiqidən kinoya keçmişdiniz. İndi isə geri qayıtmısınız, mahnılar yazırsınız, konsert verirsiniz. Neil Youngu, Tom Waitsi filmlərinizin musiqilərinə həmmüəllif kimi dəvət elədiyiniz vaxtların həsrətini çəkmirsiniz ki?

Jim Jarmusch və Jozef van Wissem birgə konsertdən sonra.
Jim Jarmusch və Jozef van Wissem birgə konsertdən sonra.

- Bilmirəm. Filmdən filmə dəyişir. Mən lap başdan bilirdim ki, “Paterson” filminin saundtreki üçün elektron musiqi istəyirəm. Belə musiqidən əvvəllər istifadə eləməmişəm. Ona görə də uzun müddət uyğun bir şey axtardım. Müasir və köhnə elektron musiqiləri araşdırdım. Onlardan saundtrek toplamağa çalışdım, aralarında çox sevdiyim müəlliflər də vardı. Ancaq neyləyim, heç biri uyğun gəlmədi. Ya çox qaramat, ya çox şirin, ya da çox abstrakt idilər. Sonra fərqli insanlarla məsləhətləşdim. Hamısı bir ağızdan “sən və “SQÜRL” qrupundan Carter Logan – ikiniz də musiqiçisiniz, ikinizin də sintezatoru var, sizə nə mane olur?”,- dedilər. Beləcə, saundtreki birlikdə yazdıq. Özümüz. Musiqi yuxu kimi səslənir, poeziya səsləri ilə eyni vaxtda. Mən belə planlamamışdım, amma şərtlər məcbur elədi. Digər tərəfdən sintezatoru boş yerə almamışdıq ki!

- Bir meloman kimi sizin sevimli, təkrar-təkrar dinlədiyiniz saundtrek varmı? Başqa filmə aid.

- Seçmək çətindi. Çoxlu klassik saundtreklər var. Son vaxtlar “Yasaq planet” filminin saundtrekinə aludə olmuşdum. Bu, Luis və Bibi Berronların birlikdə sintez elədikləri elektron səslərdi. Titrlərdə müəlliflərin adları yazılmayıb heç. Hərçənd bu- musiqidən çox səs effektləridi.

Buna da bax: Hollywoodun susqun simalı aktyoru: Bill Murray

- Bilmək olar, son günlər nələrə qulaq asırsınız? Pleyerinizdə hansı musiqilər var?

-Mənim siyahım daima dəyişir. Çox şey dinləyirəm. Fri-cazzın əfsanəsi Anthony Braxtonun oğlu Tyondai Braxtonu çox dinləyirəm. İnanılmaz dərəcədə istedadlı və təbiidi. Bilmirəm, onun musiqisini hansı sözlərlə təsvir eləyim:heç bir kateqoriyaya aid eləmək mümkün deyil. Təzə kantriyə, xüsusilə də, Sturgill Simpsona çox qulaq asıram. Amma, məsələn, “Dead Skeletons” adlı İrland qrupunu da dinləyirəm. Saysız klassik ərəb və hind musiqisi var siyahımda. XVI-XVII əsrə aid ingilis musiqisi. “Run the Jewels”lə Kendrick Lamarın hip-hop dueti. Çox şey var. Siyahı daima yenilənir.

- Hip-hop sizi hansı cəhəti ilə cəlb eləyir? Filmlərinizdə ondan tez-tez istifadə eləyirsiniz.

- Hip-hop blyuz, soul, frank, hətta reqqinin dünyaya verdiklıərinin gözəl və genişləndirilmiş formasıdı. Hip-hopun yaradıcılarından biri – Cool Jerk yamaykalı idi. Amma mənim üçün ən əsas şeirlərdi: hərdən onlar həddindən artıq mürəkkəb və möhtəşəm olur. Uzun illərdi, “Rolling Stone” jurnalının rok tənqidçisi ilə bu barədə mübahisə eləyirəm. O deyir ki, “Cim, sən Ohayoda doğulmuş ağ oğlansan, bu narkodiler estetikası ilə nə əlaqən var axı? Cavabında “bax, sən, blyuz dinləyirsən – bəs axırıncı dəfə nə vaxt eşşəyini çubuqla döyə-döyə sulamağa aparmısan?” deyirəm. Başa düşürsünüz, mən ən müxtəlif musiqiləri sevirəm, hip-hop isə inanılmaz zəngin və rəngarəng mədəniyyətdi. Təbii ki, hər şeydən xoşum gəlmir. Pul, uğur hərisliyi mənlik deyil.

- Bəs müasir reperlərdən kimləri özünüzə yaxın hesab eləyirsiniz?

Jim Jarmusch Kann festivalında "Paterson" filminin aktyorları ilə.
Jim Jarmusch Kann festivalında "Paterson" filminin aktyorları ilə.

- Mən qərb sahillərində ifa olunan hip-hopu xışlayıram. Məsələn, Erl Svetshotu. Onların bəziləri hələ çox kommersiyalaşmayıblar. Bayaq adını çəkdiyim Kendrick Lamar isə -dahidi.

- Həyatınızın hər anında musiqi var, ancaq filmlərinizdə pauzalar daha vacib rol oynayır.

- Yəqin, haqlısınız. Nə bilim. Yaxşı şeirlərdə misralar qədər sətirlərin arasındakı probellər də vacibdi. Miles Devis bu və ya digər kompozisiyanın arasında qəflətən susanda bu, onun istənilən musiqili cümləsi qədər təsirli səslənir.

Buna da bax: Maşında çəkilmiş filmlər: Yer üzündə bir gecə

- Nə vaxtsa səssiz film çəkmək haqqında fikirləşmisiniz?

- Belə planım olmayıb. Əgər nə vaxtsa belə arzum yaransa, özümü sınayacam.

- Bununla belə daima sözlərinizdə köhnə filmlərə və musiqiyə qarşı həsrət hiss olunur. Böyümək prosesini necə keçirirsiniz?

- Konket cavabım yoxdu. Bu yaxınlarda Nyu-Yorkda taksi ilə hava limanına gedirdim. Dəhşətli tıxac vardı, odur ki, yolumuzu uzadıb Bruklin və Kvinsdən keçməli olduq. Şənbə günü günorta idi, əla hava vardı. Mən maşının pəncərəsindən baxırdım və fikirləşirdim ki,hava limanına gecikməyimin eybi yoxdu, narahat olmağa dəyməz. Bayırda uşaqlar top oynayırdılar, kimsə evinin qapısını təmir eləyirdi, kimsə alış-verişə gedirdi və bərkdən gülürdü. Mən gedə-gedə fikirləşirdim ki, hərdən dünya mükəmməl olur. Deyəsən, bir neçə il əvvəl bunu hiss eləmək çətin idi mənə. Hərçənd indi də dünyada baş verən bir çox şey xoşuma gəlmir. Planetimizdə insana çox az vaxt verilib, əksər faciələrin səbəbi budu. Odur ki, həyatın xırda detallarına görə minnətdar olmağı öyrənmək lazımdı.Bax, burda oturub filmlərdən danışırıq – mənasız bir şeydi. Ancaq hərdən adama elə gəlir ki, bundan vacib heç nə yoxdu. Kimsə çıxıb “Uşaqlar, rahat olun. Bu, sadəcə kinodu” deyənə qədər...

XS
SM
MD
LG